Azərbaycanda yeni elmi tədqiqat mərkəzi yaradılır

Azərbaycanda iri neft və qaz layihələrinin əməliyyatçısı olan bp şirkəti bir sıra humanitar təşəbbüslərin də fəal iştirakçısıdır. Ötən müddətdə şirkət əməliyyatçısı olduğu “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri layihələrindəki tərəfdaşları ilə birlikdə ölkəmizdə təhsilin inkişafını dəstəkləyən bir sıra maraqlı layihələr həyata keçirib. Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılması da şirkətin təhsil sahəsinə göstərdiyi dəstəyin bariz nümunəsidir.

Xatırladaq ki, ADA Universitetində yaradılacaq mərkəz bu ali təhsil ocağında Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramının da fəaliyyətə başlamasına imkan verəcək. Bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək.

Layihənin açılışına həsr edilmiş tədbirdə çıxış edən “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib. Yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələrinin də faydalanacağını diqqətə çatdıran rektor  mərkəzin bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində mühüm rol oynayacağnı, həmçinin ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradılacağını bildirib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk dəfə həyata keçirilən bu layihənin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Nazir qeyd edib ki, “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi, həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq. Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bp-nin və onun tərəfdaşlarının ölkəmizdə yeni inkişaf sahəsinin yaradılmasına imkan verəcəyi gözlənilən bu layihəyə dəstək olmaqdan məmnunluğunu diqqətə çatdırıb. Bu layihənin konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və böyük həcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəldildiyini bildirən bp-nin regional prezidenti bunun həm də özəl sektorda və dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcəyinə inandığını söyləyib. O, həmçinin qeyd edib ki,  bp və tərəfdaşları üçün bu layihə Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və ADA Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir.

Xatırladaq ki, layihə nəticəsində, həmçinin ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin potensialının genişlənəcəyi və bunun ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacağı gözlənilir. Yeri gəlmişkən, ADA Universiteti tərəfindən yerinə yetiriləcək bu layihənin müddəti 2016-cı ilin oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə, 15 ay təşkil edir. Layihənin dəyəri isə 410 min dollardır.

Sonda “ADA” Universitetinin rektoru Hafiz Paşayev və bp-nin regional prezidenti Qordon Birrell Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dair müqaviləni imzalayıblar.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında