İlk TEDxUNEC konfransı keçirildi

Noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçirilib. “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb. Təşkilat tərəfindən edilən güzəşt əsasında konfransda iştirak qeydiyyatsız və tam ödənişsiz həyata keçirilib.

İlk TEDxUNEC konfransında elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər – UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov mövzu ilə bağlı dəyərli fikirlərini paylaşıblar.

Konfrans TED kuratoru Chris Andersonun video-müraciəti ilə başlayıb. C.Anderson müraciətində TEDx konfranslarının mahiyyətinə və qazanılan dəyərlərə diqqət çəkib. Paylaşmağa dəyər fikirləri özündə ehtiva edən konfransda məruzəçilərin iştirakçılara faydalı məlumatlar qazandıracağına əminliyini ifadə edib.

İlk məruzəçi akademik Vaqif Abbasov “Azərbaycanda elm və təhsilin vəhdətinin problemləri və həlli yolları” mövzusu üzrə çıxış edib. O, aktual mövzunun  əsas istiqamətlərinə diqqət çəkərək, inkişaf maneələrini açıqlayıb. Təcrübəsinə əsaslanan məruzəçi çıxış yolunun müəllim hazırlığının metodologiyasının dəyişdirilməli olduğunu bildirib. Həyata keçirilən layihələrdə ölkənin siyasi, iqtisadi, coğrafi və mental dəyərlərinə əsaslanan milli modelin yaradılmasının vacibliyi vurğulanıb. Məruzəçi qeyd edib ki, elm və təhsil müəssisələri malik olduqları resurslarla bir-biri ilə daha intensiv əməkdaşlıq etməli, yeni nailiyyətlərə zəmin yaratmalıdırlar.

Aktual məsələyə fərqli prizmadan fikir bildirən deputat Fazil Mustafa “Azərbaycanda elmi fəaliyyət və təhsil prosesinin qanunvericilikdə tənzimlənməsi” mövzusunda özünəməxsus şərh verib. Təhsil sahəsində dünya təcrübəsinin tətbiqi zamanı yaranan problemlərə diqqət çəkərək, qanunvericiliyin elm və təhsil vəhdətini stimullaşdıracaq imkanlarını açıqlayıb.

Maraq doğuran informasiyaların səsləndirildiyi konfransda növbəti çıxışı “Tərəqqi, texnolgiya və elmin vəhdəti” mövzusunda  professor Şahlar Əsgərov edib. O, elm və təhsilin vəhdətində dəyərlərin qiymətləndirilməsini riyazi düsturlar əsasında bağlılığını ifadə edərək, sənaye və texnologiyanın bu vəhdətdə rolunu dinləyicilərlə paylaşıb. Həmçinin inkişafın zəruri və kafi şərtlərini açıqlayaraq bildirib ki, sənaye, texnologiya, elm və təhsi strukturları nə qədər bir-birinə sıx inteqrasiya edilsələr bir o qədər fayda verərlər.

Konfransın növbəti məruzəsini UNEC rektoru, professor Ədalət Muradov edib. “İnsan kapitalı təhsil və elmin yaratdığı dəyərdir” fikrini bildirən rektor, üç faktor arasındakı sistemli əlaqəni, fayda verəcək dəyərlərə izah verib. Rektor, insana yatırılan sərmayənin perspektivdə ölkə iqtisadiyyatında effektivliyi açıq şəkildə büruzə verəcəyini bildirib. Fiziki sərmayə ilə insana yatırılan sərmayə arasında müqayisəli təhlil verən məruzəçi inkişaf etmiş ölkələrdən statistik nəticələri nümunə gətirib. Təhsil faktorunu diqqət mərkəzinə çəkən məruzəçi ali təhsil müəssisələrinin xidmət göstərən biznes strukturu kimi fəaliyyət göstərməsinin daha effektiv nəticələr əldə edəcəyi fikrini bildirib. Ali təhsil almağın kütləviliyinin azaldılaraq, daha elitar təhsil forması kimi mövqelənməsinin təmin edilməsinin elm və təhsil vəhdətinin səmərəli nəticəsini yarada biləcəyini vurğulayıb.

“Paylaşılan ideyalar” sloqanı ilə 1984-cü ildə qurulan TED məruzəçilərin qısa videoları ilə biliyi və unikal mülahizələri bütün dünyaya yayan ensiklopediya halına gəlmişdir. TED-də dünyaca məşhur şəxslər və elm adamları bilik və təcrübəsini paylaşmaqdadırlar. Bu gün planetin 150 ölkəsində təşkil edilmiş  5723 TEDx konfransında 7114 məruzəçini təqribən 5 milyard insan izləmişdir.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında