Səidə İmanzadə- 100

Azərbaycanda qadın hərəkatının fəal xadimi, görkəmli alim və tanınmış pedaqoq
İyirminci yüzillikdə hər cür çətinliklərə, maneələrə, əzab-əziyyətlərə baxmayaraq xalqımız elm, maarif, ədəbiyyat, incəsənət, bütövlükdə mədəniyyətin inkişafı sahəsində böyük uğurlar qazanmışdır. Ürəyi öz xalqını azadlığa, işıqlı gələcəyə qovuşdurmaq arzusu, istəyi, amalı ilə çırpınan görkəmli və müdrik şəxsiyyətlər yetişmişdir.
Belə şəxsiyyətlərdən biri də anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız, saçlarını maarif işində, xalqımızın tərəqqisi yolunda ağartmış pedaqoq, alim, ictimai xadim Səidə xanım İmanzadə olmuşdur. Qayğıkeş, üzü daim gülümsər olan və mehriban siması ilə yadımızda qalmış Səidə xanım 1910-cu il dekabrın 29-da Vətənimizin dilbər guşəsi və qədim ziyalı ocaqlarından biri olan Şəkidə - böyük maarifçilik ənənələrinə, təhsil görmüş, geniş dünyagörüşə malik bir ailədə dünyaya göz açmışdır. "Əfəndilər nəsli" kimi tanınan bu nəsil alimləri, pedaqoqları, ziyalıları, din xadimləri ilə məşhurdur.
O zaman irticanın və təqiblərin cövlan etdiyi bir dövr idi. Duzlu, məzəli, şirin söhbətli qədim məkanda insanlar sadə, sakit həyatlarını yaşayırdılar. Şəkidən uzaqlarda isə böyük hadisələr baş verirdi. Yeni əsr tarixə çaxnaşmalar, inqilablar və müharibələrlə qədəm qoymuşdu. Əsrlər boyu əsarət və zülm rejimləri şəraitində yaşayan xalqlar oyanır, öz azadlıqları uğrunda haqq səslərini ucaldırdılar. Bu oyanışın əks-sədası Şəkiyə də gəlib çıxmışdı. Tarixin bütün dövrlərində tərəqqiyə meyilli bu şəhərdə də bir canlanma hiss edilirdi. Yeni açılan məktəblər şəkili balalarını elm, maarif işığına çağırırdı. Bu dirçəliş Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə geniş vüsət almışdı. Gənc Səidə də məhz bu dövrdə maarif işığına doğru gedib ibtidai təhsil əldə etmişdi.
Cəmiyyətin həyatında tərəqqiyə doğru baş vermiş dəyişikliklər Səidə xanım üçün də geniş imkanlar açırdı. O, ailəsilə 1924-cü ildə Bakıya köçərək yeni həyat uğrunda mübarizəyə qoşuldu. Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı.
Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəltmişdi. Təqiblər, təhqirlər və hədələr gənc Səidəni xalqın balalarına savad vermək kimi şərəfli yoldan çəkindirə bilmədi. Onun Əli Bayramov klubundakı fəaliyyəti nəticəsində neçə-neçə azərbaycanlı qadın ictimai həyata qədəm qoymuş, doğma xalqın taleyüklü problemlərinin həlli uğrunda fəal mübarizəyə qoşulmuş, cəmiyyətimizin fəal qurucularına çevrilmişdi.
Səidə İmanzadə 1930-cu ildə sənaye məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini artırmaq məqsədilə fəhlə fakultəsinə qəbul edilmişdi. O, 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini bitirməklə özünün ən böyük arzusuna çatdı. Sonrakı bütün şüurlu həyatını müəllimliyə- bu xeyirxah peşəyə sərf etdi. Əvvəlcə Pirallahı adasındakı 98 saylı orta məktəbdə, sonradan 21 saylı məktəbdə çalışmış, qısa müddətdə adi müəllimlikdən orta məktəb direktoru vəzifəsinə qədər yüksəlmişdi. O, müəllimliklə yanaşı, ictimai fəaliyyətini uğurla davam etdirmiş, Bakı Soveti nəzdindəki "Mədəni yürüş" təşkilatının fəal iştirakçısı olmuşdu. Həmin illərdə S. İmanzadəni qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikamızda gedən ümumxalq hərəkatının önündə görmək olardı.
1941-ci ildə faşizmə qarşı müharibənin başlanması ilə Səidə xanımın qayğıları daha da artmış və fəaliyyət dairəsi genişlənmişdir. İndi onu öz ər və oğullarını fabrik-zavodlarda əvəz etmiş fəhlə qadınlar arasında, hərbi xəstəxanalarda tez-tez görmək olurdu. 1942- ci ildə o, görkəmli sənətkarlarımız Səməd Vurğun və Mirzə İbrahimovla birlikdə Tiflisdə keçirilən Zaqafqaziya ziyalılarının antifaşist mitinqində iştirak edir və alovlu nitq söyləyir.
Müharibə illərində Səidə xanım İmanzadəni Bakıda Qızlar İnternatının müdiri kimi məsul bir vəzifəyə irəli çəkmişdilər. O, sonralar həmin çətin illəri böyük ürək ağrısı ilə xatırlayaraq deyirdi: "Atalarını müharibədə itirmiş, valideyn himayəsindən məhrum olmuş qızların təhsili və taleyi məsələsi bizi çox düşündürürdü. Nə qədər ağır, iztirablı anlar keçirsək də, məktəbdə təlim-tərbiyə işini yüksək səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər..."
1943- cü ildə S.İmanzadə Bakının qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor təyin olunur, kadr çatışmazlığı olduğuna görə eyni zamanda, BDU- nun tarix fakültəsində dərs deyir. 1946- cı ildən isə o, taleyini universitetlə bağlayır.
1941-1945-ci illərin ağır müharibə günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti - ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdi. 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verildi. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "Qələbə medalı" ilə təltif edildi. 1946-cı ildə Səidə xanım keçmiş SSRİ-nin ən yüksək mükafatına- Lenin ordeninə layiq görüldü. Bütün bunlar onu ruhlandırmış, bu vacib və xeyirxah işdə ona yorulmaz fəaliyyətini genişləndirməyə imkan vermişdi.
İllər keçdi. Müharibənin odu-alovu söndü. İnsanlar rahat nəfəs alıb, yeni arzularla quruculuq işlərinə başladılar. Bu dövrdə Səidə xanım həyatının ikinci böyük mərhələsinə qədəm qoydu. Ömrünün qalan hissəsini ali təhsilli mütəxəssislər hazırlanmasına və elmi işə sərf etdi. O, 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə işə dəvət olundu. Bu zəhmətkeş, əməksevər, yorulmaq bilməyən qadının ürəyində elmi-tədqiqat işinə böyük maraq oyandı. O, neçə illərdən bəri arzuladığı mövzunu - Azərbaycanda qadın azadlığı hərəkatı tarixinini yazıb bitirmək istədi. Zəngin material topladı. Amma mövcud ictimai-siyasi rejim, qadağalar, bir də bədxahlar, mənsəbpərəstlər ona mane oldular, yerli-yersiz iradlar tutdular. Kövrək qəlbli, həlim təbiətli, dedi-qodu və qarşıdurma sevməyən, lakin mətin və dəyanətli bir insan olan Səidə xanım ürəkdən bağlı olduğu tədqiqat mövzusunu dəyişməyə məcbur oldu. Azərbaycan və Yaxın Şərqin tarixini gözəl bilən, bu ölkələrdə qadın hərəkatının ilk tədqiqatçısı olan Səidə xanım illərdən bəri topladığı materialları ürəyi istədiyi kimi şərh edə bilmədi, əsl həqiqətlərin hərtərəfli izahı, elmi ümumiləşdirmələrin elmi ictimaiyyətə, eləcə də geniş oxucu kütləsinə çatdırılmasına imkan verilmədi. Bütün təqib və çətinliklərə sinə gərən Səidə xanım nəhayət, Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş dissertasiya yazıb 1954-cü ildə onu uğurla müdafiə etdi, tarix elmləri namizədi alimlik dərəcəsi aldı. Dosent kimi 40 ilə yaxın ali təhsil sistemində gənclərin təlim-tərbiyəsi işində çalışdı. Yaza bilmədiklərini bəzən üstüörtülü, bəzən də müxtəlif vasitələrlə tələbələrinə çatdırırdı. Onların vətənpərvərlik ruhunda böyüməsinə böyük səy göstərir, mətbuatda çap etdirdiyi məqalələrində ürəyindəkilərin bir qismini xalqına çatdırırdı.
Hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox elmi əsər, kitabça və broşyura buraxdırmış, məqalə çap etdirmişdi. "Azərbaycanda qadın azadlığı", "Qadınlar sülh uğrunda mübarizədə", "Qadının cəmiyyətdə rolu" və s. mövzuda yazdığı əsərlər respublikanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onun Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatı Paris və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.
Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərmiş, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxumuş, ixtisas kursları tədris etmişdir. Tələbələr, xüsusən, qızlarla həmişə ünsiyyət saxlayır, onların dərd-sərlərinə şərik olur, onlara analıq qayğısı göstərirdi. Səidə xanım hamı tərəfindən sevilən müəllim, gözəl lektor idi. Onun mühazirələri dilinin aydınlığı, dərin təhlili və həm də əhatəliliyi ilə seçilirdi. Elə bu cəhətlərinə görə onun oxuduğu mühazirələr fakültə tələbələrini özünə cəlb edirdi. Səidə xanım İmanzadə ilə tələbələr arasında sözün əsl mənasında böyük səmimiyyət vardı.
Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, S.İmanzadə fakultənin dekanı olarkən ulu öndərimiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev BDU- nun tarix fakultəsində təhsil almış, Səidə xanımın mühazirələrini dinləmiş, onun sevimli tələbəsi olmuşdur. Səidə müəllimə xalqın taleyində müstəsna rol oynamış, onun tərəqqisinə geniş üfüqlər açmış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr etmişdir. Bu gün də BDU- nun tarix fakültəsinin 1957- ci il buraxılışının vinetkasına baxarkən dahi Heydər Əliyev kimi tələbəni, Yusif Məmmədəliyev kimi alimi rektor, Səidə İmanzadə kimi dekanı görərkən hər bir azərbaycanlının, o cümlədən Səidə sevərlərin keçirdiyi qürur hissini duymaq o qədər də çətin deyil...
Səidə xanım İmanzadə yaşının ixtiyar çağında elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətini də gənclik həvəsi ilə davam etdirirdi. O, uzun müddət Azərbaycan Qadınlar Şurası Rəyasət Heyətinin üzvü, Bakı Şəhər Qadınlar Şurasının sədri olmuşdur. Səidə xanımın yetirmələri, tələbələri elm, təhsil və mədəniyyət sahəsində böyük uğurlar qazanmışlar. Onlar bu gün respublikamızda elmin və təhsilin inkişafında öz müəllimlərinin adına layiq çalışırlar. Səidə xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti sonralar da yüksək qiymətləndirilmiş və "Şərəf nişanı" ordeni, "Əməkdə fərqlənməyə görə", "Arxa cəbhədə əməyə görə" medalları ilə təltif edilmişdir. Bundan başqa, Səidə xanım yüksək ixtisaslı tarixşi kadrlar hazırlanmasında fəal iştirak etdiyinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı, respulikada elmi biliklərin yayılmasında xidmətlərinə görə Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Onu adı hələ 1962-ci ildə "Bilik" cəmiyyətinin fəxri kitabına yazılmışdır. O, Mərkəzi Komitənin mühazirəçisi idi, 16 çağırış ardıcıl olaraq Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmiş, 11 dəfə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.
Respublikanın qocaman pedaqoqu, alimi və ictimaiyyətçisi, saçlarını maarif işində, xalqımızın tərəqqisi yolunda ağartmış, mənalı ömür sürmüş, nəsillərə örnək olan bu nəcib insanın, işıqlı şəxsiyyətin nurani siması, unudulmaz xatirəsi həmişə bizimlədir. Bütün həyatını gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş Səidə xanım İmanzadənin parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.{nl}

Yaqub MAHMUDOV, millət vəkili, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında