Şərəfli ömür yolu keçmiş dünya şöhrətli alim, akademik Şəfaət Mehdiyev XX əsr Azərbaycan elm tarixində parlayan ulduzlardan biri olmuşdur. O, Azərbaycan xalqının, onun elminin, mədəniyyətinin, təhsilinin böyük simalarından biri kimi elm tariximizdə silinməz izlər qoymuşdur.
Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş.Mehdiyev M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20-25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir.
Ş.Mehdiyev hələ tələbəlik illərində elmi-tədqiqat işləri ilə ciddi məşğul olurdu. O illərdə Azərbaycanda milli mütəxəssislərin çox az olması ilə əlaqədar Şəfaət Mehdiyev oxuduğu institutda və Azərbaycan Pedaqoji İnstitutunda (indi Azərbaycan Pedaqoji Universitetində) kristalloqrafiya fənnindən Azərbaycan bölmələrində dərs deyirdi. O, 1938-ci ildə Pirsaat və Neftçala neft mədənlərində baş geoloq və Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifələrində fəaliyyət göstərir. 1939-1941-ci illərdə Şəfaət müəllim Azərbaycan geoloji fondunun və Abşeron geoloji partiyasının rəisi vəzifələrində çalışır. Bu dövrdə o, Abşeron yarımadasının geoloji xəritələrinin tərtib edilməsində mühüm işlər görmüşdür.
Müharibənin ilk günlərindən Şəfaət Mehdiyev ordu sıralarına gedir. Neft və qaz sahəsində tanınmış mütəxəssis olduğundan o, 1944-cü ildə cəbhədən geri çağırılır və Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda elmi fəaliyyətə başlayır. Şəfaət Mehdiyev burada elmi işçidən institut direktoru vəzifəsinə kimi ucalır. O, 1945-ci ildə neft geologiyasında mühüm təcrübi əhəmiyyətə malik olan "Abşeron yarımadası neft yataqlarının geotermikası" mövzusunda namizədlik işini müdafiə edir. 1945-50-ci illərdə Azərbaycanın ən az öyrənilmiş geoloji rayonu olan Lənkəran rayonunun və Talış dağ silsiləsinin geoloji tədqiqat işləri ilə məşğul olur. Nəticədə Şəfaət Mehdiyev 1950-ci ildə "Lənkəran rayonunun geoloji quruluşu və neftlilik perspektivliyi" mövzusunda geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir. Sonralar bu iş monoqrafiya şəklində çap olunur.
Şəfaət müəllim 1958-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunur. 1965-ci ildən ömrünün axırına kimi isə Geologiya İnstitutunda "Neft və qaz geologiyası" şöbəsinə rəhbərlik edir. O, eyni zamanda, Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri işləmiş və uzun illər bu tədris ocaqlarında mühazirələr oxumuşdur.
Ş.Mehdiyevin, demək olar ki, yarım əsrdən çox neft və qaz sahəsində apardığı çoxşaxəli elmi- tədqiqat işləri bu elmin nəzəri və təcrübi problemlərinin ən aktual sahələrini əhatə edir. Onun rəhbərliyi altında yüksək dərinliklərdə yatan çöküntü qatlarının neft-qazlılığının elmi əsaslandırılması və proqnozlaşdırılması üzrə apardığı tədqiqat işləri böyük elmi və praktiki əhəmiyyətə malikdir. Tədqiqatların nəticələri göstərdi ki, Cənubi Xəzər çökəkliyində 5-10 kilometr dərinliklərdəki çökmə süxurlar sənaye əhəmiyyətli neft və qaz yığımlarının əmələ gəlməsi üçün özünəməxsus struktur-tektonik, litoloji-fasial və termodinamik şəraitlərə malikdir. 10 kilometrə qədər dərinliklərdə yatan kollektor laylarının həcm tutumu və süzmə qabiliyyətini saxlama halları təcrübədə yoxlanılmışdır. Bu o deməkdir ki, böyük dərinliklərdəki laylarda xeyli miqdarda nəinki qaz, həm də o illərdə ümumi qəbul edilmiş fikrin əksinə olaraq, neft yığımları toplana bilər. Şəfaət müəllim Abşeron yarımadasından şimalda yerləşən akvatoriyanı diqqətlə öyrənməyi tövsiyə etmiş və bunu Xəzər dənizinin bu hissəsinin neft-qazlılıq perspektivliyi ilə əlaqələndirmişdi. Beləliklə, görkəmli alim Abşeron yarımadasına bitişik dəniz sahələrinin və bütövlükdə Abşeron arxipelaqının yeni zəngin neft və qaz yataqları aşkar etmək üçün ən yüksək perspektivliyə malik olduğunu qeyd etmişdir.
Bir neçə il keçdikdən sonra Abşeron arxipelağının perspektivliyi barədə akademik Ş.Mehdiyevin proqnozları reallaşmağa başladı. Xəzər dənizinin 5-6,5 min metr dərinliklərində bir sıra iri neft və qaz ("Günəşli", "Kəpəz", "Bulla-dəniz", "Qum adası", "Bahar", "Cənub-2", "Şahdəniz" və s.) yataqlarının aşkar edilməsi Cənubi Xəzər çökəkliyinin zəngin neft və qaz ehtiyatlarına malik olması haqqında akademik Ş.Mehdiyevin böyük uzaqgörənliklə söylədiyi fikirlərin doğru olduğunu təsdiq etdi. Qeyd edilən yataqlarda sənaye əhəmiyyətli neft-qazlılıq əsasən məhsuldar qatın alt şöbəsinin horizontları ilə əlaqədardır.
Aparılan çoxillik tədqiqatlara əsasən akademik Ş.Mehdiyev neftin mənşəyinin dərinlik-biogen nəzəriyyəsini irəli sürmüşdür. Bütün bunlarla respublika neft-qaz sənayesinin və neft geokimyası elminin gələcək inkişafı üçün möhkəm baza yaradılmışdır. Akademik Şəfaət Mehdiyev digər həmkarları ilə birgə ilk dəfə olaraq elmi-tədqiqat işləri nəticəsində "Vulkan püskürmələrinin fəza-zaman paylanmasının qanunauyğunluğu"nu da kəşf etmişdir. Ş.Mehdiyev bir sıra müxtəlif miqyaslı geoloji atlas və xəritələrin baş redaktoru olmuş və onların tərtib edilməsində yaxından iştirak etmişdir. Onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə onun elmi redaktəsi və bilavasitə iştirakı ilə ilk dəfə olaraq 1:500000 miqyaslı "Azərbaycan Respublikasının neft və qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi", altı çap vərəqi həcmində ətraflı məlumat kitabçaları çap olunmuşdur. Keçmiş SSRİ-də yeganə hesab edilən belə xəritə ölkənin elmi ictimaiyyəti və istehsalatçı mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Məhz bu xəritəyə görə o, Dövlət mükafatına layiq görülmüşdür.
Akademik Ş.Mehdiyev geologiya elminin tarixçisi kimi, geologiya elminin tarixi üzrə beynəlxalq komissiyanın müxbir üzvü, SSRİ EA Neft və Qazın Geologiyası və Geokimyasına dair Qafqaz və Zaqafqaziya üzrə Regional Komissiyanın Elmi Şurasının sədri idi. Respublikanın əməkdar elm xadimi, SSRİ-nin fəxri neftçisi və SSRİ qaz sənayesinin fəxri işçisi adlarına layiq görülmüşdür. İki Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı, ikinci dərəcəli Vətən Müharibəsi ordenləri, bir sıra müxtəlif medallar, Ümumdünya Sülhü Müdafiə Komitəsinin və bir sıra digər rəsmi orqanların və cəmiyyətlərin mükafatları, akademik S.İ.Vavilov adına medalı, habelə Ümumittifaq "Bilik" Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Şəfaət müəllim xarici ölkələrdə, o cümlədən ABŞ, Avstraliya, Almaniya, Hindistan, Kanada, Meksika, Fransa, Çexoslavakiya, Bolqarıstan, Macarıstan, İran, Türkiyə və digər ölkələrdə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, xüsusən neft geologiyasının geniş təbliğatçısı olmuşdur. Onun 400-dən çox elmi əsəri ölkəmizin müxtəlif nəşriyyatlarında və xarici mətbuat sahifələrində çap olunmuşdur. Şəfaət müəllimin hər bir əsəri, o cümlədən elmi monoqrafiyaları, dərslik və dərs vəsaitləri mütəxəssislər və ali məktəb tələbələri tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanmışdır. Geologiya terminləri lüğətinin tərtibçi-müəlliflərindən birincisi Şəfaət müəllim olmuşdur. Həmin lüğət indi də geoloqların masaüstü kitabıdır. Şəfaət Mehdiyev 1967-ci ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin üzvü olmaqla çox faydalı işlər görmüşdür. Onun "Ümumi geologiya" dərsliyi indi də ali məktəblərdə istifadə olunur. Akademik Ş.Mehdiyev Azərbaycan, Gürcüstan, Qazağıstan, Türkmənistan, Dağıstan, Sibir, habelə bir sıra Asiya və Afrika ölkələri üzrə 70-dən çox elmlər doktoru və namizədi yetişdirmişdir. Dünya şöhrətli bu görkəmli neftçi-alim həm də incə qəlbli gözəl publisist qələminə malik idi. Onun bir sıra siyasi, ictimai və sosial məsələlərə dair bədii əsərləri oxucuların dərin rəğbətini qazanmışdır. Şəfaət Mehdiyevin ədəbi aləmi onun dörd pyesi, bir çox hekayələri, miniatürləri, publisistik məqalələri və şeirlərində öz əksini tapmışdır. Onun "Mirzə Fətəli", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi pyesləri, "Su pərisi", "Rüşvət ustası", "Keçi əhvalatı", "Falçının məsləhəti", "Dələduz" və s. onlarcla qiymətli hekayələri, habelə "Yorğa müfəttiş", "Timsahın qazancı", "Nəzəri müalicə" kimi miniatürləri, "Oxu gözəl", "Unudulmur ilk məhəbbət", "Ötən ötdü", "Nazənin olsa", "Dedim-dedi" kimi çoxsaylı şeirləri öz müəllifinə geniş oxucu rəğbəti qazandırmışdır.
Böyük alim və gözəl publisist olan Şəfaət Mehdiyevin ilhamlı qəlbi daim yazıb-yaratmaq eşqiylə döyünürdü. Şəfaət müəllim 1993-cü il dekabrın 15-də - anadan olduğu gündə də dünyasını dəyişdi. İllər ötəcək, onun elmi və bədii qələminin bəhrələri hələ neçə-neçə nəsillərə sevinc gətirəcək, onun ölməz xatirəsi daim əzizlənəcəkdir.
Akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xidmətlərini nəzərə alaraq ümummilli liderimiz HEYDƏR ƏLİYEVİN fərmanı ilə Bakı şəhərinin küçələrindən birinə onun adı verilmiş, yaşadığı evin fasadına xatirə lövhəsi vurulmuş, Bakı Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının geoloji fakültələrində oxuyan tələbələrə "Akademik Ş.Mehdiyev adına təqaüd" ayrılmışdır.
Mənalı bir ömür yaşamış qüdrətli alim və gözəl insan Ş.Mehdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində uzun illər yaşayacaq.
{nl}
Hikmət MAHMUDOV, geologiya-mineralogiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.