"Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər" mövzusu dəyirmi masada müzakirə edildi

"Bu tədbir Azərbaycan təhsil sisteminin mətbuatla daha yaxın münasibətlərinin qurulması, mövcud əlaqələrin daha da təkmilləşdirilməsi, təhsildəki uğur və nailiyyətlərin ədalətli şəkildə işıqlandırılması, problemlərin obyektiv olaraq, qərəzsiz qaldırılması və ümumiyyətlə, bizimlə media arasındakı əməkdaşlığın günün tələbləri səviyyəsinə çatdırılması istiqamətində son 20 ildə atılan ən uğurlu addımdır. Mən əminəm ki və bunu hamımıza borc bilirəm ki, gələcəkdə belə tədbirlər dövri olaraq, özü də respublikanın müxtəlif bölgələrində keçiriləcəkdir". Bu fikirləri təhsil naziri Misir Mərdanov aprelin 21-də Bakıdakı 60 nömrəli orta məktəbin akt zalında keçirilən dəyirmi masada söylədi.
Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər" adlı dəyirmi masa milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində keçiriləcək silsilə tədbirlərin birincisi idi. Tədbir iştirakçıları əvvəlcə ötən ilin sentyabrında əsaslı təmirdən sonra dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılmış məktəbin sinif otaqları, maddi-texniki təchizatı və dərs prosesi ilə tanış oldular. İlk dərs ilini başa vurmaqda olan birincilər qonaqları böyük sevinc və maraqla qarşıladılar və tədbir iştirakçılarını müxtəlif şeirlərlə salamladılar. Sonra akt zalında dəyirmi masa iştirakçılarının geniş müzakirələri və çoxsaylı təklifləri ilə zəngin olan tədbir öz işinə başladı.
Nazir Misir Mərdanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası yanında reket qəzetlərə qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının üzvü Umud Rəhimoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Təhsil Nazirliyinin müvafiq qurum rəhbəri Bayram Hüseynzadə, BŞTC-nin rəsmisi Zəminə Əliqızı, məktəb direktorlarından Sara Xanlarova, Almaz Əsgərova və başqaları çıxış edərək gündəliyə çıxarılmış məsələnin əhəmiyyətindən danışdılar.
Çoxsaylı faktlar və arqumentlərlə əsaslandırılan çıxışların hamısının yekununda ümumi işə kömək edəcək təkliflər səslənirdi. Almaz Əsgərovanın söylədiyi "Heç bir təklif olmadan vətəndaşın ailəsinə daxil olan iki qurum var: bunlar təhsil və mətbuatdır. Bu iki qurumun tərəqqisi, saflığı və birgə fəaliyyəti hamının, bütövlükdə xalqımızın mənafeyinə xidmət edə bilər" ifadəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Təhsil naziri qeyd etdi ki, "Biz Azərbaycan təhsilinin inkişafına nail olmuşuq. İcra edilən dövlət proqramları bu inkişafı daha da sürətləndirəcək. İndi növbə məktəbin və müəllimin cəmiyyətdəki nüfuzunun qorunmasına çatmışdır. Milli mətbuatın dəstəyi ilə həmin məsələ də müsbət həll ediləcəkdir". Tədbirdə orta məktəblərdə "mətbuat əlaqələndiricisi" ictimai vəzifənin təsis edilməsi, mətbuat mövzusunda yazan jurnalistlərin maarifləndirilməsi üçün müəyyən treninqlərin, təhsil mövzusunda yazılan məqalələrin müsabiqəsinin təşkil edilməsi, belə tədbirlərin tək paytaxtda deyil, başqa bölgələrdə də keçirilməsi və başqa təkliflər maraqla qarşılandı.
Qeyd edildi ki, dəyirmi masada səsləndirilən bütün fikirlər ümumiləşdirilərək gələcək birgə fəaliyyətdə istifadə edilmək üçün rəsmi sənəd şəklinə salınacaqdır.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında