Xətai rayonunda müəllim adına böyük ehtiram var

Xətai Rayon İcra Hakimiyyətinın təşkilatçılığı ilə keçirilən dünənki bayram toplantısı bütün dövrlərdə millətin xoşbəxt sabahı naminə fədakarlıq göstərən müəllimlərimizin “ad günü” – Beynəlxalq Müəllimlər Gününə həsr edilmişdi.

Bayram süfrəsi arxasında keçən tədbir Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rayon məktəblərində çalışan müəllimlərin  simasında bütün Azərbaycan müəllimlərinə ünvanlanan təbriki ilə açıldı. Təbriki çatdıran icra hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov qeyd etdi ki, siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinə xidməti və ümumən yaşam tərzi ilə həqiqətən böyük müəllimimiz olan ümummilli liderimiz Heydər Əliyev çıxışlarında daim xalqın milli özünüdərkində, mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyimizin inkişafında müəllim əməyinin xüsusi rolu olduğunu qeyd etmiş, bu peşə sahiblərinin dövlətin yüksək diqqət və qayğısına layiq olduğunu bildirmişdir. Elə buna görə də ulu öndər müəllimlərə çox böyük ehtiram göstərmiş və bu münasibəti müstəqil Azərbaycanın daxili siyasətinin vacib bir istiqamətinə çevirmişdir.  Bu istiqamət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmişdir.

Prezidentin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar, həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən  ardıcıl tədbirlər müəllimlərimizə tədris ilinin yekununda yüksək nəticələr əldə etməyə zəmin yaratmışdır. Son onillikdə strateji sahə olan təhsilin inkişafındakı uğurlardan bəhs edən natiq, onların əldə olunmasında ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  da misilsiz xidmətləri olduğunu qeyd etdi.

Xətai rayonunda əldə olunan nəticələrdən də söz açan Z.Əkbərov bildirdi ki, bu illər ərzində görülən işlər rayonumuzda da təhsil sahəsində böyük uğurlar qazanmağa imkan vermişdir. Bu cəhətdən istisna olmayan 2015-2016-cı tədris ilində də rayonun  37 məktəbində təhsil alan 2628 məzundan 1602-si tələbə adı qazanmağa nail olmuşdur. Bütövlükdə Xətai rayonu üzrə ali məktəblərə qəbul 70 faiz təşkil etmişdir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən hesab edilir. Tələbə adı almış 10 nəfəri Prezident təqaüdünə layiq görülmüş, 102 məzunumuz müxtəlif xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. Bütün bunlar, şübhəsiz, müəllim adını daim yüksək tutan  rayonun  orta ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin gərgin və fədakar əməyinin  nəticəsidir.

Z.Əkbərov daha sonra qeyd etdi ki, müəllimlərimizin bu əməyi, həmişə olduğu kimi bu il də hörmətli Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmiş və onun sərəncamları ilə  məktəblərimizin  3 müəllimi “Əməkdar müəllim” adına layiq görülmüş, 1 müəllimimiz isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 

Toplantıda çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və digər natiqlər  müəllimləri təbrik edərək bu adı uca tutan, ona sonsuz sevgi ilə yanaşan hər bir insanın əsl vətəndaş kimi yüksək hörmət və ehtirama layiq olduğunu bildirdilər.

Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə fəxri fərmanlar və gül dəstələri təqdim olundu.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında