Azərbaycan Tibb Universiteti Dağıstan Dövlət Tibb Akademiyası ilə saziş imzalayıb

Azərbaycan Tibb Universitetində (ATU) Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti ilə görüş keçirildi. ATU-nun rektoru professor Gəray Gəraybəyli çıxış edərək universitetin beynəlxalq əlaqələrindən söz açdı və bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığın əldə olunduğunu bildirdi. Qeyd etdi ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb.

Rektor bildirdi ki, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar aparılır, fəaliyyət daha da təkmilləşdirilir.

ATU-da təhsil sistemi haqqında məlumat verən rektor qeyd etdi ki, artıq 5 ildir ikipilləli təhsil sistemi tətbiq olunur. Rezidentura pilləsini bitirən məzunlar mütəxəssis həkim sayılırlar. Onlardan bəziləri elə ATU-nun klinikalarında işləyir, bir çoxları isə xarici ölkələrdə staj keçirlər.

ATU-nun rektoru, həmçinin vurğuladı ki, beynəlxalq münasibətlər zamanı dil amili mühüm rol oynayır. Bu baxımdan, Dağıstan universiteti ilə əməkdaşlıq bizim üçün daha rahat olacaq. Digər tərəfdən, Azərbaycanın Dağıstanla həmsərhəd olması da əlaqələri asanlaşdıran amillərdən biridir.

Dağıstan Dövlət Tibb Akademiyasının rektoru professor Süleyman Mammayev ölkəmiz haqqında düşüncələrini açıqladı. Bildirdi ki, son illər Azərbaycanda hər bir sahədə nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib və bu islahatlar özünü təhsil və səhiyyə sistemində də göstərir.

Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən S.Mammayev Dağıstan Dövlət Tibb Akademiyasında 6 minə yaxın tələbənin təhsil aldığını bildirdi. O, akademiyada mövcud tədris sisteminin ATU-dakına bənzədiyini də bildirdi. Universitetin klinikaları və xüsusilə də Anatomiya muzeyi ilə maraqla tanış olduqlarını bildirən qonaq qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini dedi.

Görüş zamanı ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalandı.

Sonda professor Gəray Gəraybəyli həmkarını “ATU-nun qızıl medalı” ilə təltif etdi. S.Mammayev də professor G.Gəraybəyliyə xatirə hədiyyəsi təqdim etdi.

Nümayəndə heyəti ilə görüşdə Rusiyanın Azərbaycandakı konsulu Sergey Klyuşev, konsulun ikinci katibi Alla Naniyeva, Dağıstan Dövlət Tibb Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru, Dağıstan Respublikasının əməkdar həkimi Albert Alimetov, ATU-nun məsul şəxsləri iştirak edirdilər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında