Xaricdə təhsil alan tələbələrin akademik fəaliyyətə cəlb olunması vacib məsələdir

Dekabrın 17-də “ADA” Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbir keçirilib.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirin təşkilinin əsas məqsədi  yeni nəsil mütəxəssislərin yetişdirilməsində xarici ölkələrdə təhsil almış gənclərin fəal iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasıdır.

Tədbirdə əvvəlcə Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunmaları ilə bağlı videoçarx nümayiş etdirilib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dövlətimizin başçısının şəxsi təşəbbüsü ilə 2007-ci ildən ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması məqsədilə 3.500-dən çox tələbə təqaüdlə dünyanın qabaqcıl universitetlərində təhsil almaq hüququ qazanıb, onlardan 1.470-i artıq təhsilini başa vurub. Məzunlar dövlət və özəl sektorlarda müxtəlif vəzifələr tutmaqla yanaşı, ölkənin ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunublar. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” qəbul ediləndə ölkəmizin iqtisadiyyatının, dövlətin müasir standartlara uyğun təhsil alan kadrlara ehtiyacının ödənilməsi əsas götürülüb. 

“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev müvafiq məsələnin vacibliyini vurğulayaraq bildirib ki, universitetlərin hər zaman hazırlıqlı müəllimlərə ehtiyacı var. O deyib: “ADA” Universiteti üçün də kadr və fakültə problemləri ciddi məsələlər olaraq qalır. Dövlət xaricdə təhsil almış gənclərə çox böyük diqqət göstərir. Amma onlar bu gün bir çox problemlərlə üzləşirlər. Proqram çərçivəsində xaricdə təhsil alıb ölkəyə qayıdan gənclər dövlət strukturlarında işləmək üçün imtahanlarda iştirak etməlidirlər. Halbuki dövlət onları seçərək xaricə təhsil almağa göndərib”.

Gənc mütəxəssislərin elmə cəlb edilməsinin vacibliyindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bildirib ki,  elmimizin inkişafı onun təhsili ilə birgə inteqrasiyasından asılıdır. Bu prosesi uğurla reallaşdırmaq üçün hazırda mühüm addımlar atılır. “Elm haqqında” qanun layihəsinə əsasən artıq tədqiqat universitetləri statusu müzakirə edilir. Nəticədə universitetlər akademiya ilə şərikli böyük layihələr həyata keçirə biləcək. Hazırda AMEA-da kadr probleminin həlli əsas məsələlərdəndir.

Tədbirdə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov diqqətə çatdırıb ki, ölkəmizdə bu gün iqtisadiyyat sahəsində yüksək səviyyəli mütəxəssislərin azlıq təşkil etməsi ən böyük problemlərdəndir. Bu istiqamətdə peşəkar kadrların hazırlanması çox  vacibdir.

Ş.Mövsümov qeyd edib ki, Azərbaycanda son 10 ildə müşahidə olunan iqtisadi inkişaf mövcud modelin özünü doğrultduğunu göstərir. O deyib: “Qısa müddətdə yeni infrastruktur qurulub və Azərbaycan tamamilə yeni bir ölkəyə çevrilib. Lakin  yeni iqtisadi şəraitə uyğun modelin müəyyənləşdirilməsi də gündəmdədir. Prezident İlham Əliyev tərəfindən növbəti mərhələ üçün “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalanıb. Bütün sahələri əhatə edən bu sənədlə tanış olan iqtisadçılarımız öz fikirlərini və rəylərini verə bilərlər”.

Sonra Təhsil Nazirliyinin “SABAH” qruplarının təqdimatı olub.

Xaricdə təhsili üzrə Dövlət Proqramının məzunları Təhsil Nazirliyi və digər rəsmi qonaqlarla fikir mübadiləsi aparıb, tədris üçün mövcud imkanlar barədə məlumat alıb və akademik sahədə daha fəal iştiraklarını təmin edəcək şərtlərlə bağlı təkliflər səsləndiriblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında