Çikaqolu neyrocərrah K.Slavin: Azərbaycan Tibb Universitetinin tələbəsi olduğuma görə qürur duyuram

Azərbaycan Tibb Universiteti (ATU) dünyanın müxtəlif universitetləri ilə daim əməkdaşlıq edir və həmçinin yeni tərəfdaşlarla münasibətlər qurur. Bu günlərdə daha nüfuzlu bir elmi müəssisə ilə ATU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Çikaqonun İllinoys Universitetinin prorektoru Robert Barişin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub. Çikaqolu qonaqlar öncə universitet rəhbərliyi ilə görüşərək bu təhsil ocağı ilə tanış olublar.

Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara Azərbaycanın yeganə tibbi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Professor qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Tibb Universiteti də inkişaf yoluna qədəm qoyub. Hazırda ATU nəinki ölkəmizdə, ümumiyyətlə, regionda tibb təhsili verən ən güclü ali müəssisələrdən biridir. Rektor vurğulayıb ki, Tibb Universiteti yalnız ali məktəb deyil, həm də güclü elm ocağı və müalicə mərkəzi kimi fəaliyyət göstərir. Belə ki, universitet nəzdində müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dörd müasir klinika var. G.Gəraybəyli ATU-da tələbələrlə yanaşı, rezidentlər üçün də yüksək tədris şəraiti yaradıldığını bildirib.

İllinoys Universitetinin prorektoru Robert Bariş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu etiraf edərək, qonaqpərvərliyə görə ATU rəhbərliyinə təşəkkür edib. O, 3 tibbi kollecin birləşdirilməsi ilə yaradılan İllinoys Universitetinin Çikaqonun ən böyük ali məktəbi olduğunu qeyd edib. Universitetdə hər il 28 min nəfərin təhsil aldığını və bunlardan 17 min nəfərinin tələbə olduğunu diqqətə çatırıb. Vurğulayıb ki, tibb təhsili sahəsində ən məşhur elm ocaqlarından biri olan universitet elmi araşdırmalara ayrılan vəsait baxımından ABŞ üzrə ilk 50 yerə daxildir.

Universitetin oftalmologiya fakültəsinin dekanı, professor Mark Rosenblatt təmsil etdiyi elmi təhsil müəssisəsinin strukturu, fakültələrin fəaliyyəti, mövcud tədris prosesi və digər məsələlər haqqında geniş məlumat verib. O, ATU ilə tanışlıqdan məmnun olduğunu bildirərək buradakı şəraiti bəyəndiyini söyləyib.

Neyrocərrahiyyə şöbəsinin professoru Konstantin Slavin isə vaxtilə Azərbaycanda təhsil aldığını xatırladaraq bununla qürur duyduğunu diqqətə çatdırıb. O, ATU-dakı təhsil illərini xatırlayaraq, həmin dövrdən fəxrlə danışıb. Qeyd edib ki, o vaxtlar təhsil üçün indiki qədər münasib şərait yox idi. Qürur duyulmalı haldır ki, bu illər ərzində Azərbaycanın hər sahəsində olduğu kimi, səhiyyə və tibb sahəsində də ciddi uğurlar əldə olunub.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov ali məktəbin dünyanın bir sıra nüfuzlu universitetləri ilə əlaqələrindən söz açıb. Qonaqların ATU-nun Tədris-Cərrahiyyə Klinikası ilə tanış olduqları qeyd olunub. ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov universitetdə aparılan elmi araşdırmalar barəsində amerikalı nümayəndələrə məlumat verib.

Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Çikaqonun İllinoys Universiteti arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması məsələsi müzakirə olunub. Gələcəkdə universitetlər arasında qarşılıqlı tələbə, rezident və mütəxəssis mübadiləsinin gerçəkləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında