Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi ili”nə həsr edilən “Bir Günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül düzüblər.
Tədbirdə Azərbaycanın bütün bölgələrindən – Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şirvan, Şamaxı, İsmayıllı, Zaqatala, Xocavənd, Ağdaş, Abşeron, Cəbrayıl, Qəbələ, Oğuz, Şəmkir və Astaradan məktəblilər iştirak edirlər. Konfransa, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Misir, Ukrayna və Türkmənistandan da məktəblilər qatılıblar.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənc nəslin inkişafındakı xidmətlərindən danışıb, ulu öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb. Azərbaycanın multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdıran icraçı direktor dövlətimizin başçısının 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinin də təsadüfi olmadığını vurğulayıb.
Qeyd edilib ki, Bilik Fondu bu istiqamətdə ölkə daxilində və xaricdə silsilə maarifləndirici tədbirlər həyata keçirir. İkinci beynəlxalq şagird konfransı da bu silsilədəndir. Tədbir barədə məlumat verən O.Səmədov bildirib ki, birinci beynəlxalq konfransından fərqli olaraq builki tədbirdə şagirdlərin məruzələri toplu şəklində çap edilərək onlara paylanılıb. Konfransa ölkəmizin 17 bölgəsindən 70-dək məktəbli, ümumilikdə isə 81 iştirakçı qatılıb. Tədbirə Azərbaycan dilində 52, ingilis dilində 10, rus dilində 16, türk dilində bir məqalə təqdim olunub.
Dövlət tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğısından, bu sahədə aparılan islahatlardan, gənclərin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən söz açan O.Səmədov Bilik Fondunun Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə silsilə tədbirlər həyata keçirdiyini deyib. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan O.Səmədov fond tərəfindən hazırda beş proqram üzrə 21 layihənin həyata keçirildiyini söyləyib. Diqqətə çatdırılıb ki, fondun regionlarımızda altı Bilik evi fəaliyyət göstərir.
Məktəblilərin elmə həvəslərinin artırılması baxımdan konfransın əhəmiyyətini qeyd edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə vurğulayıb ki, tədbir şagirdlərin alimlərlə birbaşa ünsiyyətdə olmalarına şərait yaradır. Buna görə də bu cür konfransların ənənə halını alması çox vacibdir.
İ.Məmmədzadə diqqətə çatdırıb ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini “Multikulturalizm ili”nin məntiqi davamı hesab etmək olar. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin ölkəmizdə sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadıqlarını deyən alim respublikamızda etnik zəmində hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayıb.
Tədbirdə iştirakından məmnunluğunu bildirən Rumıniyanın Yassı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Lyudmila Bejenaru bildirib ki, konfransda bir sıra beynəlxalq müsabiqələrin qalibi olan şagirdlər iştirak edirlər. O, konfransın müxtəlif ölkələrin istedadlı şagirdlərinin bir araya gəlmələri, dünyagörüşlərinin artırılması baxımından böyük əhəmiyyət daşıdığını deyib. Qeyd olunub ki, son zamanlar Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə ki, “Eurovision-2012” mahnı müsabiqəsinin, “Bakı-2015” ilk Avropa Oyunlarının, “Formula-1” yarışlarının Azərbaycanda təşkili bu ölkəni dünyada multikultural məkan kimi tanıdır. Azərbaycanda multikulturalizm siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirilməsi onun dünyada multikultural ölkə kimi tanınmasına xidmət edir.
Sonra Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdən olan məktəblilər çıxış edərək bu cür konfransların onların həyatında mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Konfrans çərçivəsində Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Xətai rayonu Heydər Əliyev adına lisey, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey, Zaqatala rayonu akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəb, Ankara şəhəri Heydər Əliyev ilk okulu, Tbilisi şəhər 64 nömrəli orta məktəb arasında “Qardaşlaşma sazişi” imzalanıb. Məktəblilər başqa ölkələrdə yaşamalarından, dillərinin müxtəlifliyindən asılı olmayaraq, dostluqlarının möhkəm və sarsılmaz qalacağına əminliklərini bildiriblər.
Konfrans işini beş bölmədə davam etdirib. Bölmə iclaslarında məktəblilərin məruzələri dinlənilib, müzakirələr aparılıb. Şagirdlərə Bilik Fondunun sertifikatları, hədiyyələr və konfrans materiallarının dərc olunduğu toplu təqdim edilib.
Tədbir Dövlət Uşaq Filarmoniyasının hazırladığı konsert proqramı ilə davam etdirilib. Məktəblilər yaşıdlarının ifasında müxtəlif xalqların rəqslərini izləyib və musiqilərini dinləyiblər.
Konfrans mayın 3-də başa çatıb.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.