Naxçıvan şəhərindəki 15 nömrəli orta məktəbin binası əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir

Dekabrın 9-da Naxçıvan şəhərindəki 15 nömrəli orta məktəb əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilmiş mərasimdə məktəbin direktoru Məhəmmədəli Rüstəmov çıxış edərək demişdir ki, 1973-cü ildən 39 nömrəli dəmiryol məktəbi, 2000-ci ildən isə 15 nömrəli məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağının heç vaxt bugünkü qədər şəraiti olmamışdır. Direktor əmin etmişdir ki, məktəbin kollektivi yaradılan şəraitdən düzgün istifadə edərək şagirdlərin təlim-tərbiyəsinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulamış, ulu öndərimizin bu sözlərini xatırlatmışdır: "Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir".
Əsası XX əsrin 70-ci illərində qoyulan təhsilə dövlət qayğısı ölkəmizdə uğurla davam etdirilir. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdir ki, ölkəmizin milli sərvəti insan kapitalının formalaşmasına sərf olunmalıdır. Bunlar sözdə deyil, əməli işdə öz əksini tapır. Son illər istifadəyə verilən yeni məktəblər, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, təhsil işçilərinin əməkhaqlarının artırılması, gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi, məktəblərimizin pulsuz dərsliklər, bədii ədəbiyyatlarla təmin olunması, müasir texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər görülmüşdür. Bir sözlə, ölkəmizdə Azərbaycanın gələcəyi olan gənclərin təhsilli, vətənpərvər ruhda yetişmələri üçün hər cür şərait yaradılır və bunlar da öz bəhrəsini verməkdədir.
Azərbaycanın gələcəyini möhkəm təməllər üzərində qurmaq üçün ulu öndərin təhsil sahəsindəki siyasətinin də uğurla davam etdirildiyini bildirən Ali Məclisin sədri demişdir: Nəticə etibarilə məktəblərimizin nailiyyətləri, təhsilli, dünyagörüşlü gənclərimizin sayı ildən-ilə artır. Buna misal olaraq 15 nömrəli məktəbi nümunə göstərmək olar. 2009-2010-cu dərs ilində məktəbin məzunlarından 26-sı ali məktəblərə qəbul olunmuş, onlardan 5-i yüksək nəticə göstərərək 500-700 intervalında bal toplamış, 1-i isə Prezident təqaüdünə layiq görülmüşdür. Məktəbdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət yetirildiyindən məzunlardan 3 nəfəri Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Məktəbin belə nailiyyətlər əldə etməsi dövlətimiz tərəfindən təhsilə yaradılan şəraitin, müəllim əməyinə verilən qiymətin, müəllim və şagirdlərimizin birgə fəaliyyətinin nəticəsidir.
Qeyd olunmuşdur ki, Azərbaycanda təhsil sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir neçə ildən sonra ölkəmizdə müasir tələblərə cavab verməyən məktəb binaları qalmayacaqdır. Təhsil sahəsində həyata keçirilən tədbirlər imkan verəcəkdir ki, Azərbaycanın hər bir gənci ölkəsi üçün yararlı vətəndaş kimi yetişsin. Ölkəmiz üçün yararlı vətəndaşların yetişdirilməsi üçün zəhmət çəkmək lazımdır. Bunlar isə ailədə və məktəbdə yaranır. Ailə və məktəb əlaqələrinə tədrisdə üstün istiqamət verilməli, daim diqqət mərkəzində saxlanılmalı, müəllimlərimiz hər bir gəncin formalaşmasında öz əməklərini sərf etməlidirlər. Muxtar respublikamızda hər bir şagirdin təhsilli, vətənpərvər ruhda yetişdirilməsi üçün çalışan müəllimlər cəmiyyəti artıq formalaşmışdır. Müəllimlərimizin səyi nəticəsində ali məktəblərə qəbul olunan şagirdlərin, yüksək bal toplayan, Prezident təqaüdünə layiq görülən gənclərin sayı ildən-ilə artır.
Vasif Talıbov təhsilli gənclərin yetişdirilməsindəki səylərinə görə müəllimlərə təşəkkürünü bildirmiş, onların əməyini yüksək qiymətləndirmiş, yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi bir daha təbrik etmişdir.
Sonra Ali Məclisin sədri muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan 60 əlaçı şagirdə kompyuter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan, 954 şagird yerlik yeni təhsil ocağında 53 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, 2 kompyuter otağı, kitabxana, yeməkxana və idman zalı fəaliyyət göstərəcəkdir.
Məlumat verilmişdir ki, məktəbdə 637 şagirdin təhsili ilə 124 müəllim məşğul olur. Məktəbdə zəngin kitabxana yaradılmışdır. Kitabxana fondunda 10347 latın qrafikalı dərslik və 5960 bədii ədəbiyyat olmaqla 16307 kitab vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında