Yüksək ixtisaslı kadr hazırlığı prioritet vəzifədir
1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. Xatırladaq ki, hazırda ADİU-da 1000-dən çox müəllim , o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 100 dən artıq elmlər doktoru, 600-ə yaxın elmlər namizədi işləyir. Ötən müddətdə universitetdə 100 minə yaxın müxtəlif profilli iqtisadçı kadrlar hazırlanmışdır.
ADİU-da hazırda 14 fakültə fəaliyyət göstərir, burada 55 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır. Universitetdə bütün ixtisaslar üzrə tədris planları Avropa təhsil sisteminə uyğunlaşdırılmış, tədris standartları və proqramları unifikasiya edilmiş, eyni zamanda, kredit sisteminə keçid prosesi tam başa çatmışdır.
Hazırda ADİU -da ixtisasların mənimsənilməsi prosesində iqtisadi təhsilin yeni innovasiya modeli uğurla reallaşdırılır. Bu isə fundamental hazırlıqla yanaşı, tələbələrin tətbiqi, praktiki bilik və bacarıqlara yiyələnməsinə imkan verir. Tədris prosesində bazar təcrübəsinin , biznes texnologiyalarının və iqtisadi siyasətin ən yeni nailiyyətləri tətbiq edilir. Onu da deyək ki, universitetdə müasir standartlara uyğun aparılan elmi araşdırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.
Ümumilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyev milli təhsilimizin Avropa standartları səviyyəsində qurulması istiqamətində iri miqyaslı tədbirlərin reallaşdırılması məqsədilə yeni proqram qəbul etmişdir. Dövlət başçımız bildirmişdir ki, hər bir ölkənin inkişafı onun təhsil sərvətləri ilə deyil, bilikli və savadlı kadrları ilə müəyyən olunur. Cənab İlham Əliyevin iqtisadi imkanların insan kapitalına çevrilməsi haqqında məşhur tezisi təhsil sistemində yeni vəzifələr müəyyən etmişdir. Möhtərəm Prezidentimizin bu tezisi təhsildə alınan biliyin, intellektin dərinləşməsini və insan kapitalının formalaşmasını nəzərdə tutur. Bu intellektual proses təhsil sisteminin qarşısında duran ən böyük vəzifədir, çünki elm təhsildə yaranır, yeni informasiya texnologiyaları elmə əsaslanır.
Son illər universitetin bütün fakültələrində olduğu kimi, "Texnologiya və dizayn" fakültəsində də tədris prosesinin günün tələbləri səviyyəsində qurulması bütövlükdə kadr hazırlığı sahəsində yüksək uğurlar əldə etmişdir. Fakültənin dekanı, professor Vəkil Hüseynov dedi :
- Universitetin rektoru, professor, Milli Məclisin deputatı Ş.Hacıyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı yenidənqurma işləri, struktur dəyişiklikləri, iqtisadi təhsilin yeni, mütərəqqi modelinin işlənib hazırlanması və tətbiqi proqramı uğurla həyata keçirilir. Ölkə Prezidentinin verdiyi tapşırıqlar, qarşıya qoyduğu proqram xarakterli tələblərə uyğun olaraq təhsildə və elmi araşdırmalarda innovasiyalara geniş yol verilmiş, maddi-texniki baza möhkəmləndirilmiş, ən müasir standartlara cavab verən tədris korpusları istifadəyə verilmiş, "Elektron Universitet" konsepsiyasının reallaşdırılmasına başlanılmışdır. Son illərdə Avropa təhsil məkanına inteqrasiya etmək , Baloniya prosesinə qoşulmaq məqsədilə universitetdə bütün tədris planlarının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox işlər görülmüşdür.
Universitetdə həyata keçirilən islahatların əsas hədəfi tələbələrin bilik səviyyəsini yüksəltmək , onlara diqqət və qayğının artırılması, maddi-texniki bazanın möhkəmlənməsi və müasirləşməsi olmuşdur.
2007-ci il oktyabrın 8-də yeni tədris binasının açılışında iştirak edən Prezident İlham Əliyev universitetdə son illərdə görülən işlərdən məmnun qaldığını bildirmiş, tədris binasına , buradakı yeniliklərə yüksək qiymət vermiş, eləcə də universitet qarşısında duran proqram vəzifələri müəyyən etmişdir.
Tədrisin keyfiyyətin yüksəltmək məqsədilə bir sıra uzunmüddətli proqramlar hazırlanmış və ardıcıl surətdə müvəffəqiyyətlə həyata keçrilir. Bunların əsasında "İnkişafa dəstək proqramı" , "İnkişaf-1", "İnkişaf-2" proqramlarını, respublikada ilk dəfə tətbiq olunan "İşıqfor" proqramını və s. göstərmək olar.
Bizim unversitetin əsas strateji məqsədi yüksək səviyyəli, peşəkar kadrlar hazırlamaqla yanaşı, öz Vətəninə, xalqına sədaqətli vətəndaş yetişdirməkdir.
Universitetlər arasında ilk dəfə 2006-cı ildən ADİU-da keçirilən "Məzun yarmarkaları" hər il fakültəni bitirən məzunların xeyli hissəsinin işlə təmin olunmasına şərait yaradır. 2008-ci ildə universitetdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Gənclər üçün karyera mərkəzi yaradılmışdır.
Tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün universitetdə ən müasir tələblərə cavab verən idman kompleksi, voleybol zalı, şahmat klubu, tələbə yeməkxanası fəaliyyət göstərir.
Son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra sərəncamları olmuşdur. Hazırda ölkədə yeyinti və yüngül sənaye müəssisələrinin inkişafı ilə əlaqədar xeyli işlər görülmüşdür. Bu qəbildən olan bir sıra sahələrin ixtisaslı kadrlarla təminatı Universitetdə fəaliyyət göstərən "Texnologiya və dizayn" fakültəsinin üzərinə düşür.
Professor Vəkil Hüseynov daha sonra dedi:
- "Texnologiya və dizayn" fakültəsi 1997-ci ildən fəaliyyət göstərir. Hazırda fakültədə yeyinti və yüngül sənaye sahələrini özündə əks etdirən 4 istiqamət və 9 ixtisas üzrə bakalavr təhsil pilləsi ilə kadr hazırlığı həyata keçirilir. "Texnoloji maşınlar və sahə avadanlıqları" , "Qida məhsullarının texnologiyası", "Dizayn" , "Fizika-kimya" kafedralarında 6 professor və elmlər doktoru, 52 dosent və elmlər namzədi, 23 baş müəllim və müəllim çalışır. Fakültənin əyani şöbəsində 623 tələbə oxuyur, 162 nəfər isə qiyabi təhsil alır.
Fakültədə biz əsas diqqəti öncə tələbələr və professor-müəllim heyəti arasında yüksək intizamın saxlanmasına ,tələbkarlığın və məsuliyyətin artırılmasına yönəldirik. Fakültədə kredit sistemi ilə təhsil alan tələbələr yaxşı bilirlər ki, yalnız semestr ərzində yüksək davamiyyətlə və tədris olunan fənləri lazımi səviyyədə mənimsəməklə onlar imtahanlarda yüksək uğur qazana bilərlər. Tələbələrimiz bu devizlə gündəlik fəaliyyətlərini qururlar. Bütün bunlar və rektorun hər dəfə imtahanların tam obyektiv, demokratik və şəffaf keçirilməsi barədə verdiyi əmr və sərəncamlar istər tələbələrimizin, istərsə də müəllimlərimizin məsuliyyətini birə-beş artırır.
Fakültəmizin tələbələri təkcə fakültə daxilində deyil, bütövlükdə universitetin ictimai-siyasi həyatında da yaxından iştirak edirlər.
Fakültəmizdə hər il "Dizayn" ixtisası üzrə təhsil alan xüsusi istedada malik tələbələrin əl işlərinin sərgisi keçirilir. Həmin sərgilərdə nümayiş olunan müxtəlif sənət nümunələri ölkəmizin zəngin tarixinin, mədəni həyatının , təkrarolunmaz təbiətinin təsdiqidir.
Hər il fakültəmizin məzunları universtetimizdə keçirilən Məzun yarmarkalarında iştirak etməklə onların bir qismi işlə təmin olunur.
Fakültənin kafedralarının əməkdaşları Rusiya, Ukrayna, Belarus, Türkiyə, Almaniya, Özbəkistan,Qazaxıstan və digər dövlətlərin universitetləri ilə elm və tədris sahəsində fəal əməkdaşlıq edirlər.
Son illərdə tələbələrimizdən bir neçəsi əl işlərini Uzaq Şərq ölkələrində (Tokio və Pekin şəhərlərində) keçirilən Qafqaz ölkələrinin ixracat sərgilərinə göndərməklə nümayiş etdirmiş , onlardan 3 nəfəri Tokioda keçirilən sərgidə laureat adına layiq görülmüş, bir nəfəri isə Pekində keçirilən sərgidə II yeri tutaraq diplomla təltif olunmuşdur.
Biz "Texnologiya və dizayn" fakültəsində olarkən Dizayn kafedrasında təşkil edilən tələbələrin əl işlərindən ibarət ənənəvi sərgiyə də baxdıq. Burada nümayiş olunan müxtəlif sənət nümunələri ölkəmizin zəngin tarixinin, mədəni həyatının , təkrarolunmaz təbiətinin təsdiqidir. Sərgiyə təqdim olunan işlərin böyük əksəriyyəti müxtəlif janrlarda olmaqla məntiqi və məzmunu ilə seçilir, bədii-estetik tutumu ilə yadda qalır. Yeri gəlmişkən , sərgidə diqqəti çəkən bir məqam da odur ki, tələbələrin əl işlərindən ibarət ayrı-ayrı məntiqli atributlar tamaşaçının təxəyyülünü pərvazlandırır, estetik zövq verməklə yanaşı, həm də təbiət, cəmiyyət barədə yeni bilgi aşılayır, onu düşündürür.
Nəhayət, sonda fakültənin dekanı, professor Vəkil Hüseynov qeyd etdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin illərin sınağından çıxmış özünəməxsus tədris və ictimai-təşkilati ənənələri var. Biz universitetin bir fakültəsi olaraq bu ənənələrə sadiq qalmaq, onu daha da zənginləşdirmək üçün səylərimizi daim artırmağa çalışırıq.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.