İlin yekunlarına dair mətbuat konfransı

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) ilin yekunlarına dair mətbuat konfransı keçirilib. İnstitutun direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev öncə rəhbərlik etdiyi institutun tarixindən söz açaraq bildirib ki, milli travmatologiya və ortopediya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşmış travmatoloji-ortopedik xidmət ilə təmin edilməsinə yönəlmiş ETTOİ-nun tarixi Azərbaycan və ümumən Sovet İttifaqında səhiyyə sisteminin inkişafı və o dövrdə cərəyan edən hadisələrlə sıx bağlıdır.

V. Verdiyev bu ixtisasın formalaşmasında görkəmli alim və cərrahlar, akademik M.A Topçubaşov, Z.M Məmmədov,
A.H Tahirov və digərlərinin böyük rolundan söz açıb. Qeyd edib ki, bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır. İnstitutun  200 çarpayı, 7 cərrahiyyə otağından ibarət klinikasında il ərzində təxminən 9 min nəfər xəstəyə yardım göstərilir. Bunlardan 7 mindən çoxu nəfərdən çoxu ambulator, 1900-dən çoxu isə stasionar müalicə alır. İldə 1500-ə yaxın cərrahi müdaxilə aparılan institutda bu sahədə xüsusi xidmət və qabiliyyətə malik olan 51 nəfər elmi işçi, о cümlədən 1 nəfər Əməkdar elm xadimi, 1 Əməkdar həkim, 3 professor, 7 elmlər doktoru və 16 nəfər fəlsəfə doktoru olmaqla  417 nəfər əməkdaş çalışır.

İnstitutun fəaliyyəti müddətində burada 16 doktorluq və 63 namizədlik dissertasiyası müdafiə edilmişdir. İxtiralara görə 76 müəlliflik şəhadətnaməsi və patent, 92 səmərələşdirici təklifə görə vəsiqə alınmışdır. ETTOİ-nun elmi işçiləri tərəfindən 21 monoqrafiya, kitab, vəsait, 18 metodik tövsiyə, 3 klinik protokol, 12 yaddaş kitabçası, 31 elmi məqalələr məcmuəsi, 1000-dən artıq elmi məqalə, 17 nömrə “Azərbaycan Ortopediya və Travmatologiya Jurnalı” çap edilmişdir.

ETTOİ ölkənin baş travmatoloji müəssisəsi kimi regionlarda xidmətin təşkili və həkimlərin təkmilləşdirilməsi sahəsində mühüm işlər görür, həmçinin vaxtaşırı Azərbaycanın müxtəlif bölgələrində institutun əməkdaşları və təhkim edilmiş kuratorları tərəfindən əhalinin profilaktik müayinələri və müalicəsi aparılır. Mütəmadi olaraq ETTOİ bölgələrdə elmi-praktik konfranslar və hər 3 ildən bir Azərbaycan travmatoloq və ortopedlərininin qurultayını kecirir.

İnstitutun strukturuna 8 kliniki şöbə və 6 laboratoriyanın daxil edildiyini bildirən direktor ETTOİ-da dayaq-hərəkət sisteminin zədələnmələri və anadangəlmə qüsurların müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunduğunu da diqqətə çatdırıb. Xüsusi olaraq vurğulayıb ki, çoxsaylı – bir neçə sümüyün sınığı, çoxqəlpəli oynaqdaxili sınıqları və onların fəsadları, çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. İntramedullar ştiftləmə, xarici və internal fiksasiyadan istifadə olunur. Sümük şişləri və şişəbənzər xəstəliklərin displaziyalarının, sistem xəstəliklərinin, döşün anadangəlmə deformasiyalarının rekonstruktiv, bərpaedici müalicəsi, böyük oynaqların endoprotezləşdirməsi və onların reviziya əməliyyatları aparılır. Onurğa patologiyaları, deformasiyaları və travmaları zamanı transpedikilyar fiksasiya və müasir cərrahi əməliyyatlar həyata keçirilir. Ətrafların deformasiyaları, qısalıqları İlizarov üsulları ilə cərrahi korreksiya edilir. Anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyaların və xəstəliklərin, müxtəlif etiologiyalı osteomielitlərin, açıq infeksiyalaşmış sınıqların, yumşaq toxumaların iltihabi proseslərinin müalicəsi və müxtəlif deffektlərin rekonstruktiv-bərpa müalicəsi müvəffəqiyyətlə nəticələnir.

Qeyd etmək lazımdır ki, Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu xarici ölkələrin müvafiq institutları ilə əməkdaşlıq əlaqələrini də genişləndirir. Hazırda ETTOİ Beynəlxalq Səhiyyə Təşkilatı (İlizarov üsullarının tədqiqatı üzrə beynəlxalq assosiasiyası), Türkiyənin EGE Universiteti və Hacəttəpə Universiteti, Belarus Travmatologiya və Ortopediya İnstitutu, Rusiya Federasiyasının Q.İ.Turner adına Elmi-Tədqiqat Uşaq Ortopediya İnstitutu, Almaniya ASKLEPİOS klinikası və başqa tanınmış klinikalarla müqavilələr imzalamış, sıx iş birliyi qurmuşdur.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında