İqtisad Universitetində beynəlxalq konfrans

Sentyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Beynəlxalq iqtisadi və inzibati perspektivlər: yeni regional baxışlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə birgə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunub. Beynəlxalq tədbirə 12 ölkənin 54 universitetindən 187 nümayəndə qatılıb.

Konfransı giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə qısa nəzər salaraq, bu dövr ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Rektor  vurğulayıb ki, ölkənin gələcək iqtisadi inkişafı qeyri-neft sektoru ilə sıx bağlıdır: "Qeyri-neft ixracını artırmaq üçün qlobal bazarların təsirləri nəzərə alınmalı, ölkənin real istehsal gücü əsas götürülməlidir".

Konfransın əhəmiyyətinə xüsusi diqqət çəkən Ə. Muradov qeyd edib ki, konfransda Azərbaycanın iqtisadi inkişafı ilə bağlı bir sıra mövzular, eləcə də dünya iqtisadiyyatında baş verən proseslər və onların həlli yolları  müzakirəyə çıxarılacaq. Rektor onu da əlavə edib ki, mövcud problemlərin həlli yolları təkcə iqtisadçılardan deyil, eyni zamanda, elm xadimlərinin, alimlərin birgə əməkdaşlığından da asılıdır.

Ə.Muradov konfransın universitetlər arasında əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb, onları Türk Dünyası İqtisadçıları Birliyi ilə sıx əməkdaşlığa dəvət edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə müstəqilliyin bərpasından ötən 25 il ərzində ölkə iqtisadiyyatının keçdiyi yoldan və qazanılan uğurlardan danışıb. Konfransın dünyanın aparıcı universitetləri ilə əlaqələrinin möhkəmlənməsində əhəmiyyətini vurğulayan akademik  bildirib ki, belə bir möhtəşəm tədbirin UNEC-də keçirilməsi İqtisad Universitetinin əldə etdiyi uğurların nəticəsidir. Dünyanın 54 universitetinin nümayəndələrinin UNEC-də bir araya gəlməsi ölkənin milli maraqları ilə yanaşı, beynəlxalq maraqlara da cavab verir.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov məzunu olduğunu İqtisad Universitetinin dünyanın nüfuzlu beynəlxalq elmi konfransına ev sahibliyi etməsini yüksək qiymətləndirib. Azərbaycanın müstəqillik tarixindən danışan alim bildirib ki, bu yolda əldə edilən ən böyük nailiyyətlərimizdən biri iqtisadi istiqlaliyyətin qazanılmasıdır.

Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan Azərbaycan–Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Hər iki ölkə arasında  qardaşlıq, dostluq əlaqələrindən  söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. Yazgan müstəqillik əldə etmiş Azərbaycanın qısa zaman kəsiyində yüksək uğur qazanmasını ölkənin iqtisadi, siyasi strategiyasının düzgün aparılması ilə əlaqələndirib.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə sıx əməkdaşlıq etməsinin vacibliyindən, professor-müəllim heyətinin əhatəsində olmağının rolundan danışıb.  ATİB sədri Azərbaycanla Türkiyə universitetləri arasında birgə əməkdaşlığın daha da genişləndirilməsində konfransın mühüm rol oynayacağını bildirib.

Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura pilləsində ikili diplom razılaşması əldə edilib.

Konfransın Elm Komitəsi tərəfindən seçilmiş elmi işlərin məruzəsi və müzakirəsi panel və seksiyalarda davam edib. 30-dan artıq seksiyada 200-ə yaxın elmi məqalənin məruzəsi və müzakirəsinin keçiriləcəyi nəzərdə tutulub. Tədbirdə bir sıra nüfuzlu elmi konfransların UNEC-də keçirilməsi təklifi irəli sürülüb. Tədbir sentyabrın 30-a kimi davam edəcək.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında