Neft Akademiyasında akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi qeyd edildi

Bu il dekabrın 15-də Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Şəfaət Mehdiyevin 100 yaşı tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli alim və ziyalının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün 8 noyabr 2010-cu il tarixli sərəncam imzalayıb. Sərəncama uyğun olaraq xeyli vaxtdır ki, respublikanın bir sıra elmi müəssisələrində, eləcə də Bakı, Naxçıvan və Gəncə kimi iri şəhərlərdə Şəfaət Mehdiyevin yubileyinə həsr olunmuş geniş tədbirlər keçirilir. Dekabrn 24-də belə silsilə tədbirlərdən biri Azərbaycan Dövlət Neft Akademiyasında keçirildi.
Tədbirdə respublika elmi ictimaiyyətinin, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin nümayəndələri iştirak edirdilər. Giriş sözü ilə Neft Akademiyasının rektoru Siyavuş Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda geologiya-mineralogiya elminin inkişafı, neft geologiyası üzrə təcrübəli kadrların yetişdirilməsi sahəsində akademik Şəfaət Mehdiyevin əvəzsiz xidmətləri olmuşdur. İyirminci əsrin neft sənayesinin böyük tərəqqi tapdığı bir dövr olduğunu qeyd edən rektor bildirdi ki, Şəfaət Mehdiyev məhz belə bir dövrdə Azərbaycanda neft geologiyasının inkişafına, yeni yataqların aşkar edilməsinə əhəmiyyətli töhfələr vermişdir.
Siyavuş Qarayevin sözlərinə görə, görkəmli alim 1910-cu ildə Cənubi Azərbaycanın Sərab vilayətinin Şalqun kəndində yoxsul bir ailədə dünyaya göz açmış, uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçmüş, ilk təhsilini Sabunçu qəsəbəsindəki məktəbdə almışdır. 1930-cu ildə o, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) geoloji kəşfiyyat fakültəsinə daxil olmuşdur. Zəhmətkeşliyi, çalışqanlığı və biliklərə dərindən yiyələnmək həvəsi onun təkcə öz ixtisası ilə kifayətlənməyərək xarici dilləri öyrənməsinə də səbəb olmuşdur. Şəfaət Mehdiyevin hələ tələbə ikən rus dilindən tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı sonradan 20-25 il ərzində tələbələrin istifadə etdiyi dərslik olmuşdur. Gənc yaşlarından elmə böyük həvəs göstərən Şəfaət Mehdiyev hələ tələbəlik illərində elmi-tədqiqat işləri ilə məşğul olmağa başlamışdır. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq cəbhəyə yola düşmüş, layiqli xidmətlərinə görə döyüş orden-medalları ilə təltif edilmişdir. 1944-cü ildə cəbhədən qayıdaraq elmi fəaliyyətini davam etdirmişdir.
Rektorun bildirdiyinə görə, bir müddət neft mədənlərində çalışsa da, gənc geoloq elmi araşdırmalarına da ara verməmişdir. Elmi axtarışlarını yorulmadan davam etdirən Şəfaət Mehdiyev 1945-ci ildə namizədlik, 1950-ci ildə doktorluq alimlik dərəcələrini müdafiə etmişdir. Onun "Abşeron yarımadası neft yataqlarının geotermikası" adlı namizədlik işi neft geologiyası sahəsində mühüm elmi əhəmiyyətə malik bir əsər kimi tezliklə elmi ictimaiyyətin diqqətini cəlb edir. Ancaq alimin doktorluq işi tamam başqa bir mövzuya - Talış dağ silsiləsi və Lənkəran rayonunun geoloji tədqiqatına həsr olunur. Akademik Şəfaət Mehdiyev 1954-1958-ci illərdə Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru, 1958-1965- ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. Həmin ildən ömrünün sonunadək Geologiya İnstitutunun "Neft və qaz geologiyası" kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda, indiki Neft Akademiyasında müəllim işləmiş, mühazirələr oxumuşdur. Görkəmli alim elmi işlərindən əlavə, bədii yaradıcılıqla da məşğul olmuş, hekayə, povest, şeir və dram əsərləri yazmışdır. Şəfaət Mehdiyev gənc neft-qaz mütəxəssislərinin və bu sahədə elmi kadrların yetişdirilməsi məsələsinə də həmişə böyük qayğı ilə yanaşmışdır. Neft Akademiyasının professoru Bağır Bağırov akademikin elmi fəaliyyəti haqqında geniş məlumat verərək bildirdi ki, Şəfaət Mehdiyev çətin və mənalı bir ömür yolu keçib, Azərbaycanın geologiya-mineralogiya elminə sanballı töhfələr verib. Onun sözlərinə görə, əvvəllər neft yığımının 4, 5, yaxud 6 kilometr dərinlikdə olması barədə elmi fikirlər mövcud olub. Ancaq Şəfaət Mehdiyev elmi cəhətdən əsaslandırıb ki, yerin hətta 9-10 kilometr dərinliklərindəki laylarda da xeyli miqdarda nəinki qaz, həm də neft yığımları toplana bilər. Bu, o vaxt üçün inqilabi fikir olub və bu nəzəriyyə əsasında Abşeron arxipelaqının yeni neft və qaz yataqları ilə zəngin olduğu, böyük perspektivlərə malik olduğu təsdiqlənib. Onun bu fikirləri Meksika körfəzində neft-qaz yataqlarının kəşfi sahəsində də öz təsdiqini tapıb. Cəfakeş alim, eyni zamanda, neftin mənşəyinin dərinlik-biogen nəzəriyyəsini irəli sürüb. Məhz bu nəzəriyyələr respublika neft-qaz sənayesinin və neft geokimyası elminin gələcək inkişafı üçün möhkəm baza rolunu oynayıb.
Professorun sözlərinə görə, akademik Şəfaət Mehdiyev həm də tələbələrin böyük dostu olub, daim onların qayğısına qalıb, istedadlı və bilikli tələbələrini məsləhət bildiyi sahələrə işə göndərib və sonradan inkişafına kömək edib. "O, sanki dünyaya xeyirxahlıq üçün gəlmişdi", - deyə professor qeyd etdi.
Bağır Bağırovun dediyinə görə, görkəmli alim həm də yaxşı ailə başçısı olub, dövlətimiz və xalqımız üçün layiqli övladlar böyüdüb. Övladları Arif Mehdiyev Prezident yanında Ali Attestasiya Komissiyasının rəhbəridir, Ülvi Mehdiyev atasının yolunu davam etdirir, geologiya- mineralogiya elmləri doktorudur, Aqşin Mehdiyev Azərbaycanın BMT-dəki daimi nümayəndəsidir, Fərhad Mehdiyev isə həkimdir.
Təhsil nazirinin müavini İradə Hüseynova Şəfaət Mehdiyevin elmi və ictimai fəaliyyətinin dövlət tərəfindən də həmişə yüksək qiymətləndirildiyini bildirdi. Onun sözlərinə görə, ümummilli liderimiz Heydər Əliyev akademikin elmi yaradıcılığını daim diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin onun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı da akademikin elmi fəaliyyətinə göstərilən qayğı və diqqətin nümunəsidir. Hazırda Bakı Dövlət Universitetinin geologiya fakültəsində Şəfaət Mehdiyev adına təqaüd və mükafat təsis edilib.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə Şəfaət Mehdiyevin Azərbaycanın geologiya-minerorlogiya elmi tarixində silinməz izlər qoyduğunu, yeni elmi nəzəriyyələr irəli sürdüyünü, eyni zamanda, çoxlu alimlər, neft -qaz mütəxəssisləri yetişdirdiyini, uzun illər onunla çiyin-çiyinə işlədiyi üçün özünü xoşbəxt hiss etdiyini, görkəmli ziyalıdan həyatda çox şeylər öyrəndiyini bildirdi.
Neft Akademiyasının müəllimi, geologiya-mineralogiya elmləri doktoru Hüseyn Hüseynov və kafedra müdiri Tulparxan Salavatov unudulmaz ictimai və elm xadimi ilə bağlı xatirələrini danışdılar. Sonda akademikin oğlu Ülvi Mehdiyev atasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi üçün şərait yaratdığına görə Prezident İlham Əliyevə və yubiley tədbirlərinin yüksək səviyyədə keçirildiyinə görə respublikanın elmi ictimaiyyətinə minnətdarlığını bildirdi.{nl}

Paşa ƏMİRCANOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında