"Təbiət düşünür, düşündürür"

Sumqayıt Şəhər Təhsil Şöbəsi, gənclər və idman baş idarəsi, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi tərəfindən uşaq və yeniyetmələr üçün hazırlanaraq çap edilmiş yeni toplu belə adlanır. Tədris vəsaiti kimi qəbul edilə biləcək kitabın ayrı-ayrı fəsillərində meşələrimiz, dəniz, çay, göl və bulaqlarımız, çeşidli çiçək və dərman bitkiləri, quş və heyvanlar haqqında gözəl poetik nümunələr toplanıb.
Ölkəmizdə "Ekologiya ili" elan olunmuş 2010-cu ildə məktəblilərə hədiyyə edilən toplunun titul səhifəsində ulu öndər Heydər Əliyevin təbiətə verdiyi yüksək qiymət əksini tapıb: "Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir". Bu müdrik fikrin düşündürücü təsiri mütaliə boyu oxucunu tərk etmir. İnsanın təbiətə məhəbbət borcu kitabın bütün səhifələrindən qırmızı xətt kimi keçir.
Toplunun ideya müəllifi və redaktoru şair Sabir Sarvandır. Əsərin araya-ərsəyə gəlməsində ibtidai sinif müəllimi İlhamə Axundzadə, şairə Gülnarə Cəmaləddin, uşaq və yeniyetmələr mərkəzinin əməkdaşı İradə Axundzadə, habelə rəssamlar Murad Kərimov və Nailə Məstiyevanın zəhmətləri də qeyd edilməlidir. Kitabın əsas məziyyətlərindən biri pedaqoji yönümlü olmasındadır. Buradakı hər fəslin sonunda mövzuya aid sual və tapşırıqlar yer alıb.
Zövqlə hazırlanmış, maraqlı rəsmlərlə bəzədilmiş, dahilərin qanadlı deyimləri və Azərbaycan atalar sözləri ilə müşayiət olunan kitabın səhifələrində Aşıq Ələsgər, Səməd Vurğun, Əhməd Cavad, Mirmehdi Seyidzadə, İslam Səfərli, Rəsul Rza, Mirvarid Dilbazi, Xanımana Əlibəyli, Mədinə Gülgün, Məmməd Rahim, Qasım Qasımzadə, Əli Kərim, Xəlil Rza, Nəbi Xəzri, Hüseyn Arif, Tofiq Mütəllibov, Məmməd Aslan, İlyas Tapdıq, Zəlimxan Yaqub, Vaqif Nəsib, Rəfiq Zəka, Rafiq Yusifoğlu, Tofiq Məmməd, Mir Sabir, Məmməd Namaz kimi müəlliflərin təbiətlə bağlı şeirləri yer alıb.
Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi...
- misralarından ibarət özünəməxsus epiqrafın işıq tutduğu bütün səhifələr uşaqlara həm ana təbiət haqqında özəl bilgilər vermək, həm də onların poetik zövqünü formalaşdırmaq baxımından dəyərlidir. Məsələn, "Meşələr, ağaclar" fəslini oxuyub buradakı şeirləri öyrənən uşaq sonda verilən "Niyə meşələrə yer üzünün "ağ ciyəri" deyilir?", "Nə üçün insanlar həmişə ağac əkirlər?", "Quşlar təbiətə nə kimi xeyir verir?", "Nə etməliyik ki, sular çirklənməsin?" -kimi suallara məntiqi cavab verməkdə çətinlik çəkməyəcək, üstəlik fikirlərini obrazlı şəkildə ifadə edə biləcək.
Yunan filosofu Demokritin təbiətə aid gözəl bir fikri var: "İnsan toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdidir". Buna görə təbiətin dərindən öyrənilməsi, hər kəsdə ona doğma münasibətin yaranması son dərəcə vacibdir. Haqqında söhbət açdığımız "Təbiət düşünür, düşündürür" toplusu da məhz bu amala xidmət edir.

{nl}


Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında