Naxçıvan Tibb Kolleci dövlətin qayğı və diqqəti ilə əhatə olunub

Naxçıvan Tibb Texnikumu kimi 1931-ci ildə fəaliyyətə başlayan, ayrı-ayrı vaxtlarda adı dəyişdirilərək, “Tibb Bacısı Məktəbi”, “Tibb Məktəbi” adlandırılan Naxçıvan Tibb Kollecində təhsil alan 700-dən çox gəncə tibb elminin incəliklərini və tibb işçisinin peşəkarlığını öyrətmək 80-dən çox müəllim və həkimə həvalə edilmişdir. Cəmi bir fakültə, 15-20 nəfər tələbə, 16 müəllim və həkimlə işə başlayan texnikumda illər ötdükcə, yeni fakültələr açılmışdır.

İlk vaxtlar yalnız feldşer ixtisaslı tibb işçisi hazırlayan bu təhsil ocağında 30 il sonra mamalıq və tibb bacısı ixtisasları üzrə də fakültələr təşkil olunmuşdur.

Kollecin fəaliyyəti dövründə burada yaddaqalan bir sıra görüşlər, unudulmaz hadisələr olmuşdur. 1974-cü ildə  ümummilli lider Heydər Əliyev Naxçıvanda olarkən həmin məktəbə baş çəkməsi, kollektivlə görüşüb, onlara tövsiyələr verməsi məktəbin tarixində şərəfli günlərdən biri hesab edilir. 2001-ci ildə, tibb məktəbinin 70 illik yubileyi təzəcə təmirdən çıxmış binada qeyd edilmiş, açılışda Ali Məclisin sədri Vasif Talıbov iştirak edərək, kollektivə uğurlar arzulamışdır.

Kollektivin yaddaşından  2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə olan görüş də yəqin ki, uzun müddət silinməyəcək. Çünki, həmin tarixdə əsaslı təmir işləri aparılandan sonra tibb məktəbi ölkə başçısının nitqi, tapşırıq və tövsiyələri ilə yenidən istifadəyə verilmişdir.

2010-cu ildən Naxçıvan Tibb Kolleci adlandırılan bu tibb təhsili ocağında 3 ixtisas üzrə təkmilləşdirmə kursları, sonradan isə ortopedik stomotologiya, laboratoriya, diaqnostika, müalicəvi idman və masaj, hərbi feldşer şöbə və fakültələri açılmışdır.

Vaxtilə tibb kadrlarına böyük ehtiyac olan Naxçıvan Muxtar Respublikasının ən ucqar dağ kəndlərində belə indi müasir xəstəxanalar, diaqnostika mərkəzləri, feldşer-mama məntəqələri tikilmiş, zəruri avadanlıqla təmin edilərək, xalqın istifadəsinə verilmişdir.

Ömrünün 50 ildən çoxunu əhalinin sağlamlığı keşiyində dayanan Kübra xanım Əliyeva ötən illəri belə xatırlayır: “Təhsil ocağının fəaliyyətinin ilk illərində bir tərəfdən kadr çatışmazlığı, digər tərəfdən yoluxucu xəstəliklərin artması və yayılması tibb işçilərinin işini xeyli çətinləşdirirdi. Elə vaxtlar olurdu ki, bir həkim eyni gündə bir neçə rayona çağırışa gedir, sakinlərə xidmət göstərirdi. Həmin dövrdə qızdırma, qarın yatalağı, traxoma və digər xəstəliklər insanlara əziyyət verirdi. Biz gecə-gündüz işləyir, yorulmaq nə olduğunu bilmirdik. Həmin vaxtlarda biz sovet imperiyasının qadağa qoyduğu, xalq təbabəti ilə məşğul olan – şəfalı otlardan istifadə edib məlhəm hazırlayan “ara həkimləri”nin yardımına da ehtiyac duyurduq. Etiraf etmək lazımdır ki, onların köməyi ilə çox sayda xəstələrimiz şəfa tapırdı. Məktəbin tələbələri “Xəstə mənim düşmənim olsa belə, onu sağaltmağa çalışacağam” andına sadiqlik göstərirdilər.”

Qeyd etmək lazımdır ki, Naxçıvan Tibb Kolleci təkcə muxtar respublika üçün deyil, ölkənin müxtəlif  bölgələri üçün də tibb kadrları hazırlayır. Hazırda kollecdə Bakı, Sumqayıt, Lənkəran, Masallı, Zaqatala, Xaçmaz və digər rayonlardan olan gənclər təhsil alırlar. Qeyd etmək lazımdır ki, məktəbin kollektivi onlara daha çox diqqət və qayğı göstərir, problemləri ilə maraqlanır. Direktor Sona Məmmədova bütün tədbirlərdə  xatırladır: “Unutmayın ki,  qarşınızda oturan hər bir gənc sizin övladınızdır. Onlara qayğı ilə yanaşmaq hər birinizin borcudur”. “Əməkdar həkim” və “Əməkdar müəllim” fəxri adlarına layiq görülən K.Əliyeva, təcrübəli həkimlərdən Ş.Qurbanova, Ş.Süleymanova, Z.İsmayılova, M.Həsənova, D.Abdullayeva, cərrah E.Bababəyli, müəllimlərdən X.Kazımova, Ə.Qasımova, X.Baxşəliyeva  bilik və bacarıqlarını tələbələrdən əsirgəmirlər.

Kollecin tələbələri tətil günlərində Türkiyədə, xüsusən İstanbuldakı xəstəxanalarda təcrübə keçir və mütəxəssislərdən  peşə incəliklərini öyrənirlər. Məktəbdə 8 kabinet, 3 laboratoriya, 7 elektron lövhəli sinif otağı, 3 kompüter otağı, Heydər Əliyev lektoriyası, tibbi ədəbiyyatlarla təmin edilmiş kitabxana tələbələrə xidmət edir. Ali Məclisin sədri Vasif Talıbovun diqqəti və qayğısı ilə 2013--2014-cü tədris ilində yeni kompüter otaqları istifadəyə verilmişdir. Tələbələr geniş idman zalında stolüstü yarışlar, futbol, voleybol, basketbol və idmanın başqa növləri ilə məşğul olur, rayonlararası və respublika yarışlarında iştirak edib layiqli yerlər tuturlar.

Muxtar respublikanın səhiyyə və təhsil nazirlikləri kollecə daim qayğı göstərir, diqqətdən kənar qoymurlar. Azərbaycan Respublikası və muxtar respublika rəhbərliyinin kollecə göstərdiyi davamlı diqqət və qayğıya cavab olaraq biz müəllimlər də layiqli tibb kadrları hazırlamaq üçün bundan sonra da bilik və təcrübəmizi əsirgəməyəcəyik.

Qadir HƏSƏNLİ,
Naxçıvan Tibb Kollecinin müəllimi,
Azərbaycan Respublikasının Əməkdar təbliğatçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında