Müəllimlərin ənənəvi sentyabr konfransında Sumqayıt təhsilinin uğurlarından ətraflı danışılıb və qarşıda duran mühüm vəzifələrə diqqət yetirilib.
Konfransda şəhər təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyevanın məruzəsi dinlənilib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş, uzaqgörən beynəlxalq, iqtisadi və sosial siyasətin həyatımızın bütün sahələrində, o cümlədən elm və təhsildə tərəqqiyə güclü təkan verdiyini vurğulayıb. 2015-2016-cı dərs ilinin yekunlarını təhlil edən məruzəçi bildirib ki, ötən müddət Sumqayıtın təhsil işçiləri üçün əlamətdar olub. Şəhərin yeni rəhbərliyinin təhsilə qayğısı və tələbkarlığı da bütün pedaqoji kollektivlərin məsuliyyətini artırmaqla, onların fəaliyyətində ciddi dönüş yaradılmasına, nailiyyətlərin daha da artmasına səbəb olub.
İbtidai təhsil səviyyəsinin son pilləsi olan 4-cü sinif şagirdləri üçün üçmərhələli monitorinq keçirilib, riyaziyyatdan xüsusi istedadı ilə seçilən 10 şagird "Qızıl onluğ"a daxil edilərək mükafatlandırılıb. Məktəblilər arasında təşkil olunan I Məntiq Olimpiadası uşaqlarda məntiqi təfəkkür və düşüncə tərzinin formalaşmasına, habelə diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqların inkişafına müsbət təsir göstərib. Olimpiadada fərqlənən 16 şagirdə medal, diplom və hədiyyələr verilib.
Məruzədə, həmçinin qeyd edilib ki, 9-cu və 11-ci sinif şagirdləri üçün keçirilmiş ümumşəhər monitorinqi mütəşəkkil keçib. Dərs ilini əla qiymətlərlə başa vuran şagirdlərin sayı əvvəlki illə müqayisədə artaraq 9879 nəfərə çatıb. Beş məzun qızıl medala layiq görülüb. Şəhər üzrə keyfiyyət göstəricisi 62,7 faiz olub ki, bu da əvvəlki dərs ilinə nisbətən 2 faiz çoxdur. Ötən dərs ilində 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət göstəricisi 83,4 faiz, 11-ci siniflər üzrə isə 82 faiz təşkil edib. Bir sıra məktəbdə imtahanların nəticələri respublika göstəricisini üstələyib. Təbiət elmləri təmayüllü gimnaziyada, "İstedad", TTEL və "Təfəkkür" liseylərində müvəffəqiyyət 100 faiz təşkil edib, həmçinin 5, 11, 25 nömrəli məktəblərdə buraxılış imtahanlarının nəticələri yetərincə yüksək olub.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə "Fənn aylıqları"nın keçirilməsi tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərib. Fənn olimpiadalarında şagirdlər Sumqayıtı uğurla təmsil ediblər. Onlardan 22 nəfəri mükafata layiq yerlər tutub. "Sabahın alimləri" Beynəlxalq Layihə Olimpiadasında 41 sumqayıtlının layihəsi nümayiş etdirilib, onlardan 1-i gümüş, 9-u isə bürünc medala layiq görülüb.
Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin ilkin mərhələsində 5200-dən artıq şagird iştirak edib, respublika mərhələsində isə TET gimnaziyanın şagirdi Aytac Əliyeva 1-ci, İ.Qayıbov adına 1 nömrəli məktəbin şagirdi Aytən Hacıyeva 3-cü yeri tutublar.
R.Tağıyeva qeyd edib ki, tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə davam etdirilməsi prosesinə pilot layihə kimi Sumqayıtın 5 məktəbində başlanıb. Növbəti ildə həmin layihəyə daha 4 məktəb daxil edilib. Sumqayıt şəhəri üzrə diaqnostik qiymətləndirmədə 4002 müəllim iştirak edib. Onlardan 3979-u müvəffəq nəticəyə nail olub. Bu müəllimlərin əməkhaqları iki dəfə artırılmaqla, dərs yükü norması 12-dən 18 saata çatdırılıb.
Sumqayıtda ali məktəblərə qəbulun nəticələri göstərir ki, məzunların 61 faizi tələbə adını qazana bilib. Bu, əvvəlki ilin nəticəsindən yaxşıdır. TETG-dən 100 faiz, TTEL-dən 95,7 faiz, "İstedad" və "Təfəkkür" liseylərindən 90 faizdən çox məzun tələbə olub. Şəhərin 11 nömrəli məktəbinin məzunlarının 82 faizi ali məktəblərə qəbul edilib, 1, 4, 9, 21, 27 nömrəli məktəblər də ilk onluqda yer tutublar. Sumqayıt məzunlarının hər 6 nəfərdən biri 500-dən, hər 15 nəfərdən biri isə 600-dən yuxarı bal toplayıb. 138 məzunun göstəricisi 600 baldan, 44 məzunun nəticəsi isə 650 baldan yuxarı olub. TETG-nin orta balı 593-ə çatıb ki, bu da ölkə üzrə ən yüksək göstəricidir.
Dərs ili ərzində Sumqayıt məktəblərinin maddi-texniki bazası gücləndirilib. Belə ki, 31 məktəbdə cari təmir aparılıb. Şəhər icra hakimiyyətinin vəsaiti hesabına əsaslı təmir olunan 7 nömrəli məktəbdə də işlər başa çatır.
Məruzə ətrafında müzakirələrdə tımayüllü siniflər, hərbi hazırlıq, şahmatın inkişafı, multikultural dəyərlər, kurrikulumun tətbiqi kimi məsələlər önə çəkilib. Konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək ölkədə təhsilin inkişafı üzrə həyata keçirilən tədbirlərdən danışıb və müəllimlərə nazirliyin tövsiyələrini çatdırıb.
Sumqyıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəllimləri yeni dərs ili münasibətilə təbrik edib, onların uğurlarının hər kəsdə böyük fərəh doğurduğunu söyləyib, qarşıda duran vəzifələrə diqqəti cəlb edib. Qabaqcıl təhsil işçilərinin böyük bir qrupuna icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Konfransın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul edilib.
* * *
Konfransın ertəsi günü Sumqayıt Şəhər İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov onları təbrik edərək bildirib ki, ölkəmizdə elmin və təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. 2003-cü ildən bəri Azərbaycanda üç mindən artıq yeni məktəb binası tikilərək istifadəyə verilib, yüzlərlə təhsil ocağı əsaslı şəkildə təmir olunub və bütün məktəblər kompyuterləşdirilib, maddi-texniki baza zənginləşdirilib. Dövlət hesabına dərsliklərin nəşri, müəllimlərin sosial şəraitinin yaxşıladırılması təhsilin sürətli inkişafını təmin edib.
Bugünkü gəncləri sabahımızın sahibləri sayan Z.Fərəcov qeyd edib ki, onların yüksək bilikli, intellectual nəsil kimi inkişafı dövlətin və millətin gələcəyi ilə bağlı nikbinliyi daha da artırır.
Görüşün sonunda ali məktəblərə qəbulda 600-dən yuxarı bal toplamış 138 məzuna qiymətli hədiyyələr təqdim olunub, şəhər rəhbərliyi ilə xatirə şəkli çəkdirilib.
Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.