Şriftin ölçüsü:
12.12.2010 06:54 | Oxunma sayı: 676
Tarix yazanlar və tarixi yaradanların ömrü də elə tarixin özü qədər əbədi olur. Belə insanlar dünyadan köçəndən sonra da xalqının qəlbində əbədi yaşayır, qazandıqları ümumxalq məhəbbəti zərrə qədər də azalmır. Azərbaycan Turizm İnstitutunda bütün zamanlar üçün xalqının böyük sevgisini qazanmış və əbədiyaşar olan ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Toplantını giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq 2003-cü ilin 12 dekabrını Azərbaycanın tarixi taleyində böyük itki, çox ağrılı dönəm kimi səciyyələndirdi. Azərbaycan Respublikasının memarı və qurucusu olan Heydər Əliyevin vəfatının təkcə bir xalqın, bir dövlətin hüznü olmadığını bildirdi. Qeyd etdi ki, tarixdə fiziki yoxluğu ilə hətta zamanı belə kədərləndirən çox az şəxsiyyətlər olub. Azərbaycan xalqını bəlalardan qoruyan, millətini məhv olmaq təhlükəsindən xilas edən və uçurum astanasında olan ölkəsini parçalanmaqdan saxlayan dahi şəxsiyyət Heydər Əliyev yoxluğundan məhz zamanın belə kədərləndiyi böyük insan idi. Rektor xüsusi olaraq vurğuladı ki, bu dahi insan canı qədər sevdiyi Vətənini sağlamlığı bahasına qorudu, yenidən qurdu və onu inkişaf etdirərək dünya dövlətləri sırasına çıxardı. Buna görə də nə qədər ki, qədirbilən xalqımız yaşayır, onun əməlləri də örnək olaraq millətimiz üçün daim nümunə olacaq.
ATİ-nin turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli çıxış edərək hələ sağlığında millətinin qəlbində özünə heykəl ucaldan ulu öndər barədə fikirlərini bildirdi. Dedi ki, o, nəyi etməyin vacib olduğunu bilməklə yanaşı, konkret şəraitdə buna necə nail olmağı da mükəmməl şəkildə bilirdi. Buna görə də SSRİ rəhbərliyində onu böhran əleyhinə menecer sayırdılar, ən mürəkkəb işləri ona tapşırırdılar. 1990-cı ildə isə o, hamıdan öncə Sov.İKP-nin böhranda olduğunu bildirmişdi. Heydər Əliyev Bakıda milli azadlıq hərəkatını boğanlara qarşı çıxdı və buna etiraz əlaməti olaraq Kommunist Partiyasının üzvlüyündən istefa verdiyini bəyan etdi. Ümummilli liderimizin bu addımı bütün dünyada sensasiya doğurdu. O, istefaya çıxıb doğma Naxçıvana qayıtdı. Gecəsini gündüzünə qataraq Azərbaycan üçün mümkünsüz hesab edilən ideyaları gerçəkləşdirdi.
İctimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyev həmin illəri tədbir iştirakçılarına bir daha xatırladaraq müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iqtisadi inkişafın prioritetlərini dəyişməsindən söz açdı. Aqrar-sənaye ölkəsi olan Azərbaycanın liderin neft strategiyası hesabına sənaye-aqrar ölkəsinə çevrilməsindən, müstəqil inkişaf yoluna qədəm qoymasından danışdı. "Əsrin müqaviləsi"nin hazırlanmasında o zaman ARDNŞ-in vitse prezidenti olmuş İlham Əliyevin böyük rol oynamasını xatırlatdı.
Tarix elmləri namizədi Bahadur Bilalov isə çıxışında ulu öndərin fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxundu, həmçinin, ümummilli liderin Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin əsasını qoyduğundan söz açdı.
Yeni Azərbaycan Partiyası ATİ yerli təşkilatının sədri A.Fərmayılov bildirdi: "Heydər Əliyev təhsilə böyük önəm verirdi və respublikanın inkişaf strategiyasını bununla bağlayırdı. Tarixi faktlara söykənərək deyə bilərik ki, hələ sovet dönəmində minlərlə azərbaycanlı gəncin SSRİ-nin 150-dən çox qabaqcıl ali məktəblərinə oxumağa göndərilməsi məhz bu böyük insanın adı ilə bağlıdır. Həmin tələbələrin əksəriyyəti bu gün müstəqil Azərbaycanın böyük kadr potensialıdır. Bugünkü gənclikdən ulu öndərin adına layiq yaxşı oxumaq, müasir biliklərə əzmlə yiyələnmək tələb olunur."
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş toplantını ATİ-nin rektoru Cəfər Cəfərov bu sözlərlə yekunlaşdırdı: "Bu gün böyük hüznlə xatırladığımız həmin kədərli saatlardan, dəqiqələrdən yeddi il keçir. Böyük əminliklə deyə bilərəm ki, rəhbərlik üslubuna, düşüncə tərzinə görə zamanı qabaqlayan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti müasir gənclik üçün böyük məktəb, layiqli örnəkdir. 2003-cü ilin 12 dekabrı böyük öndərin fiziki yoxluğunun tarixidir. Tarix isə öz növbəsində sübut edib ki, dahi şəxsiyyətlər heç zaman ölmür, onlar xalqın qəlbində əbədi yaşayırlar."
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.