Nobel mükafatçısı UNEC-də olub

V Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan iqtisadiyyat üzrə Nobel mükafatçısı, professor Edvard Preskott Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.

Nobel mükafatçısı ilə görüşdə AMEA  İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, UNEC-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrində öz töhfələrini vermiş Edvard Preskott barədə danışan beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Şahin Bayramov alimin, həm də UNEC-in fəxri doktoru olduğunu bildirib. Prorektor dünya şöhrətli iqtisadçıya İqtisad Universiteti haqqında, ali məktəbdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Edvard Preskott V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın digər ölkələr üçün yaxşı tərəfdaş olduğunu və forumun bu tərəfdaşlığın inkişafına mühüm töhfə verəcəyini xüsusi qeyd edib.

Daha sonra Edvard Preskott ümummilli gəlirin formalaşdırılması mexanizmi, inflyasiya ilə işsizlik arasında qarşılıqlı əlaqə, dünya iqtisadiyyatında baş verən proseslər barədə məlumat verib. UNEC-in professor-müəllim heyəti və tələbələrinin investisiya mühiti, sosial məsuliyyət, ümummilli məhsulun formalaşdırılması mexanizmi, iqtisadiyyatda təhsilin rolu və digər mövzular barədə suallarını cavablandırıb.

Sonda Nobel mükafatçısı İqtisad Universitetində olmağından məmnun qaldığını, UNEC-in  pedaqoji heyətinin, xüsusən tələbələrin intellektual səviyyəsinin yüksək olduğunu, bütün bunların ölkədəki təhsilin səviyyəsindən xəbər verdiyini bildirib. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan üçün gələcək iqtisadçıların hazırlanmasında UNEC-in mühüm rolu olduğunu qeyd edib.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında