Artıq yeni dərs ili başladı. Şagirdlər öz doğma məktəblərinə, tələbələr öz doğma ali t əhsil ocaqlarına üz tuturlar. Yeni uğurlar qazanmaq istəyi hamını həvəsləndirir. Abşeron məktəbləri də yeni dərs ilinə yüksək səviyyədə hazırlaşıblar. Həm də ötən tədris ilində qazanılmış uğurların davamı olaraq. Qeyd edim ki, 2015-2016-cı dərs ilində rayonun təlim-tərbiyə müəssisələrində bir sıra müsbət işlər görülmüş, uğurlu nəticələr əldə edilmiş, məktəblərdə təlim-tərbiyənin keyfiyyəti yüksəldilmiş, məktəb-ictimaiyyət-valideyn münasibətləri xeyli yaxşılaşdırılmış, təlim-tərbiyə işlərindədemokratikləşmə, hümanistləşmə və fərdiləşmə prinsiplərinə geniş yer verilmişdir.
Bütün bunlar barədə sentyabr ayının 7- də keçirilmiş konfransda daha ətraflı məlumat verilmişdir. Təhsildə hər şeyi, sözsüz ki, nəticələr deyir. Konfransda iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova builki nəticələrdən əsasən razı qaldığını çıxışında vurğulamışdır. İcra hakimiyyətinin başçısı son on ildə rayonun təhsil müəssisələrində yaradılmış nümunəvi şəraitdən ətraflı bəhs etmiş və təhsil işçilərinə dövlət qayğısından danışaraq, onların vəzifələrinin çətin və məsuliyyətli olduğunu xüsusi vurğulamışdır. Yeni dərs ili münasibətilə rayonun təhsil işçilərini təbrik edən icra başçısı ali məktəblərə qəbul imtahanlarında 600-700 bal toplamış məzunlara qiymətli hədiyyələr bağışlamış, eləcə də təhsildə, şagirdlərin təlim-tərbiyəsində fərqlənən müəllimlərə rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim etmişdir.
Hamı onlardan danışır
Nəticələr isə keçən dərs ili ilə müqayisədə xeyli müsbətdir. Yəni, bu il ali məktəblərə qəbul zamanı 600 və ondan yuxarı bal toplayan məzunların sayı əvvəlki ilə nisbətən xeyli artmışdır. Belə ki, bu il abşeronlu məzunların 69 nəfəri 600- dən yüksək bal toplamışdır. Bu da keçən ilkindən 30 nəfər çoxdur.
Abşeron rayon təhsil şöbəsinin müdiri Kamran Rzayevin konfransda da qeyd etdiyi kimi, bu il 600- dən çox bal toplayan məzunların 11 nəfəri Xırdalan 2 saylı tam orta məktəbin, 6 nəfəri Xırdalan 1saylı tam orta məktəbin, 5 nəfəri Xırdalan 5 saylı tam orta məktəbin, 4 nəfəri Xırdalan 3 saylı tam orta məktəbin, 3 nəfəri Saray 3 saylı tam orta məktəbin, 3 nəfəri Mehdiabad 1 saylı tam orta məktəbin, 4 nəfəri Masazır 1saylı tam orta məktəbin, 7 nəfəri Ceyranbatan 1 saylı tam orta məktəbin, 4 nəfəri Digah tam orta məktəbinin payına düşür. Xırdalan şəhər 4, 6, 7, 9 nömrəli, Hökməli, Çaylı, Masazır 2, 3 nömrəli, Fatmayı, Novxanı 2 nömrəli, Saray 1, 2 nömrəli, Güzdək, Mehdiabad 2, 3 nömrəli və Qobu 3 nömrəli tam orta məktəblərinin məzunlarından 1 və yaxud 2 nəfər 600-dən çox bal toplamışlar. Xüsusi ilə əlamətdar haldır ki, 2 il ardıcıl olaraq abşeronlu məzunlar ali məktəblərə qəbul zamanı 700 bal toplamışlar. Keçən il Xırdalan şəhər 3 nömrəli məktəb- liseyin məzunu Əli İskəndərov, bu il isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Rəvan Nəzərəliyev 700 bal toplamışlar. Bundan əlavə, Xırdalan 9 nömrəli məktəbin məzunu Rəfiqə Məlikova 692 bal, Digah kənd orta məktəbinin məzunu Cavid Zülfüqarov 690 bal, Xırdalan 5 nömrəli tam orta məktəbin məzunu Nurlan Nəzərəliyev 685 bal, Ceyranbatan 1 nömrəli tam orta məktəbin məzunu Vüqar Mahmudov 682 bal, Xırdalan 3 №-li məktəb - liseyin məzunu Nigar Şükürova 681 bal, Xırdalan 5 nömrəli tam orta məktəbin məzunu Səkinə Nağızadə 680 bal və Vəfa Məmmədova 681 bal, Xırdalan 1 nömrəli tam orta məktəbin məzunu Seyidxanım Rəhimova 679 bal, Xırdalan 2 nömrəli tam orta məktəbin məzunu Rauf İsmayılov 677 bal toplamışlar. Digərləri isə 600-670 bal arası nəticələr göstərmişlər.
Qeyd edildiyi kimi, bu il abşeronlu məzunların ali məktəblərə qəbulu keçən illərə nisbətən xeyli çox olmuşdur. Keçən ilkindən fərqli olaraq bu il ali məktəblərə sənəd verənlərin sayı (1456 nəfər) və qəbul faizi də artmışdır. Keçən il məzunların 67,4 faizi, bu il isə 75 faizi ali məktəblərə sənəd vermişdir. Ötənilki məzunların 67,4 faizi ali məktəblərə qəbul olduqları halda, bu il 69,2 faiz, yəni 1007 nəfər tələbə adına layiq görülmüşdür. Bu da əvvəlki ilin qəbulundan 1,8 faiz yüksəkdir.
Xırdalan 2 nömrəli tam orta məktəb ali məktəblərə qəbul zamanı rayonun orta göstəricisindən yüksək nəticə göstərərək 91,7 faizlə I yerə; Xırdalan 7 nömrəli tam orta məktəbi 80,5 faizlə II yerə; Xırdalan 8 nömrəli tam orta məktəbi 78,6 faizlə III yerə çıxmışdır. Xırdalan 6 nömrəli tam orta məktəbi 73,3 faiz, Xırdalan 1 nömrəli tam orta məktəbi 71,2 faiz, Xırdalan 3 nömrəli tam orta məktəbi 70,6 faiz nəticə göstərmişdir.
Həmçinin qəsəbə və kəndlər arasında Güzdək qəsəbə tam orta məktəbi 100 faizlik nəticə ilə I, Məhəmmədli kənd tam orta məktəbi 90,5 faizlə II, Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbi 84,2 faizlə III sırada qərarlaşmışdır. Fatmayı kənd tam orta məktəbinin göstəricisi 82,4 faiz, Hökməli tam orta məktəbin göstəricisi 76,9 faiz, Qobu 1 nömrəli tam orta məktəbin göstəricisi 75 faiz, Mehdiabad 1 nömrəli tam orta məktəbin göstəricisi 72,9 faiz, Saray 3 nömrəli tam orta məktəbin göstərijisi 72,5 faiz, Perekeşkül hərbi hissə tam orta məktəbinin göstəricisi 72,2 faiz, Novxanı 2 nömrəlin göstəricisi 70,6 faiz, Çaylı kənd tam orta məktəbin göstəricisi 69,2 faiz, Saray 1 nömrəli tam orta məktəbin göstəricisi isə 69,6 faiz olmuşdur.
Müəllim əməyinin bəhrəsi: ürəkaçan nəticələr, fərqlənən məktəblər
Əlbəttə, təhsildə fərqlənən müəllimlərin əməyi yüksək qiymətə layiqdir. Konfransda da bildirildiyi kimi, son illər ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Abşeron müəllimlərindən 21-i "Əməkdar müəllim" fəxri adına, 11-i isə "Tərəqqi" medalına layiq görülmüşdür. Təkcə keçən dərs ilində ölkə Prezidentinin sərəncamı ilə Mehdiabad qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Nailə Axundova və Masazır kənd 2 nömrəli tam orta məktəbin müəllimi Sevinc Nəzərova "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri olmuş, Xırdalan şəhər 1 saylı tam orta məktəbin müəllimi Minə Hüseynova "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri Sevinc Əsədova və Aygün Mahmudova, Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Süsənbər Abbasova, Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Rəhimə Mürsəlova, Güzdək qəsəbə tam orta məktəbin müəllimi Naidə Mirzəyeva, Məmmədli kənd tam orta məktəbin müəllimi Aidə Məmmədova, Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Samirə Bədirova, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimləri Şəhla Məmmədova və Vasif Məmmədov, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Züleyxa Quliyeva da öz işini düzgün quran, fənnini müasir tələblər səviyyəsində tədris edən müəllimlər sırasındadır.
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin rus bölməsi məzunlarının 100 faizlik nəticə ilə ali məktəblərə qəbul olmaları da xüsusilə əlamətdar haldır və onların sinif rəhbərləri İradə Həbibzadənin və Hacıbikə Məlikovanın əməyi ehtirama layiqdir.
Həmçinin dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Saray qəsəbə 3 saylı tam orta məktəbin "İlin məktəbi" müsabiqəsinin qalibi olması da konfrans iştirakçıları tərəfindən razılıqla qarşılandı.
Müəllimlərin elmi metodik səviyyələrini artırmaq üçün zəruri addımların atıldığını deyən rayon təhsil şöbəsinin müdiri vurğuladı ki, onlar müntəzəm olaraq ixtisasartırma kurslarına ezam edilirlər. Məktəblərdə tədris fənləri üzrə "dayaq məntəqələri"nin yaradılması da təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Təlim-tərbiyənin dövlət standartlarına uyğun təşkili istiqamətində aktual metodların tətbiqi mövzusunda müəllimlər üçün problemli seminarların, açıq və qarşılıqlı dərsdinləmələrin keçirilməsi təhsil şöbəsinin gündəlik fəaliyyət proqramının vacib tərkib hissəsidir. Yeni dərs ilində birinci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün seminarlar təşkil edilmiş, onlara fənn kurrikulumlarının tətbiqi ilə bağlı metodiki üsullar aşılanmış, sertifikatlar verilmişdir.
Yeni məktəblər şagird sıxlığını azaldır
Abşeronda əhali ilbəil deyil, az qala günbəgün artır. Son illər rayonda yaradılmış hərtərəfli şəraitlə birbaşa bağlı olan bu məqam, eyni zamanda, məktəblərdə şagird artımını da qaçılmaz edir. Əvvəlki dərs ilə müqayisə göstərir ki, təkcə 2015-2016-cı tədris ilində böyük bir məktəbin şagird kontingentinə bərabər – 4214 nəfər şagird artımı olmuşdur. Ümumilikdə son 3 ildə Abşeron məktəblərində 8390 şagird artmışdır. Yeni dərs ilində də bu rəqəm 4000 nəfərə yaxındır. Bu da rayonda təhsil sisteminə yeni yanaşmaların tətbiqini zəruriləşdirilir.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun xətti ilə "Yeni Bakı" yaşayış massivində 800 yerlik yeni məktəb binasının istfadəyə verilməsi şagird sıxlığını müəyyən qədər də olsa azaldacaq.
Son illərdə Abşeron rayonunda I sinif şagirdlərinin sayı da əhəmiyyətli dərəcədə artmışdır. Məsələn, 2013-cü ildə bu say 4327 olduğu halda, 2014-cü ildə 5236, 2015-ci ildə 5685 olmuşdur. Nəticədə son 3 tədris ilində birinci siniflərə qəbulun sayı 1358 nəfər artmışdır. Məlumdur ki, Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarı ilə ümumtəhsil məktəblərində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkili nəzərdə tutulmuşdur. Bu qərara uyğun olaraq 1510 uşaq 107 məktəbəhazırlıq qrupuna cəlb olunmuşdur. Rayonun məktəb kitabxanaları yeni dərs ili üçün nəzərdə tutulmuş 195 min 659 ədəd dərslik və dərs vəsaiti ilə təmin olunmuşdur.
Ötən dərs ilinin yekun imtahanların nəticələrinə görə IX siniflər üzrə 73,7 faiz, XI siniflər üzrə isə 75 faiz müvəffəqiyyət olmuşdur. Bu da keçənilki nəticələr ilə müqayisədə 1,2 faiz yüksəkdir. Dövlət İmtahan Mərkəzinin Respublika Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən, Abşeron rayonunda buraxılış imtahanlarının nəticələri respublikanın orta göstəricisindən fərqli sürətdə yüksək olmuşdur.
Hərbi vətənpərvərlik ruhu
Aprel ayında Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı dərslərində hərbi tariximiz, Azərbaycanın tarixi torpaqları və sərhədləri, Silahlı Qüvvələrimizin yaradılması, Ordumuzun keçdiyi şanlı yol və s. mövzuların tədris olunması diqqət çəkir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, ehtiyatda olan zabitlər, Səfərbərlik və Hərbi Xidmətə çagrış üzrə Dövlət Xidmətinin əməkdaşları, ümumtəhsil müəssisələrinin rəhbərləri və jurnalistlər həmin tədbirdə iştirak edirdilər. Tədbirdə təşkil olunmuş "Dəyirmi masa"da gənclərin çağırışaqədərki hazırlığı üzrə problemlər müzakirə olunmuşdur.
Pilot məktəblər
Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə yeni dərs ilindən Xırdalan şəhər 1, 2 nömrəli, Saray 3 nömrəli məktəbləri pilot məktəbləri seçilmişdir. Həmin məktəblərdə ixtisas seçimi edilmiş, qeyri-profil fənnlərin dərs saatlarının azalması hesabına şagirdlərə seçdikləri istiqamət üzrə daha dərin biliklər veriləcəkdir. Bu islahatın məqsədi ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək biliklərə yiyələnmək imkanı yaratmaqdır. Bununla əlaqədar hər üç məktəbdə hazırlıq işləri aparılmışdır.
Olimpiadalarda və idmanda
qazanılan uğurlar
Qeyd edək ki, rayonda “olimpiadaya hazırlıq mərkəzi” yaradılıb və bura səriştəli və peşəkar müəllimlər cəlb edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində olimpiada iştirakçılarının sayı ilbəil artmaqdadır. 2015-2016-cı dərs ilində iştirakçıların sayı və fəallığı yüksəlmişdir. Belə ki, tədris fənləri üzrə olimpiadanın I və II rayon turu keçirilmiş, 93 abşeron məktəblisi Sumqayıt şəhərində keçirilmiş olimpiadanın zona mərhələsində iştirak etmişdir. I, II, və III yerləri tutmuş 12 şagird respublika mərhələsinə ezam edilmişdir. Olimpiadanın respublika turunda Masazır 3 №-li tam orta məktəbin X sinif şagirdi Bahar Məmmədova biologiya fənnindən, Saray qəsəbə 3 saylı tam orta məktəbin XI sinif şagirdi Elşən Sadıqov coğrafiya fənnindən gümüş medala, həmin məktəbin X sinif şagirdi Nərgiz Talıblı ana dili və ədəbiyyat fənnindən, IX sinif şagirdi Əmir Məmmədrzayev tarix fənnindən, Xırdalan şəhər 2 saylı tam orta məktəbinin IX sinif şagirdi Nurəddin İslamov riyaziyyat fənnindən, Ceyranbatan qəsəbə 2 sayıl tam orta məktəbin IX sinif şagirdi Rəvan Ağalıyev biologiya fənnindən, Mehdiabad qəsəbə 4 №-li tam orta məktəbin X sinif şagirdi Fəridə Quliyeva tarix fənnindən “bürünc medal”a layiq görülmülər. Final mərhələsində qazandıqları uğurlara görə Xırdalan 6 saylı, Saray 2 saylı, Xırdalan 5 saylı, Xırdalan 7 saylı, və Digah qəsəbə tam orta məktəblərinin şagirdləri Təhsil Nazirliyinin diplomları ilə təltif edilmişlər.
Rayonun ümumtəhsil məktəbləri müxtəlif məzmunlu yarış, olimpiada və müsabiqələrdə yüksək nəticələr əldə etmişlər. Saray qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Ləman Paşalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyi ilə əlaqədar olaraq mart ayında keçirilmiş "Ən yaxşı təqdimat" rayon müsabiqəsinin qalibi olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin mənalı ömür yolu və fəaliyyəti, zəngin irsi ilə sistemli şəkildə tanışlıq, mayın 10-da məktəblərdə ilk dərslərin ulu öndərin həyat və fəaliyyətinə həsr edilməsi, "Heydər Əliyev Lektoriyaları"nın yaradılması və dəyərli fikirlərinin təbliğ edilməsi, "Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim" mövzusunda inşa, şeir və rəsm müsabiqələrinin keçirilməsi şagirdlərin dünyagörüşünün formalaşmasında müstəsna rol oynamışdır. 20 Yanvar faciəsi, Xocalı soyqrımı, 8 Mart Beynəlxalq Qadınlar bayramı, "Novruz" bayramı, 31 mart Azərbaycanlıların soyqırımı və digər faciə və əlamətdar günlərə həsr edilmiş tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət, düşmənə nifrət, tarixi keçmişimizə hörmət və vətənpərvərlik hissləri aşılamaqda böyük əhəmiyyətə malikdir.
Uşaq Gənclər İdman Məktəbinin uğurlarını da xüsusi qeyd etmək yerinə düşər. Məktəbin güləşçiləri ölkə birinciliyində, Dünya və Beynəlxalq turnilərdə uğurla çıxış etmişlər. Hacı Əliyev 2015-ci ildə ABŞ-in Las-Veqas şəhərində keçirilmiş Sərbəst Güləş üzrə Dünya Çempionatında bütün rəqiblərinə qalib gələrək Dünya çempionu olmuşdur. Qeyd edim ki, o, ölkəmizdə iki dəfə sərbəst güləş üzrə dünya çempionu olmuş yeganə idmançıdır. O, 2016-cı il Avropa Çempionatında üçüncü yeri, 2 Rio- de-Janeyro Olimpiadasında üçüncü yeri tutmuşdur. Onun bu medalı Abşeronda ilk olimpiada medalıdır. Mircəlal Həsənzadə 2016-cı il aprel ayının 1 və 2-də Bolqarıstanda keçirilmiş Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızıl medalına layiq görülmüş, 2016-cı il aprel ayının 23 və 24-də Ulan-Batorda keçirilmiş Dünya Olimpiya təsnifat turnirində ikinci yeri tutaraq Olimpiya oyunlarına lisenziya qazanmışdır. Rəşad Yusifli 2016-cı il iyul ayının 18 və 20-də Stokolmda keçirilmiş yeniyetmələrin Avropa birinciliyində ikinci yeri, Cavid Həsənzadə isə 2016-cı il iyunun 10 və 12-də Los Ancelesdə keçirilmiş komanda birinciliyində beşinci yeri tutmuşdur.
Məhz bu uğurlara görə dövlət başçısı İlham Əliyev Uşaq İdman Məktəbinin məşqçi-müəllimi Elman Əzimzadəni "Tərəqqi medalı" ilə təltif etmişdir.
Abşeron rayonunda təhsil, qeyd olunduğu kimi, əsas diqqət yetirilən sahələrin önündə gəlir. Qazanılan nəticələr isə nə qədər sevindirici olursa olsun, heç kimi tam qane etmir və arxayınlaşıdrmır. Elə konfransda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın vurğuladığı bu fikir, zənnimcə, deyilənləri bir daha təsdiqləyir. Rayon rəhbəri təhsil işçilərinə və məzunlara müraciət edərək dedi: Bu gün təkcə Abşeron rayonunda deyil, eyni zamanda, ölkəmizin bütün bölgələrində təhsilin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, müasir tipli məktəblər və uşaq bağçaları tikilir, zəngin maddi-texniki baza yaradılır ki, məktəblilər mükəmməl təhsil ala bilsinlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahəyə şəxsi diqqət və qayğıları isə möhtəşəm uğurların qazanılmasını şərtləndirən əsas amildir. Bizim də öhdəmizə düşən budur ki, öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirək, hansı vəzifədə təmsil olunmağımızdan asılı olmayaraq, təhsilin inkişafına dəstək olaq. Çünki ölkəmizin parlaq gələcəyi də məhz bundan asılıdır.
Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.