Fransız-Azərbaycan Universitetində tələbə biletləri təqdim edilib

Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndəsi Filipp Turek, UFAZ-ın professor-müəllim heyəti və  KİV nümayəndələri  iştirak ediblər.

Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb, UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu qeyd edib. Səfir bildirib ki, bu il kimya üzrə 3 Nobel mükafatçısından biri məhz UFAZ-ın  professorudur.

Belə bir layihəni təqdirəlayiq hal kimi dəyərləndirən səfir onu da əlavə edib ki, UFAZ-ın tələbələrinin Strasburq Universitetinin kitabxanasından onlayn istifadə etmək imkanları var.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qeyd edib ki, UFAZ layihəsi iki ölkə arasında sosial-mədəni əlaqələrin ən aparıcı sahəsi olan təhsil əlaqələrinin inkişafında yeni bir mərhələni təşkil edir. Bu layihə, eyni zamanda, Azərbaycan gənclərinin Fransanın mədəniyyəti, zəngin elmi, mədəni irsi ilə yaxından tanış olmağa, eləcə də ölkələrimiz arasında milli-mədəni əlaqələrin daha da inkişaf edərək genişlənməsinə şərait yaradacaqdır.

Sonra UFAZ-da təhsil alan tələbələrə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub.

Qeyd edək ki, UFAZ layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilib.

2016-2017-ci tədris ili üçün UFAZ-a 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alır.

Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında