Təhsil quruculuğu salnaməsində ən uğurlu il

{nl}

2010-cu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimizin möhkəmlənməsinə, tərəqqiyə və hərtərəfli inkişafa yönəlmiş Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Yola salmaqda olduğumuz il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında siyasi, sosial, iqtisadi sahələrdə islahatlar böyük uğurla davam etdirilmiş, ölkəmizin regionda və dünya arenasındakı mövqeyi qorunub saxlanılmışdır.
2010-cu il, şübhəsiz, ölkəmizin təhsil quruculuğu salnaməsinə ən uğurlu illərdən biri kimi düşəcək. Bu il ərzində təhsil sistemimizdə aparılan islahatlar daha da sürətlənmiş və dərinləşmiş, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində Təhsil Nazirliyində 40-a yaxın normativ sənəd hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. "Təhsil haqqında" Qanun ilk növbədə, Azərbaycan təhsilinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və dünya təhsil məkanına inteqrasiya prosesinin daha da sürətlənməsinə zəmin yaratmışdır.
Məktəb infrastrukturunun inkişafı sahəsində tədbirlər ardıcıl olaraq davam etdirilmiş, ilin əvvəlindən bəri 18852 yerlik 59 yeni məktəb binası və əlavə korpus inşa edilmiş, 8 məktəbdə əsaslı təmir, 356 məktəbdə təmir işləri aparılmışdır, 6980 yerlik 25 yeni məktəb binasının tikintisinə başlanmışdır. Beləliklə, son illərdə yeni tikilmiş və əsaslı təmir olunmuş məktəblərin sayı 2 mini ötmüşdür. 266 məktəb müasir avadanlıqlarla, 115 məktəb kimya və fizika laboratoriyaları ilə təchiz olunmuşdur.
Ölkə Prezidentinin tapşırığına əsasən ölkənin bütün məktəblərinin maddi-texniki bazasının müasir standartlar səviyyəsinə çatdırılması ilə əlaqədar proqram hazırlanmışdır. Proqram çərçivəsində 551 yeni məktəb binasının, 309 məktəb üçün əlavə korpusun inşası, 859 məktəbdə əsaslı təmir və bərpa işlərinin aparılması ölkədə ümumi təhsil müəssisələrinin maddi-texniki bazası sahəsində problemin tam həllini və məktəblərin birnövbəli fəaliyyətini təmin edəcəkdir.
Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44-ə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ildə 2 yeni məktəb binası inşa edilmişdir. Gürcüstanda azərbaycanlı soydaşlarımızın yaşadığı bölgələrdəki 3 məktəb-Tbilisi şəhər 73, Qardabani şəhər 3 və Dmanisi şəhər 2 nömrəli məktəblər əsaslı təmir və bərpa edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur.
Təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində görülmüş işlər sayəsində tədris ocaqları 2031 ədəd kompyuter, 602 ədəd noutbuk, 2077 ədəd netbuk, 603 ədəd proyektor, 30 ədəd çap qurğusu, 612 ADSL modem, 563 switch, 112 IP telefonla təchiz edilmişdir. O cümlədən "Elektron məktəb" layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə 300 yeni personal kompyuter və 336 netbuk verilmişdir. İKT üzrə savadlılığın artırılmasına yönəllmiş kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə 23 min nəfər pedaqoji və inzibati heyət treninqlərdən keçirilmişdir. Təhsil sisteminin informasiyalaşdırılması üzrə 2008-2012-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 1000 məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, internetə qoşulmuş məktəblər 22 faizə yüksəlmişdir. 2009-cu ildən başlanmış "Xalq kompyuteri" layihəsi çərçivəsində 10 min müəllim sadələşdirilmiş şərtlərlə kompyuter əldə etmiş, "Şagird və tələbələr üçün "Xalq kompyuteri" layihəsinə başlanmışdır.
Dərsliklərlə təminat sahəsində görülən işlər cari ildə də davam etdirilmiş, 2010-2011-ci tədris ili üçün 127 adda 4,6 milyon nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunmuş və məktəblərə verilmişdir. O cümlədən yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda dərslik və müəllim üçün metodik vəsait çap edilmişdir. Gürcüstanın Azərbaycan dilində olan məktəblərinə, MDB-də və digər xarici ölkələrdəki "Bazargünü" məktəblərinə dərsliklər, coğrafi xəritələr və digər tədris vəsaitləri göndərilmişdir. Hazırda ümumi təhsil sistemində istifadə edilən 400 adda dərslik, yəni bütün dərsliklər, milli-mənəvi dəyərlər baxımından məzmunca yeniləşdirilmişdir.
Son illərdə həyata keçirilmiş tədbirlər nəticəsində təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlmiş, orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşmışdır. 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı 2009-cu ilə nisbətən 300 nəfərdən çox artaraq 1365 nəfərə çatmış, 7 nəfər məzun 700 bal toplamışdır. 300-dən çox bal toplayanlar 2009-cu ildəki 20 faizdən 31 faizə, 500-700 bal toplayanlar 6 faizdən 8,5 faizə, orta bal göstəriciləri 211 faizdən 231 faizə yüksəlmişdir.
İstedadlı şagirdlərin təhsilinin daha səmərəli təşkili məqsədilə Gəncə, Mingəçevir, Sumqayıt, Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki, Lənkəran rayonlarının seçilmiş 8 məktəbinin bazasında liseylər yaradılmış, müsabiqə yolu ilə şagird və müəllimlər seçilmiş, xüsusi tədris planı əsasında tədrisə başlanmışdır. 2010-cu il aprelin 27-dən mayın 3-dək Bakı şəhərində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilmiş və bu bilik yarışında Azərbaycan komandası 1 qızıl, 3 bürünc medal qazanmışdır.
Kadr təminatı sahəsində Nazirlər Kabinetinin qərarına əsasən 2010-2011-ci dərs ilinə ucqar kənd məktəblərindəki vakant yerlərə stimullaşdırıcı tədbirlər tətbiq edilməklə 800 nəfər gənc mütəxəssis göndərilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, ilk dəfə olaraq ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.
2010-cu ildə ali məktəblərdə çalışan alimlər tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527 dərs vəsaiti, 1461 adda proqram və metodik ədəbiyyat nəşr edilmişdir. 2010-2011-ci tədris ilindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılmışdır.
Azərbaycan gənclərinin xaricdə təhsili məsələsi 2010-cu ildə də diqqət mərkəzində saxlanılmışdır. Ümumilikdə 10 min nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Həmin gənclərdən 816 nəfəri dövlətlərarası müqavilələrə, 750 nəfəri isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən dünyanın aparıcı universitetlərinə təhsil almağa göndərilmişdir. Onlardan 150 nəfəri artıq məzun olmuşdur. Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı da ilbəil artır. Hazırda onların sayı 7 mini ötmüşdür.
BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı hesabatında göstərilir ki, 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuşdur. 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 169 ölkə arasında 34 pillə irəliləyərək 67-ci yerə yüksəlmiş, orta inkişaf səviyyəli ölkələr qrupundan yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olmuşdur. Aparılan təhlillər deməyə əsas verir ki, Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir etmişdir. Belə ki, həmin hesabatda qeyd olunur ki, Azərbaycanda savadlılıq səviyyəsi 99,5 faiz, ibtidai təhsillə əhatə səviyyəsi 116,2 faiz, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.
Təhsil işçilərinə davamlı dövlət qayğısının nəticəsidir ki, 2010-cu ildə təhsil sahəsində çalışanların əməyi qiymətləndirilmiş, 303 nəfər yüksək dövlət təltiflərinə layiq görülmüşdür. "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələri təhsil tariximizdə mühüm hadisə olmaqla məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirmiş, təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmiş, ölkə Prezidentinin 5 iyul 2010-cu il tarixli sərəncamına əsasən cari ildə müsabiqələrin qalibi olmuş ən yaxşı 100 müəllimə və 50 məktəbə yüksək mükafatlar verilmişdir.
Təhsil işçilərinin maddi rifah halının yüksəldilməsi hər il olduğu kimi, 2010-cu ildə də diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2010-cu il tarixli "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamına əsasən 2010-cu il sentyabrın 1-dən təhsil işçilərinin əmək haqqı orta hesabla 10 faiz artırılmışdır.
Sürətli, davamlı inkişaf üçün yaradılmış möhkəm təməl deməyə əsas verir ki, qarşıdan gələn 2011-ci il də ölkəmiz, təhsil ictimaiyyətimiz üçün uğurlu olacaq, Azərbaycanın təhsil sistemi daha möhtəşəm nailiyyətlər əldə edəcəkdir.
Bütün xalqımızı, çoxminli təhsil işçilərini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, firavanlıq, daha böyük nailiyyətlər arzulayıram.

{nl}

Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında