Şriftin ölçüsü:
17.12.2010 05:00 | Oxunma sayı: 797
Azərbaycan milli təhsilinin inkişafında xüsusi xidmətləri olan insanlar arasında onun öz yeri, öz mövqeyi var. O, sovetlər dönəmində maarif sisteminin formalaşmasında, təhsil sisteminin təşkilində böyük xidmətlər göstərmişdir. Söhbət bu günlərdə 85 illik yubileyi qeyd olunan Bahadur Heydər oğlu Babayevdən gedir.
Bahadur müəllimin yubileyinə toplaşan insanlar arasında akademik Budaq Budaqov, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, uzun illər neft sənayesi sahəsində məsul vəzifələrdə çalışmış Şahsuvar İbrahimov, professor Zahid Quliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri var idi.
Yubilyarı təbrik edən İsgəndər İsgəndərov təhsil naziri Misir Mərdanovun şəxsi təbrikini yubilyara çatdırdı. Sonra İsgəndər müəllim Bahadur Babayevin 60-80-ci illərdə Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətlərindən danışdı. O bildirdi ki, Bahadur müəllim ömrünün əsas dövrünü gənc nəslin maarifləndirilməsinə, eləcə də təhsil sisteminin yüksək səviyyədə təşkilinə həsr etmişdir. İstər adi müəllim kimi çalışdığı, istər Qaradağ Rayonu Təhsil Şöbəsinə rəhbərlik etdiyi dövrlərdə, istərsə də Bakı Şəhər Xalq Maarif Şöbəsində rəhbər vəzifədə çalışdığı dövrdə özünü mütərəqqi maarifpərvər insan kimi göstərmiş, öz bilik, bacarıq və səriştəsini milli təhsilimizin tərəqqisinə yönəltmişdir.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov isə öz çıxışında Bahadur müəllimin həyat tarixçəsinə diqqət yönəltdi. Bildirdi ki, qubadlılar öz həmvətənləri ilə həqiqətən fəxr edirlər. Bahadur müəllim 1915-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş, burada yeddillik təhsil aldıqdan sonra Bakıda texnikumda oxumuş, sonra isə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. O, böyük cəbhə yolu keçmiş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüşdür. Bakı Şəhər Komitəsində, Bakı Şəhər Xalq Maarif Şöbəsində məsul vəzifələrdə çalışmışdır. Uzun illər Bakı Kooperativ Texnikumunda direktor işləmişdir. Malik müəllim onu da bildirdi ki, Bahadur Babayevin məsul vəzifələrdə çalışdığı illər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edib. Məhz o dövrdə təhsil sahəsindəki xidmətlərinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Hazırda təqaüddə olan Bahadur Babayev bu gün də öz tövsiyələri və məsləhətləri ilə təhsil işçilərinə yardımını əsirgəmir.
Sonra bütün rayon ictimaiyyəti adından yubilyarı təbrik edən Malik İsaqov onun 90 illik növbəti yubileyinin doğma Qubadlı torpağında keçirilməsini arzuladığını bildirdi.
Yubilyarın yaşadığı Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də onu təbrik etdilər. Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov bildirdi ki, Bahadur müəllim rayonun fəal veteranlarındandır və onun məsləhət və tövsiyələrinə böyük ehtiyacımız var.
Bahadur müəllimlə bir məktəbdə təhsil almış akademik Budaq Budaqov yubilyar haqqında gənclik xatirələrindən danışdı. O bildirdi ki, Bahadur Babayevin Azərbaycan təhsilinin inkişafında məxsusi xidmətləri olmuşdur. Sonra yubilyar çıxış etdi. O dedi ki, Azərbaycan təhsili ulu öndərin hələ ilk dəfə hakimiyyətdə olduğu illərdə inkişaf etməyə başlamışdı. Heydər Əliyevin maarif işinə, təhsilin inkişafına göstərdiyi qayğının nəticəsində o vaxt Azərbaycanda geniş məktəblər şəbəkəsi yarandı, təhsilin bütün sahələrində əsaslı yeniliklər meydana gəldi.
Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə ulu öndər təhsil islahatının əsasını qoydu. Bu gün həmin islahatlar ulu öndərimizin siyasi kursunun ləyaqətli davamçısı cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Mən yeni məktəblərin tikintisi, məktəblərə informasiya texnologiyalarının gətirilməsi, yeni dərsliklərin yaranması ilə bağlı məlumatları eşitdikcə çox sevinirəm. İstəyirəm ki, Azərbaycan təhsili dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayansın. Və inanıram ki, yaxın gələcəkdə ölkəmizdə Avropa standartlarına uyğun səviyyədə təhsil sistemi formalaşacaq. Sonra o, yubiley iştirakçılarına minnətdarlıq ifadə edərək, bu diqqət və qayğını olduqca yüksək qiymətləndirdiyini bildirdi.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.