Jurnalist Şəfəq Mehrəliyeva: Mənə jurnalistikanı öyrədən diplomat

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu münasibətlə AZƏRTAC-ın ABŞ-da keçmiş xüsusi müxbiri Şəfəq Mehrəliyeva 1993-2006-cı illərdə Azərbaycanın Birləşmiş Ştatlarda səfiri olmuş, hazırda xarici işlər nazirinin müavini, ölkəmizdə ilk ixtisaslaşmış diplomatik təhsil ocağının – “ADA” Universitetinin qurucusu, peşəkar diplomat, professor Hafiz Paşayev haqqında məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi dünyadakı müxbir postlarını genişləndirərkən ABŞ-da yeni açılan xüsusi müxbir postuna təyin olunmuşdum. Jurnalistika karyeramı ölkə çərçivəsində fəaliyyət göstərən müstəqil media qurumunda  başlamışdım - reportyor kimi çalışdığımız ərazi əsasən paytaxt idi. Ümummilli lider Heydər Əliyevin şəxsən mətbuata verdiyi önəmdən nümunə götürən istər hökumət, istərsə də qeyri-hökumət təşkilatlarının rəhbərləri jurnalistlərə açıq, səmimi və yardımçı idilər.

Ezam edildiyim posta yollanarkən Vaşinqtonda da bənzər iş mühiti ilə qarşılaşacağımı düşünürdüm. Lakin ABŞ paytaxtının xəbərlər aləmi çoxşaxəli, reportyorluq qaydaları isə yerli siyasi sistemə uyğun idi. Məsələn, Bakıda hadisəni operativ şəkildə çatdırmaq üçün bir çox jurnalistlər yüksək səviyyəli rəsmilərin əzbər bildikləri cib nömrələrinə zəng edib məlumatı dəqiqləşdirə bilirdilər. Amerika idarələrində isə bütün ictimai əlaqələr qəti surətdə müvafiq şöbələr tərəfindən aparılırdı. Hərdən verdiyin suala cavabı bir-iki gün gözləməli olurdun və ya keçilməz divara çevrilən “no comment” (“şərhimiz yoxdur”) cavabı alırdın. Bu, ABŞ siyasi həyatı ilə yeni tanış olan xarici müxbirlərdə ruh düşkünlüyü yaratmağa, peşəkar qabiliyyətlərini sorğu-sual etməyə səbəb olurdu.

Yadımdadır, Çindən olan həmkarlarımdan biri ezam olunduğundan bir qədər sonra bu kimi çətinliklərə tab gətirməyib öz ölkəsinə qayıtmışdı. Mənim isə bəxtim daha çox gətirdi. Çünki ABŞ-da jurnalistliyi Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hafiz Paşayevdən öyrəndim.

Ezam olunduğum ilk günü xatırlayıram. Azərbaycanın ABŞ-dakı səfirliyinə gedib səlahiyyətlərimə başladığımı bildirmək üçün səfirlə görüşmüşdüm. Həmin gün “Washington Post” da daxil olmaqla, bütün əsas qəzetlər ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Dennis Hastertə yeni təyin olunan milli təhlükəsizlik məsələləri üzrə müşavir xanım Nensi Dorn barədə məqalələr dərc edib onun Amerika maraqlarına xidmət etdiyini sual edirdilər. Səbəb isə bu idi ki, xanım Dornun bir zamanlar çalışdığı hüquq firması Panama kanalının Atlantik və Sakit okeanlara çıxışındakı limanlarını maliyyələşdirən Çin şirkətinin maraqlarını qoruyurdu. Qəzetlərdə yaranan “səs-küydən” erməni lobbisi də dərhal yararlanmağa çalışmışdı: həmin hüquq firması Azərbaycanın maraqlarını təmsil etdiyinə görə erməni icması Nensi Dorna qarşı çıxır və ümumilikdə, Respublikaçılar Partiyasına prezident seçkiləri ərəfəsində sərt mesajlar göndərirdi. Halbuki, Azərbaycan səfirliyinin hüquq firması ilə əməkdaşlığına xanım Dornun heç bir aidiyyəti yox idi. Səfirlə söhbət etdikdən sonra məsələnin mürəkkəbliyi, eyni zamanda, kontekstdən çıxarılaraq ayrı-ayrı maraqlar üçün primitiv şəkildə istifadə edilməsi məni təəccübləndirmişdi. Bu barədə məqalə yazıb Bakıya göndərməmişdən əvvəl səfirə göstərmək istədim. Hafiz müəllimin qırmızı qələmlə gözucu redaktəsindən sonra məqaləmdən “qan axırdı”. Bu iradlar məsələnin işıqlandırılmasından daha çox, Azərbaycan dilinin qənaətbəxş istifadə edilməməsi ilə bağlı idi. Həmin iş gününü bitirəndə mən özüm üçün bir nəticə çıxardım: mövcud bilik baqajım ABŞ xarici siyasətini anlamaq üçün kasaddır. Az bir zamanda sənədlərimi nüfuzlu Corc Vaşinqton Universitetinin beynəlxalq siyasət və tətbiq ixtisası üzrə fakültəsinə təqdim etdim və təhsil aldım. Bundan sonra Dövlət Departamentinin brifinqlərində haqqında söhbət açılan siyasi məsələləri anlamaq, onlarla Azərbaycan və bütün Avrasiyada baş verən hadisələr arasında təhlil aparmaq asanlaşdı, media üzvü kimi ABŞ-ın bölgə üzrə siyasətinə təsir etmək cəhdləri daha səmərəli oldu. Bütün bunlar baş verərkən səfir Hafiz Paşayev istənilən məqamda öz məsləhətlərini və mürəkkəb siyasət məsələlərində bələdçiliyini əsirgəmirdi.

Azərbaycanın xarici maraqlarını Vaşinqton gündəminə gətirmək, ikitərəfli münasibətlərin dinamikasını ictimai əlaqələr baxımından artırmaq, ABŞ hökumətinin siyasi addımlarının “azərbaycanpərəst” və ya “ermənipərəst” kimi sadəlövh prizmalardan qaçaraq, məhz “amerikanpərəst” olduğunu Azərbaycan ictimaiyyətinə çatdırmaq səylərimin daha istiqamətli və daha peşəkar olmasında Hafiz müəllimin rolu əvəzsiz idi. Bu təcrübə mənə anladırdı ki, “xarici müxbir” olmaq sitat və eksklüzivlər arxasınca qaçmaqdan daha geniş bir missiyanı - dayanmadan maariflənmək və maarifləndirməyi ehtiva edən bir işdir. Hafiz Paşayevin səfir kimi qarşısında duran vəzifələri diplomatik ustalıqla, müdriklik və səbirlə, Azərbaycan üçün ən taleyüklü məsələlərdə belə emosiyalara yer verməyərək soyuqqanlıqla yerinə yetirməsi onunla işləyən, təmasda olan hər kəs üçün böyük peşəkarlıq məktəbi idi.

Əməkdaşlığımız davam etdikcə, vaxtaşırı onun rəyini öyrənmək istədiyim məqalələrimdə qırmızı qələmlə etdiyi düzəlişlər azalırdı. Lakin yenə də onları heçə endirə bilmirdim. İxtisasca fizik olan bu diplomatın dilə nəyə görə bu qədər həssaslıqla yanaşdığını anlamaq çətin deyildi: adı “müəllim” sözü ilə həmahəng səslənən görkəmli alim, yazıçı, maarifçi və sevimli pedaqoq Mir Cəlalın ailəsində böyüyən Hafiz Paşayev Azərbaycan dilinin müqəddəs qorunduğuna, sözün qüdrətinin sərhədsiz olduğuna alışmışdır və hamıdan məhz belə yanaşmanı tələb edirdi. Səfirin sərt redaktəsindən çıxmış yazılarımıza utancla baxmaq azmış kimi, həmişə sakit və mülayim səslə söylədiyi “bunu adam dilində yaz” iradını eşitmək məsuliyyət hissimizi artırır, bizi yazılarımız üzərində daha çox çalışmağa vadar edirdi. 

Görkəmli alim və yazıçı Mir Cəlal kimi dürüstlük, həqiqət, səmimiyyət vurğunu olan Hafiz Paşayev eyni tərəqqipərvər ruhun daşıyıcısıdır. Bu gün ölkənin ən aparıcı ali təhsil ocağının rəhbəri kimi onun şəxsi və pedaqoji keyfiyyətləri Azərbaycanın ali təhsilində yeni standartı formalaşdırır. Rektor Hafiz Paşayevin başçılığı ilə uğurla fəaliyyət göstərən “ADA” Universiteti fərqli akademik mühit yaratmaqla yanaşı, müəllim peşəsinin müqəddəsliyini də bərpa etmişdir. Burada çalışan müəllimlər tək elm öyrətmirlər, həm də müstəqilliyi gündən-günə möhkəmlənən Azərbaycan Respublikasının yeni vətəndaş nəslini tərbiyə edirlər. Tələbələrin burada aldığı başlıca dərs budur ki, peşəkarlıq, akademik əxlaq və dürüstlük dəyərləri, şərəf və məsuliyyətlə Vətənə xidmət və ona sevgi hər şeydən uca tutulmalıdır.

Deyirlər ki, müəllimin nüfuzu sərhədlərlə ölçülə bilinməyən sonsuza qədər yayıla bilər. Hafiz Paşayev məhz belə müəllimlərdəndir. Bütün dünya Beynəlxalq Müəllimlər Gününü qeyd edərkən, mənə jurnalistikanı öyrədən bu diplomata təşəkkürümü bildirirəm.

Şəfəq Akİfqızı,
AZƏRTAC-ın ABŞ üzrə keçmiş xüsusi müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında