Bakı Ali Neft Məktəbində görüş

Bakı Ali Neft Məktəbində (BANM) dünya şöhrətli tanınmış muğam ifaçısı, “Şöhrət” ordenli, Xalq artisti Alim Qasımovun görüşü keçirilib.

BANM-in mətbuat xidmətindən bildirilib ki, görüşdə Alim Qasımovun ailə üzvləri də iştirak ediblər. Tədbir görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

BANM-in rektoru Elmar Qasımov Alim Qasımovu Azərbaycan səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Yaponiya, İran və ABŞ kimi ölkələrdə görkəmli sənətkar Azərbaycan muğam sənətini tanıdaraq milli musiqimizin və mədəniyyətimizin dünyaya yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib. Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir çox mükafatlara layiq görülüb. “Alim Qasımov Azərbaycan muğamının, milli musiqi mədəniyyətinin fəxridir” -- deyən rektor ustad xanəndəni ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” arasında 4 azərbaycanlıdan biri olduğunu da diqqətə çatdırıb. Rektor xanəndənin uğurlarından söz açaraq Azərbaycan muğamının UNESCO səviyyəsində məşhurlaşmasında onun əməyinin təqdirəlayiq olduğunu söyləyib.

BANM-in müəllim və tələbələrini salamlayan Alim Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib: “Mən hesab edirəm ki, belə görüşlər ölkənin bütün ali təhsil müəssisələrində ənənəvi olmalıdır. Çünki bizim kimi həyatlarını yaradıcılığa həsr etmiş insanların - musiqiçilərin, rəssamların, aktyorların təcrübəsinə və söhbətlərinə gənclərin çox böyük ehtiyac var”.

Alim Qasımov gənclik və tələbəlik illərindən, bir xanəndə kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, dünyada Azərbaycan muğamının tanıdılması sahəsində görülən işlərdən, səhnə arxasında rast gəldiyi maraqlı hadisələrdən danışıb, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Sonra Alim Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa ediblər.

Sonda Elmar Qasımov maraqlı söhbətə görə tanınmış qonağa təşəkkürünü bildirib və ona xatirə hədiyyəsi təqdim edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında