Şriftin ölçüsü:
26.12.2010 04:25 | Oxunma sayı: 649
Bu gün Azərbaycan sosial-iqtisadi sahələrdə qazandığı uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir. Bu uğurların əldə edilməsində təhsil sistemində reallaşdırılan islahatların da rolu əvəzsizdir.
Müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və s. bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Son illər məktəblərdə şagird biliyinin qiymətləndirilməsi, ibtidai təhsilin təşkili, yeni dərslik siyasətinin müəyyənləşdirilməsi və s. məsələlər də uğurla həllini tapmış, bu zaman beynəlxalq təcrübədən Azərbaycan reallığı nəzərə alınmaqla səmərəli şəkildə yararlanılmışdır.
Məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə də bir neçə kəlmə qeyd etmək yerinə düşər. Xatırladım ki, bu mühüm məsələ ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Möhtərəm dövlət başçımız Azərbaycan təhsilinin inkişafında bu sahənin önəmli rol oynadığını dəfələrlə vurğulamış, bununla əlaqədar müvafiq dövlət qurumlarına konkret tapşırıqlar vermişdir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın uğurlu icrası bunun bariz ifadəsidir. Hazırda Azərbaycandakı məktəblərin V-XI siniflərində hər 29 şagirdə bir kompyuter düşür. Halbuki proqramın təsdiq edilməsinə qədər hər min şagirdə bir kompyuter düşürdü.
Ümumiyyətlə, son illər məktəblərin internet şəbəkəsinə qoşulması, elektron dərsliklərin, elektron məktəblərin yaradılması, pedaqoji kadrların elektron bankının təşkil edilməsi, şagird, müəllim və məktəb rəhbərlərinin İKT ilə fəal işləməsini təmin etmək məqsədilə 20 mindən çox adamı əhatə edən treninqlərin keçirilməsi milli təhsilimizin əsaslı şəkildə yeniləşdirilməsindən, müasirləşdirilməsindən xəbər verir.
Son illər ölkə təhsilinin sürətli inkişafına, ənənəvi cəhətləri saxlamaqla müasirləşdirilməsinə nail olmaq üçün bu sistemin bütün sahələrini əhatə edən, konkret sahələrin tərəqqisini nəzərdə tutan dövlət proqramları imzalanmışdır. Yeri gəlmişkən, xatırladım ki, təhsil ictimaiyyəti, bu sistemin hər bir üzvü həmin proqramların qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səyini əsirgəməyib. Hazırda da sözügedən istiqamətdə uğurlu addımlar atılır.
Onu da qeyd edim ki, təhsilimizin inkişafından, ona göstərilən qayğıdan danışarkən, mütləq bir məqamı da nəzərə almalıyıq. Bu da son illərdə orta məktəblər üçün müasir tələblərə cavab verən yeni binaların tikilib istifadəyə verilməsi ilə bağlıdır. Mən bir faktı xatırlatmaq istərdim. 2003-cü ildən indiyədək Azərbaycanda 350 mindən çox şagird yeri olan 1300-dən artıq yeni tədris müəssisəsi məktəblilərin öhdəsinə verilmişdir. Bu isə o deməkdir ki, artıq ölkə üzrə bütün şagirdlərin təxminən 50 faizi müasir üslubda inşa olunmuş təhsil ocaqlarında oxuyur. Özü də bu məktəblərin tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Yeni Azərbaycana yeni məktəb" layihəsi də mühüm rol oynamışdır.
Ölkəmizin təhsil sistemində demokratik idarəetmənin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji prosesə innovasiyaların daha geniş şəkildə tətbiqi, tərbiyə işinin yenidən qurulması, pedaqoji işçilərin və rəhbər kadrların işə qəbulunda yeni mexanizmlərin istifadə olunması, istedadlı uşaqların üzə çıxarılması üçün beynəlxalq təcrübədən yararlanma və s. məsələlərin prioritet istiqamət kimi götürülməsi sözügedən sahədə kifayət qədər uğurlar qazanılması ilə nəticələnmişdir.
{nl}
Mübariz QASIMOV, respublika yardımçı internat məktəbinin direktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.