2016-2017-ci dərs ili ölkəmizdə pedaqoji təhsilin flaqmanı sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 95 illik tarixində əlamətdar bir dövrdür. 2015-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildikdən və Azərbaycan Dövlət Pedaqoji Kolleci universitetin tərkibinə verildikdən sonra bu ali məktəbin həyatında zamanın tələblərinə uyğun yeniləşmə işlərinin aparılması zərurəti aydın duyulurdu. 2016-cı ilin iyununda Prezidentin sərəncamı ilə tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun rektor təyin edilməsi yeniləşmə prosesinə təkan verdi, universitetin həyatında bir canlanma yaratdı. Kollektivlə ilk görüşündəcə yeni rektor dövlət başçısının tapşırığına uyğun olaraq, qaşıya qoyulan əsas məqsədin universitetin elmi-pedoqoji potensialından daha səmərəli istifadə etməklə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, yüksək ixtisaslı pedoqoji kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsinə qaldırılması, ADPU-nun nümunəvi universitetə çevrilməsi olduğunu bildirdi. Universitet Elmi Şurasının iyulun 11-də keçirilmiş iclasında ADPU-nun idarə olunmasının təkmilləşdirilməsi haqqında məsələ geniş müzakirə olundu və islahat işlərinə start vermək üçün müvafiq qərarlar qəbul edildi.
2016-cı ilin sentyabrında, yeni dərs ilinin elə ilk günündən professor C.Cəfərovun ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün ardıcıl və qətiyyətli addımlar atacağı dərhal göründü. İyirmi minə yaxın tələbənin təhsil aldığı bu ali məktəbin iş mexanizmini, tədris prosesinin real vəziyyətini öyrənmək, təhlil etmək və yalnız bundan sonra islahat proqramı hazırlamaq vəzifəsi qarşıya qoyuldu. Universitetdə aparılacaq islahat işlərinin əsas istiqamətləri belə müəyyənləşdiril-di: 1) Təhsilin təşkili və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi; 2) Elmi işlərin təkmilləşdirilməsi və inkişafı istiqamətində lazımi tədbirlər görülməsi; 3) İnsan resurslarının inkişafı, kadr və struktur islahatlarının həyata keçirilməsi; 4) Maddi-texniki bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı.
İslahat proqramından aydın olur ki, Pedaqoji Universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, günün tələblərinə uyğun yüksək peşəkar səviyyəli mütəxəssislərin hazırlanması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Nəzərdə tutulan islahat işlərinin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, idarəçiliyi təkmilləşdirmək üşün universitetdə təxirəsalınmaz struktur dəyişiklikləri həyata keçirildi. Çağdaş idarəçilik prinsiplərinin tələblərinə uyğun olaraq, keçmiş kadrlar şöbəsinin əvəzinə funksiya və səlahiyyətləri xeyli genişləndirilmiş insan resursları şöbəsi, tədris hissəsinin əvəzinə isə tədrisin idarə olunması və təhsil texnologiyaları mərkəzi yaradıldı.
İslahata hazırlıq işlərinin gedişində aydın oldu ki, universitetdə ştat cədvəlinin həddindən ardıq şişirdilməsi və kadrların düzgün yerləşdirilməməsi hallarına yol verilmişdir ki, bu da işlərin çevik və operativ şəkildə aparılmasına mane olur. İslahat başlanmazdan öncə universitetdə 11 fakültə, 45 kafedra vardı ki, indi onların sayı bir-birini təkrarlayan strukturların birləşdirilməsi yolu ilə, müvafiq olaraq, 8 fakültə və 39 kafedraya endirilmişdir. Müəllimlər İnstitutu ADPU-ya birləşdirilməzdən əvvəl universitetdə 1602 ştat vardısa, indi, birləşmədən sonra cəmi 1642 ştat var. Universitetin “Daxili fəaliyyət qaydalarına” əsasən tədrisin və idarəetmənin keyfiyyətini yüksəltmək məqsədilə texniki-yardımçı heyət işçiləri arasında da ştatların optimallaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Məsələn, kitabxanaçıların sayı 67 nəfərdən 33 nəfərə, laborantların sayı 286 nəfərdən 141 nəfərə endirilmişdir. Bundan başqa, aparılan yoxlamalar nəticəsində bir sıra əməkdaşların ixtisas və elmi dərəcə diplomlarının tutduqları vəzifəyə uyğun olmadığı aşkar edilmişdir.
Görülən bütün işlərin uğurunun birinci növbədə insan amili ilə bağlı olması qənaətindən çıxış edən Cəfər müəllim ilk olaraq kollektivin işə can yanğısını yüksəltmək, doğma universitetin taleyi üçün hamını səfərbər etmək yolunu seçdi. Ali məktəb şəraitində isə bu, hər şeydən əvvəl, müəllimlərin daha yaxşı işləməyə, tələbələrin daha yaxşı oxumağa marağının stimullaşdırılması deməkdir. Yeni rəhbərliyin qərarı ilə semestr imtahanlarının test üsulu ilə aparılması qaydası ləğv edilərək yazılı imtahanla əvəz olunmuşdur. Təbii ki, qəbul imtahanları üçün test üsulu səmərəli bir yoldur. Ancaq semestr imtahanlarının bu üsulla aparılması tələbələrin şifahi və yazılı nitq vərdişlərini itirmələri, proqram materialını oxuyub öyrənmək əvəzinə, testlərin cavablarını mexaniki əzbərləmək kimi faydasız, əksinə, ziyanlı bir üsula əl atmaları ilə nəticələnirdi. Bundan başqa, imtahan nəticələrinin tələbələrin real biliyini əks etdirməməsi, xüsusən humanitar ixtisaslar üzrə mütəxəssis hazırlığının səviyyəsinə də mənfi təsir göstərirdi. İmtahanların yazılı üsulla aparıldığı ötən qış imtahan sessiyası zamanı əldə edilən nəticələr və aparılan müşahidələr deməyə əsas verir ki, yalnız informativ bilik yox, həm də məntiqi düşüncə və fikrin ifadəsi üçün zəruri vərdişlər tələb edən yazılı imtahan tələbələri yenidən kitabla ünsiyyətə qaytarmışdır. Bu isə həm də müəllim nüfuzunun qaytarılması deməkdir.
Tədrisin keyfiyyətinin yaxşılaşdırılması və müasir standartlara uyğun qurulması üçün univesitetin Elmi Şurasında əmək müqaviləsinin müddəti başa çatmış və işə qəbul edilən müəllimlərin seçilməsinin yeni qaydalarla həyata keçirilməsi qərara alındı. Yeni qaydaların tətbiq olunmasının əsas məqsədi professor-müəllim heyətinin tədris və elmi fəaliyyətini gücləndirmək, şəffaf və ədalətli rəqabət mühiti yaratmaqdır. Əslində müəllimlərin işə qəbulu bu vaxta qədər də guya seçki yolu ilə aparılırdı, lakin heç kəsə sirr deyil ki, bu proses sırf formal xarakter daşıyır, real olaraq heç bir seçim aktı baş vermirdi. İndi isə ADPU rəhbərliyi ölkəmizin ali məktəbləri içərisində ilk dəfə olaraq real müsabiqə əsasında həqiqi, alternativli seçki keçirmək qərarına gəlmişdir. Bu seçki prinsipi müəllimlərə öz real imkanlarını, bilik və bacarığını, peşəkarlıq səviyyəsini əyani şəkildə nümayiş etdirmək imkanı verir. Müsabiqənin keçirilməsi barədə elan aprelin 4-də “Xalq qəzeti” və “Azərbaycan müəllimi” qəzetlərində dərc edilmiş, ADPU-nun saytında yerləşdirilmişdir. Universitetdə boş olan professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulması üçün tədris olunan fənlər üzrə 114 ştat müsabiqəyə çıxarılıb. Müsabiqənin birinci mərhələsi – sənəd qəbulu prosesi artıq başa çatmışdır. 114 vakant yerə 500 iddiaçı sənəd təqdim etmişdir. Bunlardan 350 nəfəri Pedaqoji Universiteti təmsil edir, 150 nəfər isə kənar iddiaçılardır. Sənəd verənlərdən 230 nəfərin elmi dərəcəsi var. Müsabiqənin nəticələri iddiaçıların elmi dərəcə və titullarına görə yox, real müəllimlik keyfiyyətləri əsasında müəyyən ediləcəkdir.
Hazırda müsabiqənin ən məsul mərhələsi həyata keçirilməkdədir. İddiaçılar tədris proqramına uyğun sınaq dərsləri keçir, bu dərslərin videoçəkilişləri aparılır. Bunun əsasında fakültələrin elmi-metodiki şuralarının 33 bənd üzrə qiymətləndirmə aparması, sonra bu nəticələrin müvafiq kafedralarda müzakirə olunaraq, gizli səsvermə vasitəsilə münasibət bildirilməsi nəzərdə tutulur. Daha sonra fakültə elmi şurası bu barədə qərar verəcək və nəhayət, universitet Elmi Şurası son sözü deyəcək. Universitetin müsabiqədən keçməyən müəllimləri işdən kənarlaşdırılmayacaq. Onlara bir illik müqavilə əsasında əmək fəaliyyətlərini davam etdirmək, növbəti ildə yenidən müsabiqədə iştirak etmək şansı veriləcək. Bu da onlara öz üzərində çalışmaq, elmi və pedaqoji ustalıqlarını təkmilləşdirmək üçün güclü stimul verəcəkdir. Aparılan kadr islahatının əsas məqsədi universitetin kadr potensialının təkmilləşdirilməsi, onların elmi-pedaqoji imkanlarından daha səmərəli istifadə edilməsidir.
Universitetdə islahat və yeniləşmə işlərini bundan sonra da uğurla davam etdirmək və tədris prosesini modernləşdirmək üçün İKT vasitələrindən səmərəli istifadə etmək və yeni texnologiyaların tətbiqini genişləndirmək nəzərdə tutulur. Bununla əlaqədar elektron universitet layihəsinin tətbiqinə hazırlıq işləri görülür.
Sonda vurğulamaq istərdik ki, respublika Prezidentinin tövsiyələrinə uyğun olaraq, ADPU-da aparılan islahat işləri təkcə bu universitetin yox, ümumən ölkəmizin ali təhsil sisteminin təkmilləşdirilməsi üçün faydalı ola biləcək bir çox yeni və mütərəqqi ideyaların həyata keçirilməsinə yol aça bilər. Buna görə də respublikamızın təhsil ictimaiyyətinin, ictimai rəyin formalaşmasına təsir göstərə bilən qurumların, o cümlədən kütləvi informasiya vasitələrinin həmin islahat proqramına və onun müəlliflərinə əllərindən gələn köməyi əsirgəməmələri lazımdır.
İlham ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.