“Sağlam təhsil – sağlam millət”: görülən işlər, nailiyyətlər, perspektivlər”

Aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki, konfransın əsas məqsədi “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması, təhsil nailiyyətlərinin yüksəldilməsinə dair 4 il ərzində görülmüş işlərin və nəticələrin təhlil olunması, qarşıda duran vəzifələrin müzakirə edilməsindən ibarət olub.

Tədbirdə ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib.

Təhsil nazirinin müşaviri Həsən Həsənli “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlərin həyata keçirildiyini vurğulayıb. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir.

Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü V.Kuçma məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, həmçinin sağlam həyat tərzinin şagirdlərə aşılanmasının vacibliyini vurğulayıb.

Digər çıxış edən qonaqlar layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən “Sağlam təhsil-sağlam millət” layihəsinin pilot olaraq tətbiqinə 2014-cü ildə Milli Təhsil Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində başlanılıb.

Hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.Tədbirin təşəbbüskarı Təhsil Nazirliyi, əsas təşkilatçıları isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetidir.

Tədbirdə Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri, layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti, Milli Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşları iştirak ediblər.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında