Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində beynəlxalq seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi” mövzusunda beynəlxalq seminar keçirilib. 30-dan çox ali təhsil müəssisəsindən olan nümayəndələrin iştirak etdikləri tədbir ATMU ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində təşkil olunub.

ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov tədbiri açaraq bildirib ki, seminarın keçirilməsində əsas məqsəd keyfiyyət təminatı sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparmaqdır. O deyib: “Hər bir ölkənin dinamik inkişafında rəqabətə davamlı kadrların hazırlanması əhəmiyyətli rol oynayır. Əmək bazarının standartlarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığı prosesinin düzgün təşkilində keyfiyyət təminatı əsas amildir. Düşünürəm ki, iki gün ərzində davam edəcək seminar bu baxımdan əhəmiyyətli olacaq”.

Eldar Aslanov diqqətə çatdırıb ki, universitetdə Avropa təhsil məkanına uğurlu inteqrasiya, eləcə də ali təhsil sistemində islahatların həyata keçirilməsinə kömək göstərilməsi məqsədilə təhsil proqramları, onların hazırlanması, tədris və təlim resursları, dəstək xidmətləri ilə əlaqədar standartlar barədə mütəmadi seminarlar təşkil edilir və müzakirələr aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsi elm sektorunun müdiri Vüqar Məmmədov, Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova çıxışlarında ölkəmizdə ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıblar. Bildiriblər ki, ATMU-da keyfiyyət təminatı şöbəsinin fəaliyyət göstərməsi vacib məqamdır. Belə bir strukturun mövcudluğu ali təhsilin keyfiyyətinin təkmilləşdirilməsinə təkcə töhfə vermir, eyni zamanda universitetlərdə ümumi tədris prosesinin gedişinə də müsbət təsir göstərir.

Avropa Universitetlər Assosiasiyasının ali təhsil siyasəti bölməsinin eksperti Teresa Zanq ali təhsildə keyfiyyətin təminatının mövcud vəziyyəti barədə məruzə ilə çıxış edib. O, həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin keyfiyyət şöbələrinin əməkdaşları ilə müzakirələr
aparıldığını da bildirib.

Azərbaycan Turizm və Menecment Universiteti ilə Avropa İttifaqı arasında birgə əməkdaşlıq çərçivəsində “Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edən Teresa Zanq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları, Milli Erasmus ofisinin nümayəndələri və ölkədə yerləşən ali təhsil müəssisələrinin keyfiyyətin təminatı şöbələrinin  aparıcı mütəxəssisləri ali təhsildə keyfiyyətin təminatı, ona təsir edən amillər, daxili və xarici akkreditasiya, tələbə mobilliyi mövzularında ətraflı müzakirələr aparıblar. Seminar zamanı 3 işçi qrup ayrılıb. İşçi qruplar üzrə aparılan müzakirələr Azərbaycan Turizm və Menecment Universitetinin tədqiqat və inkişaf şöbəsinin müdiri Şəlalə Məmmədova, Bakı Ali Neft Məktəbinin keyfiyyətin təminatı şöbəsinin müdiri Samirə Musayeva, Sumqayıt Dövlət Universitetinin xarici dillər kafedrasının müdiri Nigar İsgəndərova və Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəisi Cahangir Səlimxanovun moderatorluğu ilə həyata keçirilib. Qeyd etmək yerinə düşər ki, Bakı Ali Neft Məktəbinin keyfiyyətin təminatı şöbəsinin müdiri Samirə Musayeva “Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatının mövcud vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin yekununda Eldar Aslanov seminarın davamlı olması və ölkənin digər ali təhsil müəssisələri ilə birgə gələcəkdə silsilə şəklində keçirilməsinin  zəruriliyini diqqətə çatdırıb.

 Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında