UNEC-də konfrans: “Müstəqil Azərbaycan 25 ildə – iqtisadi baxış”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə konfrans keçirilib. Konfransda UNEC-in professor-müəllim heyəti, tələbələrlə yanaşı, Milli Məclisin deputatları Vahid Əhmədov və Əli Məsimli də iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı videoçarx təqdim edilib.

Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını, UNEC-in professor-müəllim heyətini, tələbələri təbrik edən rektor, professor Ədalət Muradov müstəqillik tarixinə qısa nəzər salıb. Bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki azad və müstəqil dövlətin vətəndaşlarıdır. Sevinirik ki, ulu öndər tərəfindən qorunub saxlanılan dövlət müstəqilliyi onun sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən daha da möhkəmlənib.

Milli Məclisin deputatı, müstəqillik aktına imza atan deputatlardan Vahid Əhmədov şanlı tarixə qısa nəzər salaraq, azadlığın əldə edilməsi yolunda xalqın mübarizəsindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev də daxil olmaqla, 43 deputat SSRİ-nin dağılması ilə əlaqədar səs verdi, sonradan tale elə gətirdi ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyinin tanınması ilə bağlı Konstitusiya Aktı qəbul edildi və Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərməyə başladı.

Müstəqil yeni iqtisadi modelin formalaşması mərhələsindən danışan deputat müstəqilliyin qorunub saxlanılması yolunda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, xüsusən müəllifinin ulu öndər olduğu “ Əsrin müqaviləsi”ndən danışaraq, layihənin yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətindən söz açıb.

UNEC-in kafedra müdiri, professor Ümidvar Əliyev “Yüksək iqtisadi artım mərhələsi” mövzusunda çıxış edib. 2003-2013-cü illərdə əldə edilən iqtisadi nailiyyətlərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətdən danışıb.

Milli Məclisin deputatı, ­UNEC-in fəxri məzunu Əli Məsimli ­“İqtisadi diversifikasiya mərhələsi” adlı məruzəsində postneft dövrünə qədəm qoyan Azərbaycanda davamlı iqtisadi artımı təmin etmək məqsədi ilə görüləcək işlərdən danışıb. Bildirib ki, ölkənin malik olduğu insan resursları, zəngin yeraltı və yerüstü ehtiyatlar, eyni zamanda, əlverişli geopolitik mühit hesabına ölkədə dayanıqlı iqtisadiyyatı təmin etmək mümkündür. Ə.Məsimli iqtisadi artımı təmin etmək məqsədilə qeyri-neft sektoruna diqqətin daha da artırılmasına, xüsusən regionlarda ixracyönümlü iri müəssisələrin yaradılmasına, bununla da Azərbaycan brendinin formalaşdırılmasına ehtiyac olduğunu bildirib və təkliflər irəli sürüb.

Tədbir diskussiyalarla davam edib. UNEC-in iqtisadçı alimləri orta və uzun müddətli dövrdə iqtisadi artımı təmin etmək məqsədi ilə iqtisadi konsepsiyanın, yeni iqtisadi modelin hazırlanması, iqtisadiyyatın klasterləşməsinin vacibliyindən danışıblar.

Sonda deputatlar Vahid Əhmədov və Əli Məsimli iştirakçıların suallarını cavablandırıblar.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında