Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilmişdir

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında bu tədris müəssisəsinin yaradılmasının 80 illiyinə həsr edilmiş təntənəli yığıncaq olmuşdur.
Ölkəmizin Dövlət Himni ifa ediləndən sonra Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı və Akademiyanın bu sahədə xidmətləri haqqında videoçarx nümayiş etdirilmişdir.
Yığıncaqda çıxış edən ali məktəbin rektoru Ağacan Abiyev qeyd etmişdir ki, Bədən Tərbiyəsi və İdman Akademiyası Qafqazda bədən tərbiyəsi sahəsində ali təhsilli kadrlar hazırlayan ilk tədris müəssisəsidir. A.Abiyev bu ali məktəbin təşəkkülündə ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd etmişdir.
Gənclər və idman naziri Azad Rəhimov vurğulamışdır ki, bu gün Azərbaycanın ən qocaman ali məktəblərindən biri öz yubileyini qeyd edir. Bu tədris müəssisəsinin məzunları arasında adları dünya idmanının tarixinə düşmüş məşhur şəxslər çox olmuşdur.
Nazir qeyd etmişdir ki, ölkə Prezidenti İlham Əliyev Akademiyanın 80 illiyi ilə əlaqədar tədbirlər keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bir neçə gün bundan əvvəl Akademiyanın əməkdaşlarının bir qrupunun dövlət təltiflərinə layiq görüldüyünü vurğulayan nazir qeyd etmişdir ki, ölkəmizin idman ictimaiyyəti dövlət başçısının idmançılara, bədən tərbiyəsi işçilərinə, idman veteranlarına qayğısını daim hiss edir.
Sonra Akademiyanın əməkdaşlarının bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunmuşdur. Azad Rəhimov təltif edilənlərə dövlət təltiflərini təqdim etmişdir.
Nazir Akademiyanın rəhbərliyinə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Xüsusi Diplomunu da təqdim etmişdir.
Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, respublikamızın və xarici ölkələrin digər ali təhsil müəssisələrinin nümayəndələri idman kadrlarının yetişdirilməsində Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük rol oynadığını qeyd etmişlər.
Bu gün Azərbaycan öz alimləri, mədəniyyət xadimləri ilə bütün dünyada məşhurdur, lakin ölkəmizin nüfuzunun ilbəil artmasında idmançıların da böyük xidmətləri vardır, planetin müxtəlif yerlərində idmançılarımızın qazandığı qələbələr şərəfinə Azərbaycanın Dövlət Himni səslənir.
Akademiyanın əməkdaşları idmanın inkişafına daim qayğı göstərdiyinə və dövlət təltiflərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişlər.
Ali məktəbin məzunları - Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftahətdinova, Elnur Məmmədli də idmançılara göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmiş və yubiley münasibətilə rektor Ağacan Abiyevi təbrik etmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında