Nobel mükafatı laureatları Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüblər

Bakı Beynəlxalq Humanitar Forumu dünya birliyinin görkəmli siyasi, elmi və mədəni elitasının nümayəndələrinin, həmçinin tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin bir araya toplaşdığı illik platformadır.

Bundan əlavə, həmin foruma hazırkı və ya keçmiş dövlət başçıları və transmilli korporasiyaların rəhbərləri dəvət edilir. İnsan fəaliyyətinin bütün sahələrinin təmsilçiləri bir məkana toplaşaraq bəşəriyyəti narahat edən ümdə məsələlərin optimal həlli yollarını axtarırlar.

2011-ci ildən bəri ənənəvi keçirilən bu forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləri olub.

Forumun məqsədi bəşəriyyət üçün maraq doğuran qlobal xarakterli məsələlərin geniş spektrinə dair “dəyirmi masa”larda, panel iclaslarında fikir mübadiləsi, müzakirələr və dialoq aparmaqdır. Builki Beynəlxalq Bakı Forumunun “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda “dəyirmi masa”sını İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialı təşkil edəcək. “Dəyirmi masa”da müasir tibb elminin çağırışları və tibbi təhsil problemləri; müasir mərhələdə molekulyar biologiya, biofizika, biotexnologiyanın innovativ və etik problemləri; müasir təbabətin aktual problemlərinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də 1993-cü il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı ser Riçard Con Roberts (Böyük Britaniya) və 2004-cü il üçün kimya üzrə Nobel mükafatı laureatları Avram Gerşko və Aaron Çexanover (İsrail) İ.M.Seçenov adına MDTU-nun Bakı filialının tələbələri ilə görüşüblər.

Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək dünyanın nüfuzlu alimlərinin V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etməsini dünyada ölkəmizin nüfuzunun artmasının təsdiqi kimi qiymətləndirib. Qeyd edilib ki, kollektiv məşhur alimlərin İ.M.Seçenov adına MDTU-nun Bakı filialında olmasından qürur duyur.

Rektor Nobel mükafatı laureatlarının bioqrafiyası və elmi nailiyyətləri barədə tələbələrə məlumat verib, habelə qonaqları bu ali məktəbin yaradılması tarixi, onun fəaliyyəti və uğurları ilə tanış edib. Diqqətə çatdırılıb ki, biokimya və molekulyar biologiya sahəsində britaniyalı mütəxəssis ser Riçard Con Roberts eukaruotik DNT-də intronları və splaysinq mexanizmini kəşf edib. 1993-cü ildə o, Fillip Şarp Roberts ilə birlikdə “bir-birindən asılı olmadan genin fasiləli strukturunu kəşf etdiyinə görə” fiziologiya və təbabət üzrə Nobel mükafatı alıb. İsrailli kimyaçı Avram Gerşko Aaron Çexanover və İrvin Rouz ilə birlikdə zülalların proteasomlarda deqradasiyasının hüceyrə sistemində ubikvitinin rolunun tədqiqinə görə 2004-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

Hazırda Avram Gerşko Hayfada Texnion (İsrail Texnologiya İnstitutu) nəzdindəki Rappaport İnstitutunun aparıcı professoru və Nyu-York Universitetinin professorudur. Aaron Çexanover 1976-cı ildən Avram Gerşkonun rəhbərliyi altında retikulositlərdən (tərkibində lizosonlar olmayan eritrositlərin sələfləri olan hüceyrələrdən) model kimi istifadə etməklə qeyri-lizosomal hüceyrədaxili proteoliz problemi üzərində işləyib. Bu araşdırmalar proteasomlarda zülalların deqradasiyasının hüceyrə sistemində ubikvitinin rolunun kəşf edilməsi ilə nəticələnib.

Dünya şöhrətli alimlər ölkəmizdə olmalarından məmnunluqlarını bildirərək qeyd ediblər ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri arasında layiqli yer tutur. Nobel mükafatı laureatları dil bilməyin üstünlüyünü, müasir dünyada xalqların tərəqqisində elmin və təhsilin mühüm rolunu vurğulayaraq bu sahələrin inkişafı barədə fikirlərini söyləyib, gənclərə tövsiyələr veriblər.

Vurğulanıb ki, yalnız qeyri-adi dərəcədə məqsədyönlü fəaliyyət, inadkarlıq, elmə sədaqət sayəsində böyük alim olmaq mümkündür. Qeyd edilib ki, gələcək alimin intellektual inkişafında biliklərlə yanaşı, məsuliyyət amili də böyük əhəmiyyət kəsb edir. Bəzən elmi kəşflər xoş bir təsadüf nəticəsində edilir və belə hallarda adama elə gəlir ki, guya alim dühasının burada ümumiyyətlə heç bir rolu yoxdur.

Sonda məşhur alimlər İ.M.Seçenov adına MDTU-nun Bakı filialının tələbələrinin çoxsaylı suallarını cavablandırıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında