Bakı Ali Neft Məktəbində elmi-texniki konfrans

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tələbələrin beşinci elmi-texniki konfransı öz işinə başlayıb. Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq, onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır.

BANM-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, konfransın açılış mərasimində bu ali təhsil müəssisəsinin rəhbərliyi və müəllimləri, SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin BANM-in  foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransın plenar iclasında BANM-in rektoru Elmar Qasımov tələbələrin beşinci elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilməsinin bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. Rektor dövlətimizin elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu deyib.

Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran rektor rəhbərlik etdiyi ali məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Bildirib ki, mayın 1-də Prezident İlham Əliyevin iştirakı ilə BANM-in yeni tikilmiş kampusunun açılışı keçirilib. Rektor xatırladıb ki, BANM Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. Bu ali məktəbin yaradılmasının əsas məqsədi ingilisdilli, müasir biliklərə yiyələnən, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

SOCAR-ın elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, gənclərimizin elm və təhsilə cəlb olunmaları dövlətin təhsil siyasətinin əsas istiqamətlərindəndir.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov qeyd edib ki, BANM iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər hazırlayır və məhz bu gənclər gələcəkdə ən nüfuzlu transmilli şirkətlərdə çalışacaqlar. İdarə rəisi BANM-in təşəbbüsü ilə keçirilən elmi-praktik konfransın gənclərin yeni biliklər əldə etmələrində, uğurlar qazanmalarında müsbət təsirini göstərəcəyinə əminliyini bildirib.

Şirkət rəhbərləri və nümayəndələr tədbirə dəvət olunduqları üçün təşəkkürlərini bildiriblər. Onlar konfrans haqqında müsbət fikirlər səsləndirib, BANM ilə milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Konfransın plenar iclasında tələbələrin “Adaptiv süzgəclərin idarəetmənin keyfiyyətinin artırılması üçün tətbiqi”, “CO2 tətbiqi üçün həllolma istiqamətində aparılan təzyiqin azaldılması”, “Hava Günəş panelləri” və “Ağacşəkilli Günəş panellərinin tətbiqi və istifadəsi” mövzularında seçilmiş məruzələri dinlənilib.

Ümumilikdə, konfransda 53 məruzə dinləniləcək. Növbəti günlərdə konfrans işini bölmələr üzrə iclaslarla davam etdirəcək.

BANM-in 55 tələbəsinin iştirak etdiyi konfransın yekun iclasında qaliblərə ali məktəb tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton və Confidence Capital şirkətlərinin hədiyyələri təqdim olunacaq.

Tələbələrin elmi-texniki konfransı
mayın 4-də başa çatacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında