Ötən 7 ildə təhsil sahəsi sürətli inkişaf yolu keçmişdir

Hər bir xalqın həyatında təhsil olduqca əhəmiyyətli rol oynayır. Ulu öndər təhsili millətin gələcəyi adlandırırdı. Sosiologiya elminə görə təhsil cəmiyyətin fəaliyyətini tənzimləyən və inkişafını təmin edən beş fundamental sosial institutdan (ailə, din, dövlət, istehsal, təhsil) biridir. Təhsil çox mürəkkəb fəaliyyət sahəsidir. Ulu öndər deyirdi: "Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir".
Mən uzun illərdir ki, təhsil sahəsində çalışıram və bu çətinliklərin, təhsillə bağlı problemlərin bütün təfərrüatları mənə məlumdur. Müstəqil Azərbaycanda aparılan təhsil islahatlarının həyata keçirilməsinin də canlı şahidi və iştirakçısıyam.
Ulu öndərin müəllifi olduğu bu islahatlar ölkəmizdəki ictimai-siyasi vəziyyətin doğurduğu zərurətdən yarandı. 1999-cu ildə ümummilli liderin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında Təhsil İslahat Proqramı" yeni dövrün yeni təhsil sisteminin formalaşmasına bir növ start verdi.
2003-cü ildə cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra isə bu islahatlar davamlı xarakter aldı və bu gün qürurla deyə bilərik ki, Azərbaycanda təhsil sistemi tamamilə yeniləşmiş və Avropa standartlarına uyğun müasir təhsil sistemi formalaşmaqdadır.
Bu inkişaf orta ümumtəhsil sahəsində daha aydın nəzərə çarpır. Cənab Prezident hakimiyyətə gəldiyi dövrdən təhsillə bağlı ilk sərəncamları da məhz elə orta ümumtəhsil məsələləri ilə bağlı olmuşdur. Belə ki, 2004-cü il avqustun 21-də cənab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007)" təsdiq olundu, Həmin proqramın məqsədi yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltmək, ölkə təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaqdan ibarət idi. Artıq bu məqsədə nail olunmuş, orta ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompyuter nisbəti reallaşmışdır. Bundan sonrakı dövr üçün Prezidentin sərəncamı ilə daha mükəmməl bir Dövlət Proqramı qəbul olunmuş və bu proqram informasiya texnologiyalarının təhsil sahəsində daha geniş tətbiqini təmin etmək məqsədi daşıyır. Bəli, bu gün elə bir orta ümumtəhsil məktəbi tapılmaz ki, orada kompyuter otağı (bir və ya bir neçə) olmasın. Elektron dərsliklərdən istifadə olunmağa başlamışdır. Şagirdlərimiz internet vasitəsilə ən yeni məlumatları əldə edə bilirlər. Bunlarla yanaşı, İKT üzrə yeni kadr hazırlığına da xüsusi diqqət yetirilir.
Cəmiyyətdə baş verən bütün proseslər təhsilə, onun inkişafına təsir göstərir. Biz yeni, müstəqil Azərbaycan təhsilini yaradırıq. Uzun illər sovet təhsil sisteminin tərkib hissəsi olan Azərbaycan təhsili bu gün tamamilə yeni məzmun kəsb edir. Təhsilimiz milli xarakter alıb. Məzmunca yeni dərsliklər yaranıb. Yeni nəsil dərsliklərin şagirdlərə pulsuz paylanması müstəqil ölkəmizdə təhsilə qayğının bariz nümunəsidir.
Dövlətimizin, onun rəhbəri cənab Prezident İlham Əliyevin böyük qayğısının nəticəsidir ki, son illər təhsilimizin inkişafı ilə bağlı 16-dan çox Dövlət Proqramı qəbul olunmuşdur. Bu proqramların böyük bir qismi təhsilin əsas bazası hesab edilən orta ümumtəhsilin inkişafına aiddir. Onlar arasında yeni məktəb tikintisi, məktəblərin avadanlıqlarla təchizatı, istilik sistemi, dərslik problemi, istedadlı uşaqlara qayğı və s. məsələlərə həsr olunan proqramlar var ki, bu proqramların bir qismi rellaşmış, bir qismi isə reallaşmaq üzrədir.
Biz fəxrlə deyə bilərik ki, MDB məkanında yeni məktəb tikintisi sahəsində Azərbaycan öncül sırada dayanır. İndi ölkəmizin elə şəhər və rayonu yoxdur ki, orada yeni məktəb tikintisi geniş vüsət almamış olsun. Kəndlərimizdə belə müasir tipli yeni məktəb binaları tikilir, onlar yeni avadanlıq və informasiya texnologiyaları ilə təmin olunurlar. Elə, paytaxtımız Bakı şəhərində belə yeni inşa edilmiş məktəblər çoxdur. Hətta şagird sıxlığı çox olan məktəblərimizin böyük bir qisminə əlavə korpuslar tikilir, köhnə məktəblər əsaslı təmir olunur. Bu, çox böyük nailiyyətdir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi olaraq qeyd etmək lazımdır.
Tədrisin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində çox uğurlu addımlar atılmışdır. İndi ölkəmizin orta ümumtəhsil məktəblərində kurikalum islahatı həyata keçirilməkdədir. Bu islahat uşaqların məntiqi təfəkkürünün inkişafında, eləcə də istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayacağı şübhəsizdir.
Cənab Prezidentin sərəncamı ilə artıq bir neçə ildir "İlin ən yaxşı ümumtəhsil məktəbi", "İlin ən yaxşı müəllimi" müsabiqələri keçirilir. Bu özlüyündə ona görə yaxşıdır ki, məktəblərin və müəllimlərin məsuliyyətini artırıb. Eyni zamanda, təhsilin keyfiyyətinə də öz təsirini göstərir.
Digər bir mühüm nailiyyət ondan ibarətdir ki, orta ümumtəhsil məktəblərinin 9-cu və 11-ci siniflərində mərkəzləşdirilmiş test buraxılış imtahanları keçirilir. Bu imtahanlar bir tərəfdən şagirdləri gələcək ali və orta ixtisas təhsili məktəblərinə imtahan verməyə hazırlayır, həm də onların hazırlıq səviyyəsinə öz müsbət təsirini göstərir. Son illər keçirilən belə imtahanlar ali və orta ixtisas məktəblərinə qəbul zamanı abituriyentlərin səviyyəsinin yüksəldiyini aydın nəzərə çarpdırmışdır.
Artıq bir neçə ildir ki, ali məktəblərə qəbul zamanı abituriyentlərimizin böyük qismi 600-dən yuxarı bal toplaya bilirlər. Hətta maksimum - 700 bal toplayan abituriyentlərimizin də sayı çoxalmağa başlamışdır. Bunlan çox sevindirici faktlardır.
Ancaq təhsil sahəsində son illər baş verən yeniliklər bunlarla bitmir. Azərbaycanda təhsil bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimiz təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasını ardıcıl olaraq həyata keçirir. Əməkhaqları ilbəil artırılır, müəllimlərə fəxri adlar, Prezident təqaüdləri verilir. Hətta ucqar kəndlərə göndərilən müəllimlərə əlavə kompensasiyalar ödənilir.
Son illər Bakı şəhərində ümumtəhsil məktəblərinə diqqət xüsusi olaraq artırılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması paytaxtımızda məktəbəqədər və orta ümumtəhsil sahəsinin sürətli inkişafına əsaslı zəmin yaratmışdır. Bu təşkilatın həyata keçirdiyi tədbirlər nəticəsində təhsilin keyfiyyəti xeyli yüksəlmiş, şagirdlərin təhsilə marağı artmışdır.
Söz yox ki, təhsil sahəsində bu uğurların qazanılmasında Təhsil Nazirliyinin həyata keçirdiyi davamlı islahatlar əhəmiyyətli rol oynayır.
Azərbaycan təhsili yüksələn templə gələcəyə doğru inamla addımlayır. Yaxın gələcəkdə milli təhsilimizin Avropa standartlarına tam uyğunlaşacağı şübhəsizdir. Bunu deməyə təhsilimizdə həyata keçirilən davamlı islahatlar əsas verir.{nl}

Elida RZAYEVA, Bakı şəhəri 1 saylı məktəbin direktoru

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında