BDU-da "Riyaziyyat və mexanikanın aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Dekabrın 27-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş "Riyaziyyat və mexanikanın aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Tədbirdə Milli Məclisin deputatları, ali məktəblərin rektorları, tanınmış elm adamları və tələbələr iştirak edirlər.
Konfransdan əvvəl Y.Məmmədovun adını daşıyan auditoriyanın və alimin barelyefinin açılışı olmuşdur.
Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətindən danışmışdır.
Bildirilmişdir ki, Yəhya Məmmədov 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) rektoru seçilmişdir. Beləliklə də, tədqiqatçı-alim respublikanın siyasi-ictimai həyatındakı burulğanların, milli-azadlıq hərəkatının, insanların düşüncəsindəki yeniləşmənin, milli intellektual-kulturoloji mühitdəki dəyişikliklərin mərkəzinə düşmüşdür. Ermənilərin Azərbaycan torpaqlarını işğal etmələrinə, həmvətənlərimizin minillik doğma yurd-yuvalarından didərgin salınmalarına etiraz edən tələbələrin önündə o zaman rektor Yəhya Məmmədov gedirdi.
Ən maraqlı və bəlkə də çox təəccüblü o idi ki, həmin illərdə həyatının digər mərhələlərində olduğu kimi, yenə də növbəti sınağa çəkilən Yəhya Məmmədov o vaxtkı dövlət rəhbərləri tərəfindən göstərilən təzyiqlər nəticəsində də dəyişmədi. Onun ikiillik rektorluq dövrü respublikamız üçün çox mürəkkəb və təlatümlü illərə düşsə də, nüfuzuna və ləyaqətinə zərrə qədər də xələl gətirməmiş, əksinə, Azərbaycan təhsilinin və elminin bayraqdarı olan universitetdə tənəzzülün qarşısını almağa çalışmış, milli düşüncənin beşiyinə çevrilən bu təhsil ocağının başında böyük vətənpərvər bir ziyalının dayandığını ləyaqətlə nümayiş etdirmişdir.
Tədbirdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun "Görkəmli alim, ictimai xadim və elm təşkilatçısı" mövzusunda məruzəsi dinlənilmişdir.
Diqqətə çatdırılmışdır ki, 1930-cu il oktyabrın 10-da Azərbaycanın dilbər guşələrindən olan qədim Naxçıvanda dünyaya göz açmış Y.Məmmədov 1954-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirərək aspiranturada saxlanılmış, 1957-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmiş, universitetdə müəllim, sonralar isə baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. Professor Yəhya Məmmədov 1965-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək həmin il universitetin hesablama riyaziyyatı kafedrasının müdiri seçilmiş, ömrünün sonunadək - 35 il bu vəzifəni uğurla icra etmişdir. O, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışmışdır. Alim prorektor kimi 17 illik gərgin fəaliyyəti ərzində universitetdə elmin inkişafına, onun beynəlxalq nüfuzunun yüksəlməsinə, bir çox elmi-tədqiqat laboratoriyalarının yaradılmasına, elmi tədqiqatların inkişafına, onların səmərəliliyinin artırılmasına, elmin istehsalat və tədris prosesi ilə əlaqələrinin yaxınlaşdırılmasına xüsusi diqqət və qayğı göstərmişdir.
Bildirilmişdir ki, o, dünyanın müxtəlif ölkələrində çap olunmuş 100-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir.
Azərbaycan riyaziyyat elminin inkişafında böyük xidmətləri olmuş professor Y.Məmmədov 2000-ci il yanvarın 26-da yaradıcılığının çiçəklənən dövründə dünyasını dəyişməsinə baxmayaraq, yüksək mənəvi keyfiyyətlərinə görə bu gün də onu tanıyanların qəlbində yaşayır.
Tədbirdə çıxış edən BDU-nun hesablama riyaziyyatı kafedrasının müdiri, professor Q.Mehdiyeva, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik A.Hacıyev və başqaları Y.Məmmədovu qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində tanınmış alimlərdən biri kimi xarakterizə etmiş, onun mənalı ömür yolundan, zəngin elmi təcrübəsindən danışmışlar.
Bildirilmişdir ki, Yəhya Məmmədovun rəhbərliyi altında Azərbaycandan başqa, dünyanın 9 ölkəsindən (Almaniya, Əlcəzair, İraq, Misir, Polşa, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistan) 32 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda onlardan 8-i elmlər doktoru və professordur. Görkəmli alim keçmiş Sovet İttifaqının bir çox şəhərlərində 60-dan çox namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir. O, dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq konqres və konfranslarda Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə təmsil etmişdir.
İşini bölmə iclaslarında davam etdirən konfransa dekabrın 28-də yekun vurulacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında