Azərbaycanda ilk qəza məktəbinin - Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi qeyd edilmişdir

Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi qeyd edilmişdir.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.
Qonaqlar, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri foyedə rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrindən, şəhər 1 nömrəli orta məktəbinin məzunlarının qızıl və gümüş medallarından, vinetkalarından, bugünkü şagirdlərinin Vətən haqqında inşalarından ibarət sərgiyə maraqla baxmışlar.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra "Mənim doğma məktəbim" sənədli filmi göstərilmişdir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərovun təntənəli açılışı 1830-cu il dekabrın 30-da olmuş ilk qəza məktəbinin keçdiyi tarixi yoldan, bu günündən, yetirmələrindən bəhs edən məruzəsi dinlənilmişdir. O, tanınmış məzunları - akademiklər Lətif İmanovu, Səttar Əsədovu, Paşa Rüstəmovu, Cəlal Allahverdiyevi, elmlər doktorları Validə Yusifzadəni, Sabir Rüstəmovu, Əbülfət Rüstəmovu, Cəlal Şükürovu, Sayalı Tağıyevanı, Əkbər Ağayevi, Kamran Məmmədovu, Nadir Əlişovu, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədovu, bəstəkarlar Süleyman Ələsgərovu, Əşrəf Abbasovu və başqalarını xatırlatmışdır. Məruzəçi xüsusi vurğulamışdır ki, bu məktəbin 150 illik yubileyi vaxtilə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə MK Bürosunun qərarına əsasən qeyd edilmişdir. Şuşanın ermənilər tərəfindən işğalından sonra məktəbin şagird və pedaqoji kollektivi respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışdır. Məktəb Şuşanın digər təhsil ocaqlarından şagirdlər və müəllimlər cəlb olunmaqla yenidən təşkil edilmişdir. Hazırda Yasamal regionundakı 38 nömrəli orta məktəbdə yerləşir. Bu gün burada 103 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəbin kollektivinə təbrik məktubunu oxumuş, dövlətimizin başçısının 2010-cu il 6 dekabr tarixli Sərəncamını səsləndirmişdir. Bildirmişdir ki, həmin sərəncama əsasən təhsil sahəsində uğurlarına görə bir nəfərə "Əməkdar müəllim" adı verilmiş, iki nəfər "Tərəqqi" medalı ilə təltif edilmişdir. Nazirlik üzrə əmrlə isə bir qrup müəllim "Qabaqcıl təhsil işçisi" döş nişanına, fəxri fərmana və təhsil nazirinin təşəkkürünə layiq görülmüşdür.
Misir Mərdanov məlumat vermişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın gözəl guşələrindən birində məktəb üçün yeni bina tikiləcəkdir.
Məktəbin direktoru, əməkdar müəllim Sevil Babayeva təhsil ocağının yubileyinin dövlət səviyyəsində qeyd edildiyi üçün Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, yubiley tədbirinin keçirilməsində zəhməti olan insanlara təşəkkür etmişdir.
Məktəbin məzunu, hazırda Moskvada yaşayan fizika-riyaziyyat elmləri namizədi Şünasi Xəlilov sevincini bölüşmüşdür.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məktəbin yubileyinin dövlət başçısının sərəncamı ilə qeyd olunduğunu əlamətdar hadisə kimi qiymətləndirmiş, müəllim və şagirdləri təbrik etmişdir. O demişdir: "Həmişə Şuşanı musiqi və mədəniyyət beşiyi adlandırmışıq. Haqlı olaraq 180 yaşlı məktəbi olan bu yurdu həm də ziyalılar şəhəri adlandıra bilərik". Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin başçısının mövqeyini xatırlatmış və inamla vurğulamışdır ki, Qarabağın düşməndən azad edilməsi Şuşadan başlayacaqdır.
Yubiley tədbirinin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir maraqlı bayram konserti ilə başa çatmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında