Albaniyaşünaslığa dair dəyərli tədqiqat əsəri
Qafar Cəbiyevi 30 ildən artıqdır ki, tanıyıram. Aspiranturaya qəbul zamanı ondan imtahan götürmüşəm. Olduqca istedadlı, həm də işgüzar və təcrübəli arxeoloqlardandır. Uzun illərdir ki, Ağsu, İsmayıllı, Qəbələ, Bakı və Kürdəmir arxeoloji ekspedisiyalarının apardığı qazıntıların iştirakçısı olub və neçə vaxtdır ki, artıq özü həmin tədqiqatlara bilavasitə rəhbərlik edir. Onun tarix və arxeologiya elminin müxtəlif sahələrinə dair kitabları, çoxsaylı məqalələri və müxtəlif elmi məclislərdəki məruzə və çıxışları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bu günlərdə "Şərq-Qərb" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmiş iri həcmli fundamental "Girdiman tarixi" adlı monoqrafiyası onun uzun illər aparmış olduğu gərgin və səmərəli elmi axtarışlarının nəticəsi kimi dəyərləndirilməlidir. Bu fundamental əsərdə Albaniya tarixinin IV-IX əsrləri əhatə edən və tarixi hadisələrlə son dərəcə zəngin olan çox mühüm bir dövründən bəhs olunur. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Y.M.Mahmudov, rəyçiləri isə AMEA-nın müxbir üzvləri V.H.Əliyev və İ.A.Babayevdir. Məlumat üçün bildirim ki, Qafar Cəbiyev bir neçə il öncə həmin mövzuda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya Şurasının sədri kimi deyə bilərəm ki, həmin müdafiədən bir çoxları kimi mən də çox razı qaldım. Çünki Qafar istedadlı alimdir, onun təqdim elədiyi iş də yetkin və sanballı iş idi. Elə bu səbəbdən də müdafiə zamanı rəsmi opponentləri də, Elmi Şura üzvləri də həm Qafar müəllim haqqında, həm də onun dissertasiyası haqqında qiymətli fikirlər söylədilər.
Xatırladaq ki, son 50 il ərzində Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən Albaniya tarixinin elmi cəhətdən araşdırılması istiqamətində çox mühüm işlər görülmüş, araşdırmalar aparılmışdır. Bununla belə, onu da qeyd etməliyəm ki, ilk orta əsrlərdə Albaniyada mövcud olan inzibati-siyasi vahidlərin tarixi bu günədək yetərincə öyrənilməmişdir. Bu səbəbdən də ayrı-ayrı inzibati-siyasi vahidlərin lokalizəsi , onların tarixi, ərazilərindəki arxnoloji və memarlıq abidələrinin dövrü və təyinatı ilə bağlı milli tarixşünaslığımızda boşluqlar və ciddi polemika doğuran məqamlar yetərincədir. Girdiman tarixi də bu baxımdan istina deyil. Xatırladaq ki, bir neçə əsr ərzində Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin lokalizəsi ilə bağlı bu günədək tədqiqatçılar arasında fikir ayrılıqları qalmaqdadır. Həm də əksər tədqiqatçılar Girdiman vilayəti ərazilərini Albaniyanın qərbində lokalizə ediblər. Qafar Cəbiyev isə erməni tarixçisi S.T.Yeremyan tərəfindən keçən əsrin 30-cu illərində tarixşünaslığa gətirilmiş bu versiyanın elmi əsas olmadığını və Girdiman Şirvan ərazisində, daha konkret desək, Ağsuçay, Girdimançay və Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizəsini çoxsaylı və tutarlı elmi dəlillərlə sübuta yetirməyə çalışmış və buna müvəffəq olmuşdur.
Q.Cəbiyevin fikrincə, bəzi araşdırıcıların, guya, yazılı mənbələrə istinadən Girdiman ərazilərinin Albaniyanın qərbində, yaxud da şimali-qərbində olduğuna dair mülahizələri ilə əsla razılaşmaq olmaz. Ona görə ki, qədim və orta əsr mənbələrində bu barədə demək olar ki, konkret heç bir məlumat yoxdur. Əksinə, Koryunun, digər müəlliflərin, xüsusilə də M.Kalankatuklunun Albaniya tarixinə dair qeydlərində Girdimanın məhz Şirvan ərazisində lokalizəsini təsdiqləyə biləcək bir sıra prinsipial əhəmiyyətli məqamlar vardır. Hansı ki, Qafar müəllim həmin məqamlar üzərində bir daha dayanmaqla öz fikirlərini elmi- məntiqi baxımdan əsaslandırmağa çalışıb. O, öz versiyasını, həmçinin, Albaniyanın qərbində, o cümlədən indiki Şəmkir, Daşkəsən, Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Girdimanla bağlı heç bir arxeoloji və memarlıq abidəsinin, habelə qədim toponimlərin olmaması, Şirvan ərazisində isə bu cür abidə və toponimlərin hal-hazırda da mövcudluğu ilə əsaslandırır. Qafqaz ərazisində Girdiman adı ilə məlum olan yeganə çayın məhz Şirvan ərazisindən axdığını, Girdiman hökmdarları Xursun və Cəsur Vardanın adını daşıyan qədim yaşayış yerlərinin, Cavanşirin adını daşıyan VII əsrə aid möhtəşəm qalanın məhz Şirvan ərazisində mövcudluğu da müəllifin fikrincə, Girdiman vilayətinin lokalizəsi ilə bağlı son və qəti fikir söyləmək üçün kifayət qədər ciddi arqumentlər hesab edilməlidir.
Albaniyanın digər bölgələri kimi, Girdiman vilayəti ərazisi də ilk orta əsr abidələri ilə olduqca zəngindir. Q.Cəbiyev tərəfindən həmin abidələr - yaşayış yerləri, qala və istehkamlar, məbədlər və qəbir abidələri öyrənilib. Tədqiqatçı yaşayış yerlərini iki qrupa bölüb: şəhərlər və kənd tipli yaşayış məskənləri. Girdimanın şəhərləri və şəhər tipli yaşayış məntəqələri sırasında Qəbələ, Qalagah, Mehrəvan, Qırlartəpə və Lahıc, kənd tipli yaşayış məskənləri sırasında isə Pəldahar, Dürdüvan, Həsən bəyin yeri, Aşağı Qaraməryəm, Yekəxana, Tərkəş, Kələş, Gəndob, Ərəbcəbirli və bir sıra digər abidələr, habelə həmin abidələrdə aparılan arxeoloji tədqiqatlar barəsində ətraflı məlumat verilir. Qala və istehkamlardan Girdiman qalası, Cavanşir qalası, Xanagah qız qalası, Niyal qalası, Fit qalası, Bayramkoxa qalası, Xaçmaz qovur qalası, Qızlar qalası, Xirəki müdafiə səddi, Nəzrə qülləsi, Qalatap, İtaldamac və Qaladam kimi müşahidə məntəqələrinin hərbi-strateji əhəmiyyəti, onların memarlıq xüsusiyyətləri, dövrü və təyinatı barədə araşdırmalar öz əksini tapıb. Təkcə Girdiman vilayətinin deyil, bütövlükdə Albaniyanın dini, mədəni və siyasi həyatında xüsusi yeri olan Girdiman və Kilsədağ məbədləri barədə ətraflı məlumat verilib.
Girdiman ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan zəngin maddi mədəniyyət nümunələri yerli əhalinin məşğuliyyəti və təsərrüfat həyatı barədə kifayət qədər aydın təvəssür yaradır. Müəllif mənbə məlumatları və arxeoloji materialdan çıxış edərək erkən orta əsrlərdə əkinçiliyin, maldarlığın, ovçuluğun və sənətkarlığın Girdiman əhalisinin təsərrüfat həyatındakı rolu və əhəmiyyətindən də ətraflı bəhs edir. Əsərin Girdiman əhalisinin təsərrüfat həyatından bəhs olunan bölümündə sənətkarlığın ayrı-ayrı sahələri, o cümlədən metalişləmə, dulusçuluq, toxuculuq, daşişləmə, Ağacişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı barəsində ətraflı məlumat verilir. Müəllifin arxeologiya elminin əlifbası sayılan və mötəbər mənbə kimi qiymətləndirilən keramika istehsalı tarixi və texnologiyası, o cümlədən dulus çarxının kəşfi və təkmilləşdirilmiş dulus kürələrinin meydana gəlməsi ilə bağlı mülahizələri də elmi cəhətdən son dərəcə dəyərli ilə maraqlıdır.
Məlum olduğu kimi, erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında Girdiman vilayəti aparıcı mövqeyə malik olub. Bu da hər şeydən öncə vilayətin təbii-iqtisadi imkanları, Girdiman feodallarının hərbi-siyasi nüfuzu, onların ölkədə siyasi hakimiyyətə təsir dairəsinin genişliyi ilə izah oluna bilər. "Girdiman tarixi" əsərində bütün bunlardan ətraflı bəhs olunur.
Albom şəklində verilən zəngin illüstrativ materiallar, heç şübhəsiz, əsərin əyaniliyini artırır və onun daha oxunaqlı olmasını şərtləndirir. İngilis dilində geniş xülasənin verilməsi də diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, müəllifin toxunduğu məsələlərin və yekun olaraq gəldiyi nəticələrin xeyli qismi tamamilə yenidir, ilk dəfə elmə gətirilir.
Heç şübhəsiz, uzun illərin gərgin və səmərəli axtarışlarının məhsulu olan, yeniliyi, əhatəliliyi, dərin məzmunu və mahiyyəti ilə diqqəti cəlb edən "Girdiman tarixi" adlı iri həcmli, fundamental monoqrafiya arxeologiya və tarix elminə qiymətli töhfədir. Əsər ilk orta əsrlər tariximizin bir sıra qaranlıq məqamlarına işıq saçan mənbədir. Məqsədi, məramı və siqləti ilə seçilən bu əsər həmçinin erməni alimlərinin yalan və uydurmalarına tutarlı cavabdır.
Bir sözlə, Qafaq Cəbiyevin "Girdiman tarixi" monoqrafiyası Azərbaycan tarixşünaslığının aktivinə düşməyə layiq əsərdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu əsərin davamı da olacaqdır. Çünki erkən orta əsrlərdə Albaniyada mövcud olmuş digər inzibati-siyasi validlərin də, məsələn, Çola, Lipina, Uti, Sakasena Balasakan, Kambisena və digər vilayətlərin də ayrı-ayrılıqda tarixinin yazılmasına çox ciddi ehtiyac vardır.
{nl}
Teymur BÜNYADOV, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.