Şriftin ölçüsü:
22.04.2010 06:08 | Oxunma sayı: 492
"Lomonosov" Beynəlxalq elmi konfransında iştirak etmiş M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının bir qrup tələbəsi Moskvadan qayıtmışdır.
Ali təhsil müəssisəsinin həyatında belə hadisə ilk dəfə baş vermişdir. Axı Bakı filialının cəmi iki yaşı vardır. Odur ki, ilkin regional seçim turundan keçmiş yeddi tələbə konfransa böyük həyəcan və məsuliyyətlə hazırlaşmışdır. Uğur qazanacaqlarına əminlik hissi isə onlarda filialın rektoru professor Nərgiz Paşayeva ilə səfərqabağı görüşdən sonra doğmuşdur. Nərgiz xanım tələbələrə böyük elmə doğru ilk qələbə addımları arzulamış, onlara xeyir-dua vermişdir. Rektorun sözləri tələbələrin mübarizə əhval-ruhiyyəsini yüksəltmişdir.
Moskvada tələbələrin, aspirantların və gənc alimlərin iştirakı ilə keçirilmiş "Lomonosov" beynəlxalq elmi konf2ransı MDB-də "Elm və innovasiyalar ili"nə həsr olunmuş "Lomonosov-2010" beynəlxalq gənclər elmi forumu çərçivəsində təşkil edilmişdi. Forum Müstəqil Dövlətlər Birliyi məkanında gənc elm nümayəndələrinin ən çoxsaylı forumudur. Forumun nəcib məqsədləri elmə istiqamətlənmiş gənclərin fəallığını inkişaf etdirməyə, onları müasir elmin aktual vəzifələrinin həllinə cəlb etməyə, alim adının nüfuzunu artırmağa, habelə istedadlı tələbələri və gənc alimləri dəstəkləməyə yönəldilmişdir.
Hava limanında görüşdən, əhatəli tədbirlər cədvəlindən, iştirakçıların asudə vaxtının təşkilindən tutmuş onların ilk dəqiqələrdən Moskva torpağında mehriban qarşılanmalarına, əhatə olunduqları gülər simalara qədər hər şey konfransın müvəffəqiyyətlə keçməsinə, öz məqsədlərinə çatmasına hesablanmışdı.
Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi MDU-nun İntellektual Mərkəzində - Fundamental Kitabxanada keçirilən konfransı açaraq iştirakçıları salamlamış, onların hər biri üçün konfransın əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bu, faydalı münasibətlər qurmaq, elmi əlaqələr yaratmaq, ilk elmi axtarışlarda yeni təmas nöqtələri tapmaq üçün əla imkandır.
Açılış mərasimində MDU-nun müxtəlif regionlardakı bir sıra filiallarının rektorlarının, o cümlədən Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın videoçarxa yazılmış təbrikləri səslənmişdir.
Müvafiq seksiyalar üzrə hazırlanmış məruzələr təqdim olunmuşdur. Qeyd edək ki, Bakı filialı tələbələrinin bütün işləri böyük maraqla qarşılanmışdır. Filologiya fakültəsinin ikinci kurs tələbələri Ülviyyə Orucova F.de Roxasın "Kalistro və Melibeya haqqında tragikomediya" romanının materialı əsasında "Selestina obrazı", Aliyə Faradova "İtaliya reklamında dialektlərin funksiyası" mövzularında məruzələrlə çıxış etmişlər. Aliyə Faradovanın dialektlərin funksiyası barədə məruzəsi tələbələrin, aspirantların və gənc alimlərin beynəlxalq konfransının ən yaxşı məruzəsi sayılmış və "Lomonosov-2010" forumunun fəxri fərmanına layiq görülmüşdür.
Adlı-sanlı alimlərdən ibarət nüfuzlu münsiflər heyəti Bakı filialı tələbələrinin təqdim etdikləri digər işləri də bəyənmişdir: riyaziyyat fakültəsinin ikinci kurs tələbələri Nigar Məmmədova və İlahə Bünyadova, psixologiya fakültəsinin birinci kurs tələbələri Ofelya Məmmədova, Məhsəti Fərəcova və İlahə Gülalıyeva münsiflər heyəti üzvlərinin suallarına inamla cavab vermiş, iştirakçı sertifikatları almışlar.
Səfər zamanı tələbələri müşayiət edən və onları dəstəkləyən Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Tağıyevin gənclərin Moskvada keçirilən bu əhəmiyyətli elmi konfransa hazırlaşmalarında böyük zəhmətini vurğulamaq yerinə düşərdi.
Bir sözlə, MDU-nun Bakı filialı tələbələrinin beynəlxalq elmi forum kimi ciddi tədbirdə ilk iştirakı onlar üçün, həqiqətən, böyük elmə atılan ilk addım olmuş və uğurla nəticələnmişdir.
{nl}
Elmira ƏLİYEVA AzərTAc-ın xüsusi müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.