Maarifçilik mədəniyyətimizin nadir incisi - "Əkinçi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın 135 illiyi ilə əlaqədar sərəncamı ideoloji işçilər, bütövlükdə ziyalılar qarşısında ciddi vəzifələr qoymuş, milli-mədəni dəyərlərimizə, mədəniyyətimizin təkamül və inkişaf tarixinə hörmətlə, diqqət və qayğı ilə yanaşmaq tələbini irəli sürmüşdür. Bu baxımdan ilk anadilli qəzetimiz "Əkinçi"nin mənəvi mədəniyyətimizin inkişafı tarixində böyük rol oynadığını qeyd etməmək olmaz. Əlbəttə, mənəvi-intellektual mədəniyyətimizin xüsusi diqqət çəkən bir sahəsini də XIX əsrdə və XX əsrin əvvəllərində məhz maarifçilik mədəniyyəti təşkil edir. "Əkinçi" qəzeti isə maarifçilik mədəniyyətimizin nadir incisidir. Həsən bəy Zərdabi də daxil olmaqla "Əkinçi" elmə əsaslanan tərəqqi və inkişaf ideyalarının, milli mənlik şüurunun carçısı idi.
Maarifçilik mədəniyyəti, yaxud müəyyən konkret mənada maarifçilik fəlsəfəsi XIX əsrdə və XX əsrin əvvəllərində bütövlükdə Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafında mühüm mərhələdir. XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, "sütün qoyanları" məhz Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi idi. Məqsəd və amal ümumiliyinə baxmayaraq, əlbəttə, M.F.Axundov və Həsən bəy Zərdabinin bəhs etdiyimiz məsələyə yanaşmalarında müəyyən fərqlər də var idi. "Əkinçi" qəzetinin səhifələrində hər iki mütəfəkkir arasında baş vermiş "mübahisə", "fikir ayrılığı", bəlkə də, elə buradan qaynaqlanırdı.
Həsən bəy Zərdabinin nəzərində maarifçilik cəmiyyətin tərəqqiyə doğru inkişafının, cəmiyyəti bütün bəlalardan xilas etməyin yeganə vasitəsi idi. Hər halda XIX əsr çərçivəsində Həsən bəy bu ideya platformasında durmuşdu. Sonralar, konkret olaraq XX əsrin əvvəllərində Həsən bəy Zərdabinin maarifçilik baxışlarında müəyyən dəyişiklik, daha dürüstü, irəliləyiş baş vermişdi. "Əkinçi"də özünün ilk tərənnümünü tapmış maarifçilik ideyaları XX əsrin əvvəllərində daha çox sosial həyatın yaxşılaşdırılması uğrunda qaynar fəaliyyətin və mübarizənin ideya təminatı kimi özünü nümayiş etdirirdi; Sözün əsl mənasında, Həsən bəy Zərdabi təkcə "sırf maarifçi" platformasında qalmayaraq başlıca maarifçilik ideyalarının həyata keçirilməsi uğrunda mərd mübariz kimi çıxış edirdi, ümummilli əhəmiyyət kəsb edən məsələləri xalqın, onun ziyalılarının diqqəti önünə çəkirdi.
Bəs "Əkinçi" dövründə, eləcə də bu qəzetin özündə maarifçiliyin, maarif-elm uğrunda mübarizənin məhz hansı konkret məsələləri önə çəkilirdi? Burada söhbət həm "Əkinçi"nin banisi, hamisi, qayğıkeşi kimi Həsən bəy Zərdabinin özündən, "Əkinçi"nin dostlarından, həm də o dövrün ideya mübarizəsinin, bir növ maarifçilik mədəniyyətinin mahiyyətini düzgün dəyərləndirmək və qiymətləndirmək məqsədilə "Əkinçi"nin təxminən bir ideya platformasında birləşmiş əleyhdarlarından, bəlkə, bir qədər sərt deyilsə, bədxahlarından gedir.
Zərdabinin aldığı universitet təhsili, Azərbaycan əhalisi arasında onun aparmış olduğu şəxsi müşahidələr, şahidi olduğu avamlıq, nadanlıq mənzərələri, elm təhsilinə qarşı istiqamətlənmiş ətalətli, mühafizəkar, qaragüruhçu qüvvələrin mövcudluğu maarifçiliyi Həsən bəy Zərdabinin nəzərində, necə deyərlər, "döyüş silahına" çevirmişdi. Bəs bu silahı necə işə salmalı? Əslində, söhbət bundan gedirdi ki, bu işdə nədən başlanılmalıdır? Həsən bəy qəti qərara gəlmişdi ki, avam xalq kütlələri içərisində maarifi, elmi ideyaları yaymaq üçün xalqla söhbət edib, danışmaq üçün ona tribuna, xitabət kürsüsü lazımdır. Bu kürsü isə Həsən bəyin nəzərində milli dildə, doğma Azərbaycan dilində qəzet nəşri idi. Haqqında bəhs edilən maarifçilik ideyalarının sonradan "Əkinçi" qəzetində reallaşdığına, yəni necə gerçək şəkildə təcəssümləşdiyinə sübutlar gətirməyə ehtiyac yaranmır, necə deyərlər, "görünən dağa bələdçi lazım olmur".
Xatırlatdıq ki, Həsən bəy hər şeyin çarəsini maarifçilikdə, elmdə görürdü. Məsələn, o, belə hesab edirdi ki, biz başqa millətlərlə yaşamaq uğrunda mübarizə aparırıq və bu mübarizədə qalib gəlməyin çarəsi elmdədir. Bu barədə Həsən bəyin şərhində "Əkinçi"də də oxuyuruq: "Zikr olan zindəganlıq cəngində tüfəng və xəncər işləməz, güc və rəşidlik iş görməz. Onun əsbabı ancaq ağıldır və ağıl bir şeydir ki, işləndikcən tərəqqi edər, yəni elm təhsil etdikcən ağıl da artar... Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizimlə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağız. Pəs bayatı çağırıb zəmanədən şikayət edən, sənin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil et ki, dövlət qazanıb xoşgüzəran olasan" ("Əkinçi" , "Daxiliyyə", 1875 N 5). "Əkinçi"də yer almış "Elmi-əbdan" və "Elmi-ədyan" mübahisəsi XIX əsrin 70-ci illərində Azərbaycanda maarifçilik mədəniyyətinin formalaşması yolunda ciddi bir addım idi və bu, geniş əks-sədaya səbəb olmuşdu. Söhbət, birinci növbədə o vaxt mövcud olmuş məktəblərdə tədrisin vəziyyətindən, "elmi-əbdan"a, yəni dünyəvi elmlərin tədrisinə yer verilməməsindən gedirdi. Sözsüz ki, "elmi-əbdan" və "elmi-ədyan" mübahisəsi müəyyən xurafat, nadanlıq əsiri olan qüvvələri də hərəkətə gətirmişdi, onlar "Əkinçi"yə və onun redaktoruna, həmçinin fəal müxbirlərinə qarşı təhdid və təqiblərini gücləndirmişdilər. Bəhs etdiyimiz mübahisə başqa müsəlman ölkələrinə də yayılmış və XX əsrin birinci onilliyində Azərbaycanda "Həyat" qəzeti səhifələrində "Bizə hansı elmlər lazımdır?" rubrikasında davam etdirilmişdir. Bu mübahisədə isə Azərbaycanın görkəmli ziyalıları yaxından iştirak etmişlər.
İndi isə haqqında bəhs etdiyimiz mübahisənin "Əkinçi" qəzetində nə şəkildə davam etdirilməsi məsələsinə qayıdaq. Qeyd etmək lazımdır ki, o vaxtkı Azərbaycanın gənc demokratik qüvvələri, həmçinin Zaqafqaziyanın Şeyxülislamı axund Əhməd Hüseynzadə "Əkinçi"nin müdafiəsinə qalxırlar. Məsələn, axund Əhməd Hüseynzadə "Əkinçi" qəzetinə xüsusi məktub göndərir. Həmin məktubdan bir parçanı diqqətinizə çatdırırıq: "Ali-şanlı Həsən bəy! Cənab Heydərinin cavabında icmalən yazarsan ki, bizim peyğəmbərimizin buyurduqları əlelmül-elman, elmül-əbdan, elmül-ədyan qövlündə vaqe olan elmi-əbdan külliülumi-dünyəvidən ibarətdir... Əvvəlinci ehtiyac cisman və ikinci ehtiyac ruhanidir" ("Əkinçi", 1876, N 12).
Həsən bəy Zərdabi Şeyxülislam Əhməd Hüseynzadənin fikirlərini şərh edərək yazırdı: "Cənab Şeyxülislamın məktubunu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdir ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb... Ol səbəblərdən sonra danışarıq. İndi bizim alimlərdən iltimas edirik bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmül-əbdanıtəhsil etməyə hökm verib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan ol elmləri öyrənmək olarmı ya elmül-ədyan oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun?"
Həsən bəy Zərdabi daha sonra qeyd edirdi ki, elmi-əbdan hədisinin əsl mənası məlum və aşkardır, bəhs olunan mübahisənin ümdə məqsədi bizim elmül-əbdandan xəbərsiz olmağımızın səbəblərini bəyan edib, onun əlacını xalqa göstərməkdir ("Əkinçi", "Daxiliyyə", 1876, 29 mart).
Həsən bəy yaxşı bilirdi ki, dünyəvi elmləri tədris etməyin, öyrənməyin başlıca məkanı məktəblərdir. Lakin o vaxtlar Azərbaycanda mövcud olmuş məktəblərin tədris üsulu dünyəvi elmlərin tədrisinə mane olurdu. Həsən bəy hələ Zərdab kəndində mollaxanada oxuyarkən dini təhsil üsulunun ona nə qədər mənfi təsir etdiyini dəfələrlə qeyd etmişdi. O, "Əkinçi" qəzetinin səhifələrində elmi-əbdan mübahisəsi ilə bağlı şərhlərə və mübahisələrə geniş yer verir, özü də publisist, maarifçi qələminin gücündən istifadə edirdi. Həsən bəy Zərdabi "Əkinçi" qəzetində müsəlman vilayətlərinə səyahətə çıxaraq, müşahidələri əsasında "İslam" adında kitab yazmış alman alimi Vamberinin Qərb və Şərq ölkələrində elmlərin inkişaf vəziyyəti ilə bağlı söylədiyi mülahizələrə öz münasibətini bildirir.
"Əkinçi"nin 13 may 1876-cı il tarixli nömrəsindəki "Daxiliyyə"dən Həsən bəy Zərdabinin şərhində bir parçanı diqqətinizə çatdıraq: "Elə ki, xəlifələrin yerində soltanlar, şahlar, xanlar əyləşdilər və xalqın ipi ruhanilərin əlinə düşdü, hökumət əhli öz nəfindən ötrü xalqı gözübağlı saxlamaq üçün məktəbxanalarda ancaq şəriət adamlarını, boş sözləri bir-birinə yapışdırıb ibarət ilə danışmağın dalıncan düşüb, xalqı yoxsul və sərgərdan edib özləri kef və ləzzəti-dünyaya məşğul oldular və nəinki özləri təzədən xalq üçün məktəbxanalar açmadılar, hətta olan məktəbxanalarda mollalıq məsailini araya salıb xalqı elm yolundan uzağa saldılar".
Həsən bəy Zərdabinin dünyəvi elmlərin öyrənilməsi və o vaxt mövcud olan məktəblərdə bu elmlərə biganə münasibət bəslənilməsi barədə təkidli və israrlı fikirləri, mən deyərdim, maarifçilik mədəniyyətinin inkişaf etdirilməsinə dair fikirləri Azərbaycanın demokratik əhval-ruhiyyəli ziyalıları, "Əkinçi"nin fəal müxbirləri, o cümlədən vaxtilə Bakı Realnı gimnaziyasında Zərdabinin şagirdləri olmuş, daha doğrusu, onun maarifçilik ideyalarının sağlam ruhlu carçıları olmuş Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani səmimiyyətlə müdafiə etmiş, "Əkinçi" qəzeti səhifələrində haqqında bəhs etdiyimiz elmi mübahisəyə qoşulmuşdular. O vaxt Azərbaycanda mövcud olmuş dini məktəblərdəki tədris üsulu barədə mülahizələrini və kəskin tənqidi iradlarını bildirmiş Nəcəf bəyin "Əkinçi"nin redaksiyasına göndərdiyi və qəzetin "Məktubat" bölməsində dərc olunmuş ("Əkinçi", 6 noyabr 1876) yazısından bir parçanı diqqətinizə çatdırırıq: " Bizim məktəbxanalara baxan gərək bizi adam hesab etməsin. Biçarə uşağı gətirib mollaya verəndə əvvəl zaman molla onu bir böyük şagirdə tapşırır ki, ona ustad deyərlər. Ustad onu öyrədir: əlifdən beyətən, yüyürdüm evətən... Xülasə bir neçə günün müddətində onu özü kimi edir. Məktəbdə mollanın falaqqası və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata və ananın yumruq, silləsi və onların hamısının bəd əməli biçarə uşağı bir az zamanda oğru, yalançı və hər bədbihesablıqdan xəbərdar edir... Bizim müəllim uşaq üçün cəlladdır..."
İndi də Əsgər ağa Goraninin mülahizələrinə diqqət yetirək. Əlbəttə, Əsgər ağanın mülahizələri Nəcəf bəyin fikirləri ilə həmahəngdir. Lakin bunları ayrıca verməyi lazım bildik. "Əkinçi" qəzetinin 26 may 1877-ci il tarixli nömrəsinin "Məktubat" bölməsində Əsgər ağa fikirlərini belə şərh edir: "Əkinçi" qəzeti həmişə bizim müəllimlərə və onlara uşaqlarını tapşıranlara töhmət edir ki, onların hər ikisi uşaqlara yağı olub ol qədər incidirlər ki, biçarə bildiyini də yaddan çıxarır. Əlhəqq, bu söz doğrudur, amma bu barədə bizim müəllimlərdə taxsır yoxdur. Müəllim bir sənətkar babadır, öz sənətilə qeyr sənətkar kimi dolanır, yəni öz bildiyini uşaqların valideynlərinə satıb zindəganlıq edir. Müəllimin yaxşı, yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr təlim uşağı xarab edir və xahiş edə ki, qeyr tövr uşaqlara təlim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə təlim edəcək... Şagirdin ata-anası deyəndə ki, molla, onu döy, əti sənin, sümüyü mənim, molla naəlac qalıb döyəcək, yoxsa ay başı gələndə pul verən olmaz... Təlim etmək asan deyil, bu özü bir elmdir ki, Avropa əhli ona elmi-pərvəriş deyir".
Yeri gəlmişkən xatırlatmağa dəyər ki, Azərbaycanda pedoqoji fikrin inkişafı məsələlərinə dair çox maraqlı, həm də mən deyərdim, qiymətli fikir və mülahizələr, təklif və tövsiyələr "Əkinçi" qəzeti səhifələrində öz təcəssümünü tapmışdır. Əlbəttə, respublikamızda pedoqoji fikrimizin inkişaf tarixinə dair alimlərimizin dəyərli tədqiqatları vardır. Lakin bununla belə onların diqqətini bir daha "Əkinçi"yə, orada dərc olunmuş maraqlı materiallara cəlb etməyi zəruri saydıq. Bir daha Əsgər ağa Goraninin "Əkinçi" dövründə təhsil, təlim-tərbiyə, müəllim probleminə dair fikirlərinə qayıtmaqla nəzərə çatdırmaq istərdik ki, o, bəhs etdiyimiz problemin özünəməxsus yeni qoyuluşunu irəli sürürdü. Daha doğrusu, bəyan edirdi ki, bütövlükdə təhsil sistemini dəyişmədən məktəblərdə təlim-tərbiyədə, təhsildə uğur qazanmaq mümkün deyildir. O, həmçinin məktəblərdə dərs deyəcək yeni tipli müəllim yetişdirmək zərurətini irəli sürürdü. Əsgər ağa Goraninin "Əkinçi"yə məktubundan bir parçanı da oxucuların diqqətinə çatdırırıq: "Bizim müəllimlər qol gücünə biçarə uşağı yarımcan edib, əlif-bey öyrədib, sonra əlhəmdüllahi əzbərlədib korazehin edirlər... Pəs qardaşlar, gərək mürur ilə təzə məktəbxanalar bina edib, az-çox elmdən xəbərdar olanları oraya müəllim tutmaq".
"Əkinçi" qəzetinin səhifələrində şərh edildiyi kimi, maarifçilik mədəniyyətinin mühüm tərkib hissəsi məktəblərdə tərbiyə məsələsidir. Qəzetin tez-tez diqqətə çatdırdığı kimi, şagirdlərin düzgün tərbiyə edilməsi onların valideynlərinin, xüsusilə də analarının tərbiyəsindən çox asılıdır. Heç də təsadüfi deyildir ki, qadın azadlığı, qadınların savadlandırılması problemi "Əkinçi" qəzetində həm birbaşa, həm də dolayısı ilə nəzərə çatdırılır. Elə burada yerinə düşər deyək ki, Həsən bəy Zərdabi savadlı, dünyəvi təhsilli bir ömür-gün yoldaşı tapıb ailə qurmaq üçün Tiflisə, "Svyataya Nina" məktəbinə gedib həmin məktəbin məzunu Hənifə xanım Abayevanın, sonralar Məlikovanın sorağına düşməmişdimi? Həmin Hənifə xanım da Həsən bəyin, əlbəttə, həm də özünün evində yaşayan, eləcə də orada təhsil alan uşaqlara həm analıq, həm də müəllimlik etməmişdimi?
Ümumiyyətlə, bəhs etdiyimiz məsələnin "Əkinçi" qəzetində necə qoyulmasını və onun həlli üçün hansı yolun təklif edilməsini özündə əks etdirən və həmin qəzetdə çap olunmuş yazıdan bir parçanı diqqətinizə çatdırırıq: "Hər bir cocuq məktəbxanalardan əvvəl birinci dərəcə gərək tərbiyət və tərbiyətsizliyi öz pədər və analarından öyrənməlidirlər. Ona binaən hər kəs daima mədyundur ki, övladına mədəniyyət öyrədib, tərbiyət versin ki, ol cocuq da irəlidə insanın tamam sifətilə dünyada günlər və saatlar keçirtsin. Bu əfkar dəxi hər bir anada bulunması lazımədəndir... Çünki tərbiyətin binası ana ilədir; uşaq 7-8 yaşına gəlincə ona ana tərbiyət edir..." ("Əkinçi" , 11 iyul 1876). Həsən bəy Zərdabi elmin, maarifin yayılması zərurətini əsaslandırmaq üçün "Əkinçi"də də müxtəlif üsullardan, yazı janrlarından istifadə edirdi. İstəyi də bu idi ki, onun səsi müsəlman dünyasının hər bir guşəsinə çata bilsin. Bu cəhətdən "Əkinçi" qəzetinin 19 avqust 1876-cı il tarixli nömrələrindən birində dərc olunmuş bir yazını, çox maraqlı olduğuna görə müəyyən ixtisarlarla nəzərinizə çatdırmaq istərdim: "Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-biri ilə belə söhbət edir:
Sual: Əmi, eşitmisənmi ki, Badkubədə bir ildir filankəs "Əkinçi" ismində bir qəzet çıxardır, tazə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?
Cavab: Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim ki, o qəzeti İvan ya Karapet çıxardır. Pəs onu filankəs çıxardırmış. Mən onun ata-babasını tanıyıram. Qoy getsin. Ev buzovundan öküz olmaz.
Sual: "Əkinçi" qəzeti deyir ki, zəmanəmiz dəyişilib. İndi elm təhsil etmək gərək. Ona binaən lazımdır elm kitabları gətirdib, öz dilimizdə elm öyrənmək.
Cavab: O elmləri öyrənmək bizə lazım deyil. Niyə ata-babalarımız o elmsiz yolla getdilər, biz gedə bilmədik? Bizim öz elmimiz bizə bəsdir və əgər hər kəs o elmləri öyrənmək istəsə, getsin xarici dillərində öyrənsin...
Sual: "Əkinçi" qəzeti deyir ki, qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbində qaim edir.
Cavab: Bunlar hamısı ... pul tələsidir. Mən öz dilimizi məgər bilmirəm? Məzhəbdə qaim olmağa qəzet ya jurnal oxumaq nə lazım? Kəlmeyi-şəhadət və beş vaxt namaz bəsdir" ("Daxiliyyə").
Göründüyü kimi, bu "söhbətdə" "Əkinçi" qəzetinin məramının bəzi komponentləri əks olunmuş, həmçinin qəzetin proqramını aydın dərk etməyən, bəlkə də, ona müqavimət göstərə biləcək sosial qüvvələrin mövcudluğuna işarə edilmişdir. Ola bilsin ki, Həsən bəy Zərdabi özü və yaxud "Əkinçi"nin müxbirləri sosial-humanitar mühitdə bu cür mülahizələrin subyektlərini dəfələrlə görmüşlər.

{nl}

İzzət RÜSTƏMOV, BDU-nun Sosiologiya kafedrasının müdiri, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında