Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 80

İdman üzrə mütəxəssislər hazırlamaq məsuliyyətli və şərəfli işdir
Bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (Azərb.DBTİA) yarandığı vaxtdan 80 il keçir. Əsası 1930-cu il noyabrın 8-də qoyulmuş və Cənubi Qafqazda ilk ali məktəb olan Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun (ZDBTİ) açılışı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında olmuşdur.
1933-cü ildə ZDBTİ-nin 39 (6 qız, 33 oğlan) nəfərdən ibarət ilk buraxılış mərasimi keçirilmişdir. 1933-34-cü tədris ilində institutun Azərbaycan şöbəsi yaradılmışdır. Həmin vaxt burada 265 nəfər tələbə təhsil almışdır.
1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.
İkinci Dünya müharibəsi illərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əlaqədar Azərbaycan KP MK və Xalq Komissarları Sovetinin 11 dekabr 1941-ci il qərarı ilə bu ali təhsil ocağı Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Müharibə dövründə institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşdü. Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetirmələri Böyük Vətən müharibəsində misilsiz rəşadət göstərdilər. Onların bir qismi isə - Z.Rzayeva, İ.Baqriy, Q,Qəniyev, S.Əliyev, V.Litvinova, D.Qədirli və başqaları arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün fədakarlıqla çalışdılar.
1943-cü ildə respublikamızın idman həyatında bir canlanma yarandı. Lakin ciddi kadr çatışmazlığı özünü göstərirdi. Məhz buna görə də Azərbaycan K (b) P MK və Xalq Komissarları Sovetinin 9 iyul 1943-cü il tarixli qətnaməsi, habelə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1943-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu yenidən bərpa olundu.
Müharibədən sonrakı illərdə Azərbaycan bədən tərbiyəsi və idman hərəkatı yenidən vüsət aldı. İdmançılarımızın SSRİ çempionatlarında uğurlu çıxışı başlandı. Atlet Xandadaş Mədətov ilk dəfə uzununa tullanmaqda SSRİ rekordunu təzələdi. Güləşçilər və boksçular Ümumittifaq və Beynəlxalq yarışlarda nailiyyətlər qazandılar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi ilk XV Olimpiya oyunlarında sərbəst güləşçi Rəşid Məmmədbəyov ölkəmizə ilk gümüş medalı gətirdi.
1950-1960-cı illərdə Azərbaycan idmanı daha da inkişaf etmiş, institutun müəllimləri, tələbə və məzunları SSRİ-də bir çox yarışların qalibi və mükafatçıları olmuşlar.
1960-cı illərdə bədən tərbiyəsi və idmanı əhali arasında yaymaq və gəncləri kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər seçildiyi 1969-cu ildən institut üçün yeni binanın tikintisinə başlanmış və 1972-ci ildə onun açılışı olmuşdur. Bundan sonra əyani şöbəyə 350, qiyabi şöbəyə isə 100 nəfər tələbə qəbul edilmişdir. Kafedraların sayı isə 20-yə çatdırılmışdır.
Nazirlər Kabinetinin 1999-cu il 23 mart tarixli qərarına əsasən institut Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. Hazırda akademiyada fəaliyyət göstərən kafedralar 4 qrupa bölünür: nəzəri-pedaqoji fənlər üzrə kafedralar; idman-pedaqoji kafedralar; tibbi-bioloji kafedralar; ictimai fənlər kafedraları.
Akademiyada İdman şöhrəti muzeyi fəaliyyət göstərir. Burada Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının inkişafı tarixini əks etdirən foto-şəkillər və s. yerləşdirilmişdir.
İnstitutun nəzdində 1500-ə qədər tamaşaçı tutan stadion, idman meydançaları, üzgüçülük hovuzu, güllə atıcılığı üzrə nişangah və s. fəaliyyət göstərir.
Akademiyada 3500-dən artıq tələbə təhsil alır, onlardan 280 nəfəri qızdır. Eyni zamanda 244 professor-müəllim, (o cümlədən, 1 elmlər doktoru, 12 elmlər namizədi - professor, 3 professor, 32 elmlər namizədi - dosent, 158 müəllim və baş müəllim çalışır.
80 il ərzində bu qocaman ali məktəb 16 min nəfərdən artıq mütəxəssis hazırlamışdır. Akademiyanın bir çox məzunları bacarıqlı müəllim və məşqçi, elmi işçi, bədən tərbiyəsi hərəkatının təşkilatçısı kimi yetişmişdir. Onların hazırlanmasında A.Ağalarov, R.Baxşəliyev, İ.Dadaşov, Ə.Səfərov, Ə.Məmmədov, E.Kərimov, T.Abbasov, A.İsgəndərov, P.Kotsev, Ş.Şamxalov, N.Mepkulova, Ə.Babayev, Z.Rzayeva, B.Batyaykin, M.Vahabov, B.Deykun, İ.Dyaçkov, N.Səadətxan, R.Talıbov, O.Ağayev, H.Ağayev, T.Bəhramov, C.Qurbanov, B.Nərimanov, M.Məmmədova və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.
Akademiya öz məzunları Olimpiya çempionları V.Sineyev, İ.Rıskal, V.Lantratova, L.Şubina, R.Şabanova, L.Savkina, B.Koretski, İ.Ponomaryov, İ.Məmmədov, N.Hüseynov, Y.Belenki, Z.Meftahətdinova, N.Abdullayev, F.Mansurov, gümüş mükafatçılar R.Məmmədbəyov, Y.Konovalov, K.Aleksandr, bürünc mükafatçılar A.İbrahimov, Z.Bortkeviç, E.Quleva, V.Ələkbərov, F.Aslanov, A.Məmmədov, İ.Aşumova, dünya çempionları X.İsayev, M.Allahverdiyev, A.Niftullayev, C.Məmmədov, Z.Hüseynova, N.Rzayev, Ü.Abdullayev, A.Abdullayev, Avropa çempionları R.Hacıyev, S.Qasımov, R.Hüseynov, N.Eyvazov, N.Əlicanov, V.Rəhimov, SSRİ çempionları M.Babayev, P.Dadaşov, Ə.Məmmədov, R.İsmayılov, M.Novruzov, H.Məmmədbəyov və başqaları ilə haqlı olaraq fəxr edir.
Təkcə onu demək kifayətdir ki, son on il ərzində (2000-2010) idmançılarımız beynəlxalq yarışlarda və Avropa, dünya çempionatlarında və birinciliklərində 515 medal, o cümlədən 185 qızıl medal qazanmış, 2500 idman normativlərini yerinə yetirmişlər (28 beynəlxalq dərəcəli idman ustası, 707 idman ustası, 738 idman ustalığına namizəd).
2008-ci ildən "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi xəbərləri" jurnalı, 1998-ci ildən isə "İdmançı" qəzeti nəşr olunmağa başlamışdır.
Akademiyada son illər tərəfdaşlarla əlaqələr gücləndirilmiş, müvafiq beynəlxalq qurumlara üzvlük davam etdirilmişdir. Vurğulamaq lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Hazırda akademiyamız bir neçə xarici universitetlə əməkdaşlıq edir. Onların arasında Türkiyənin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti vardır.
1998-ci ildə akademiyanın bazasında Milli Olimpiya Akademiyası yaradılmış və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildən etibarən Milli Olimpiya Akademiyası ənənəvi olaraq "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə konfrans keçirir. Bu konfranslarda Rusiyanın və Gürcüstanın Milli Olimpiya akademiyalarının nümayəndələri də iştirak edirlər.
1998-ci ildən etibarən ADBTİA-da müasir texnologiyaların tədrisi, elmi-tədqiqat və nəşr işinin tətbiqi istiqamətində bir sıra dəyərli layihələr həyata keçirilməyə başlanmışdır. ADBTİA müasir kompyuter avadanlığı ilə təchiz edilərək burada kompyuter mərkəzi yaradılmış və tələbələrin istifadəsinə verilmişdir.
Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışır. Eyni zamanda, idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərilir. Akademiyanın müəllimləri 3 mindən artıq dərslik, monoqrafiya, eomi-metodiki vəsait və məqalələrin müəllifidirlər. Son illərdə bu ali təhsil müəssisəsində bədən tərbiyəsi sahəsində gənc elmlər namizədlərinin sayı xeyli artmışdır.
1950-2010-cu illərdə akademiya əməkdaşları tərəfindən 77 namizədlik dissertasiyası müdafiə edilmişdir. Onlardan 68-i pedaqoji elmlər namizədi, 9-u isə biologiya elmləri namizədidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təhsil sahəsində hazırlanmış konsepsiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilir. "Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci ilin yanvarında Prezident İlham Əliyevin imzaladığı sərəncamda Azərbaycan təhsilinin Avropa məkanına inteqrasiyasına geniş yer verilir və əsas vəzifələr müəyyənləşdirilir. Orada ali təhsilin bütün sahələrinin hərtərəfli inkişafı, Avropa və dünya təhsil sisteminə qoşulması, bu işin, düzgün seçilmiş kadrların üzərinə düşdüyü vurğulanır. Hazırda fəaliyyət planına müvafiq olaraq akademiyada bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Son illər akademiyada maddi-texniki təchizat sahəsində ən müasir texnologiyalardan istifadəyə üstünlük verilmişdir. Görülən hər bir işdə beynəlxalq standartlar prinsipi gözlənilmiş və bu standartlara cavab verən auditoriya və laboratoriyalar yaradılmışdır. Akademiyada foye, iclas salonu, otaqlar əsaslı təmir edilmiş, müasir idman kompleksi və şahmat otağı, idman muzeyi, yeməkxana, kitabxana kompleksi, yüksək informasiya texnologiyalarına əsaslanan laboratoriya və tədris kabinəsi, kompyuter və təchiz olunmuş auditoriyalar yaradılmışdır.

{nl}

Dilqəm QULİYEV, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında