Bu il ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaranmasının 95 illiyi tamam olur. Ümummilli lider Heydər Əliyevin həmişə yüksək qiymət verdiyi Azərbaycan müəllimləri bu müddətdə respublikamızın intellektual potensialının formalaşmasına böyük xidmət göstərmişlər. Ölkəmizdə yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında isə ADPU-nun professor-müəllim heyətinin və onun məzunlarının xüsusi payı var.
Pedaqoji Universitet ötən onilliklərdə böyük inkişaf yolu keçməklə öz ənənələri olan elm və təhsil müəssisəsi kimi tanınmışdır. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəyə çatmışdır. Çoxillik fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, qonşu Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla həyata keçirmişdir.
ADPU-nun tarixinə nəzər salanda görürük ki, Azərbaycan Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri ixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. Bu ali məktəbdə indiyədək 150 mindən çox müəllim hazırlanmış, illər keçdikcə ADPU respublikamızda bir sıra ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrilmişdir.
Universitet tədris və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərə də məruz qalmış, zamanın bütün sınaqlarından şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və təhsilin inkişafında xüsusi xidmətləri olan kadrlar yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.
Pedaqoji Universitetin ali təhsil ocağı kimi formalaşmasında və inkişafında Azərbaycan hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalılarından Ü.Hacıbəyli, M.Quliyev, V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə və sair ziyalıların xidməti əvəzsizdir. 95 il əvvəl yaranmış ali təhsil müəssisəsinin ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini isə Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.
Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə o zamanlar Pedaqoji İnstitut adlanan təhsil ocağının təşkilati baxımdan möhkəmlənməsi, o cümlədən tədrisin təşkili və elmi fəaliyyətin tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstərmişlər. Onların həyata keçirdikləri konkret əməli tədbirlər yeni təhsil müəssisəsinin maddi-texniki bazasının qurulub-möhkəmləndirilməsinə, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, fəhlə və kəndli gənclərin ali təhsil almalarına təkan vermişdir. Zaman keçdikcə Rusiya, Qərbi Avropa, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil alan ixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edilmişlər. Onların öz bilik və bacarıqlarını tədris prosesinə tətbiq etmələri üçün münasib şərait yaradılmışdır.
Gənc respublikada pedaqoji kadrların hazırlanması prosesini yaxşılaşdırmaq və ali məktəblərə vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan XKS 1926-cı il iyun ayının 16-da "Ali pedaqoji institutların yenidən təşkili haqqında" qərar qəbul etmişdir. Həmin sənədə uyğun olaraq Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları Azərbaycan Dövlət Universitetinin (indiki BDU) pedaqoji fakültəsinə birləşdirilmişdir. Bu fakültə səmərəli fəaliyyət göstərsə də ali təhsilli pedaqoji kadrlara olan ehtiyacı lazımınca ödəyə bilməmişdir. Buna görə də pedaqoji fakültənin bazasında müstəqil ali təhsil müəssisəsinin-- Azərbaycan Dövlət Pedaqoji İnstitutunun(ADPİ) yenidən yaradılması qərara alınmışdır.
Bu mərhələdə respublikada ali pedaqoji təhsilin yenidən qurulmasında uğurlu addımlar atılmışdır. ADU müvəqqəti olaraq öz fəaliyyətini dayandıranda isə onun pedaqoji fakültəsində çalışan tanınmış alimlərin əksəriyyəti ADPİ-də müəllimliyə cəlb olunmuşlar. 1930-cu illərdə və 40-cı illərin əvvəllərində ADPİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun, D.Rəsulzadənin böyük xidmətləri olmuşdur.
Həmin illər tariximizə çox mürəkkəb, ziddiyyətli və faciələrlə dolu bir dövr kimi daxil olmuşdur. Cəmiyyətdə sərt qanunların, amansız qaydaların tətbiqi, Pedaqoji İnstitutda da təhsilin siyasiləşdirilməsi, sinfi mübarizənin gücləndirilməsi demokratik ənənələrin inkişafını ləngitməklə yeni, arzuolunmaz istiqamətin formalaşmasına zəmin yaratmışdır. Getdikcə güclənən repressiya dalğası Azərbaycanın bir çox ziyalıları kimi, Pedaqoji İnstitutun da ən yaxşı milli kadrlarının məhv edilməsinə və ya sürgünə göndərilməsinə səbəb olmuş, onların yerinə daşnakxislət ermənilər yerləşdirilmişdir.
Böyük Vətən müharibəsinin ilk illərində yaranmış təbii çətinliklərlə əlaqədar Azərbaycan XKS və Azərbaycan K(b)PMK-nın qərarı ilə Pedaqoji İnstitut yenidən ADU ilə birləşdirilmişdir. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra ADPİ ADU-nun tərkibindən ayrılmış və müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə instituta A.Abdullayev, M.Ələkbərli və Ə.Seyidov rəhbərlik etmişlər. ADPİ-nin yenidən qurulması onun maddi-texniki bazasının xeyli möhkəmlənməsinə, tələbə kontingentinin genişlənməsinə imkan vermişdir. Cəbhədə həlak olan müəllimləri əvəz edə biləcək elmi-pedaqoji kadrlar hazırlamaq üçün məqsədyönlü iş aparılmışdır.
Ötən əsrin 50-- 70-ci illərində tanınmış elm və maarif xadimləri – C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, Ş.Ağayev ADPİ-nin direktoru (rektoru) vəzifəsində çalışmışlar. 50-60-cı illərdə M.Muradxanov, Ə.Zəkuyevə və Ə.Əbdülrəhmanova professor elmi adının verilməsi, professor A.Abbaszadənin RSFSR PEA-nın müxbir üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi üzvü seçilməsi böyük elmi hadisə kimi gənc elmi kadrların inkişafına təkan verən əsas amilə çevrilmişdir. Fəxrlə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının 10 prezidentinin 3-ü- Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev ADPU-nun məzunları, SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlər- M.Mehdizadə, A.Abbaszadə, H.Əhmədov, S.İmanov ADPU-nun əməkdaşları olmuşlar.
Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Bu ali təhsil müəssisəsində pedaqogika və psixologiya (Ə.Y.Seyidov, M.M.Mehdizadə, Ə.K.Zəkuzadə, M.Ə.Muradxanov, Ş.S.Ağayev, H.M.Əhmədov, Ə.Ə.Əlizadə), riyaziyyat (M.R.Əfəndiyev, M.Ə.Cavadov, İ.İ.İbrahimov, M.H.Cavadov), fızika (A.Q.Abbaszadə, S.Ş.İmanov, M.İ.Murquzov), kimya (H.Şahtaxtinski, Ş.Ə.Məmmədov, A.Ə.Verdizadə), biologiya (Z.M.Şahtaxtinskaya, A.İ.Qarayev), tarix (Z.İ.İbrahimov, Y.B.Yusifov), filologiya (B.V.Çobanzadə, M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə, M.H.Rəfili, Ə.R.Sultanlı, H.M.Araslı, F.S.Qasımzadə, A.M.Qurbanov, H.İ.Mirzəyev), fəlsəfə (H.İ.Hüseynov) və başqa sahələr üzrə elmi məktəblər və istiqamətlər yaradılmış və inkişaf etdirilmişdir.
Xalqımızın fəxr etdiyi yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışdır. Universitetin məzunlarından Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış elm və mədəniyyət xadimləri xalqımızın elm və şöhrət çələngini bəzəmişlər.
Sovet İttifaqı Qəhrəmanları – Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları-- Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev, Azərbaycanın Milli qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, "Azərbaycan Bayrağı" ordenli Malik Bayramov, Mürşid Məmmədov igidlik, hünər, vətənpərvərlik rəmzi kimi xatırlanırlar. ADPU-nun məzunları müxtəlif ali məktəblərdə, elmi-tədqiqat institutlarında, dövlət təşkilatlarında uğurla fəaliyyət göstərirlər.
ADPU-nun 95 illik tarixinin bütöv bir mərhələsində (1969--1987 və 1993--2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. "Təhsil millətin gələcəyidir!", deyən ümummilli lider Heydər Əliyev daim ADPU-nu yüksək qiymətləndirmiş, 5 dəfə ADPU-da olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyə və məsləhətlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır. Müdrik siyasi xadim, görkəmlli dövlət rəhbəri Heydər Əliyevin dəyərli tövsiyələri ADPU-da təhsil-tərbiyənin səmərə və keyfiyyətinin yüksəldilməsində, qəbul imtahanları prosesində obyektivlik və ədalətin təmin olunmasında, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.
Ulu öndər Heydər Əliyevin ADPİ-nin 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdə söylədiyi "Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir" fikirləri institut əməkdaşlarının sonrakı fəaliyyətinə yeni, sağlam nəfəs vermişdir.
XX əsrin 70-- 80-ci illərində Pedaqoji İnstitutda tədris və elmi fəaliyyətin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması, maddi-texniki bazanın genişləndirilməsi, yeni tədris korpusları və tələbə yataqxanalarının tikilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmiş, ali məktəbin rəhbərliyi dəyişdirilmişdir. Əvvəlcə professor Haşım Ağayev, sonra professor Afad Qurbanov instituta rektor təyin olunmuşlar.
80-ci illərin sonları 90-cı illərin əvvəllərində ölkədə mövcud olan ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən mübarizə, ermənilərin işğalçılıq siyasəti tədris prosesində və elmi-tədqiqat işlərində geriləməyə səbəb oldu. Belə çətin bir şəraitdə xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldi və "Mən öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram",--deyərək müasir Azərbaycan dövlətini qurmaq missiyasını həyata keçirməyə başladı. Cəmiyyətin bütün potensialı mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşmasına, millətin tərəqqisinə və inkişafına yönəldi. Bütün tədris və elm müəssisələri kimi, ADPU-nun da səmərəli fəaliyyəti üçün əlverişli zəmin yarandı.
ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU respublikamızda ali pedaqoji təhsilin öncülü hesab edilir. ADPU-ya 1989-- 1994-cü illərdə professor Səlvər Aslanov, 1994-- 1996-cı illərdə professor Nizami Xudiyev, 1996-- 2006-cı illərdə professor Bəhlul Ağayev, 2006-- 2016-cı illərdə professor Yusif Məmmədov rəhbərlik etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə ADPU-nun rektoru vəzifəsinə professor Cəfər Cəfərov təyin olunmuşdur.
Ölkəmizdə təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilən və həyata keçirilən proqramlar nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulmuşdur. Dövlət başçımız İlham Əliyevin sərəncamları ilə təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətləri vardır.
Hazırda ADPU-da 8 fakültə- filologiya, tarix və coğrafiya və informatika, kimya və biologiya, fizika və texnologiya, məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, ibtidai təhsil fakültələri, magistratura və doktorantura şöbəsi, həmçinin SABAH qrupları fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlamışdır. Qeyd edək ki, dövlət başçımızın 2016-cı il 29 aprel tarixli sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilmişdir. Hazırda ADPU-nun 5--Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir.
Qeyd etdiklərimizlə bərabər, təhsil naziri cənab Mikayıl Cabbarovun 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-- 2017-ci tədris ilindən ADPU-nun baza məktəbi kimi müəyyənləşmişdir ki, bu da ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
Baş verən struktur dəyişiklikləri nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənmiş, professor-müəllim heyətinin və tələbə kollektivinin sayı xeyli artmışdır. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 67 elmlər doktoru, 61 professor, 273 dosent, 354 fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə Əməkdar elm xadimidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş ADPU bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Qarşımızda böyük strateji hədəflərimiz, ali məqsədlərimiz var. Hazırda ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir.
ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali pedaqoji təhsilin məzmun və formasının təkmilləşdirilməsi, professor-müəllim heyəti və tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir. Struktur islahatlarının həyata keçirilməsi, idarəetmənin optimallaşdırılması, fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və universitetin idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması istiqamətində ciddi addımlar atılır.
Tədrisin məzmununun müasirləşdirilməsi, ADPU-nun inkişafı, fəaliyyətinin yenidən qurulması ilə bağlı fəaliyyət planının hazırlanması, tədris işi ilə bağlı dünya təcrübəsinin, habelə ölkədə toplanmış qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi, peşə hazırlığı fənləri ilə yanaşı, xarici dillərin tədrisinin gücləndirilməsi, tədris planlarının təkmilləşdirilməsi, tələbələrin dərslik və dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması, kitabxana fəaliyyətinin modernləşdirilməsi, elektron kitabxana şəbəkəsinin, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi qarşımızda dayanan əsas vəzifələrdir. ADPU-da, onun filiallarında və ADPK-də tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.
2016-- 2017-ci tədris ilində ADPU-nun Azərbaycan bölməsinə 2090, rus bölməsinə 230 tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu. 1258 tələbə dövlət sifarişi, 896 tələbə isə ödənişli əsaslarla qəbul olub. ADPU-nun 5 filialına isə müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 nəfər tələbə qəbul olunub. Digər ali təhsil müəssisələri ilə müqayisədə ADPU-ya dövlət sifarişli yerlərin çoxluğu müəllim peşəsinə qəbul olunanlara dövlət tərəfindən rəğbətləndirmənin tətbiqinin nəticəsidir.
Bu il "Fizika müəllimliyi", "İnformatika müəllimliyi", "Coğrafiya müəllimliyi", "Korreksiyaedici təlim", "Məktəbəqədər təlim və tərbiyə", "Təhsildə sosial-psixoloji xidmət", "Kimya və biologiya müəllimliyi", "Təsviri incəsənət müəllimliyi", "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" (qızlar üçün fiziki tərbiyə) ixtisasları üzrə ilk dəfə rus bölməsinə tələbə qəbulu aparılmışdır.
Qeyd olunmalıdır ki, əvvəlki illərdə rus bölməsinə yalnız "Tarix müəllimliyi", "Riyaziyyat müəllimliyi", "İbtidai sinif müəllimliyi" və "Biologiya müəllimliyi" ixtisasları üzrə tələbə qəbulu aparılırdı. Bu il isə rus bölməsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılıb və 140 tələbə qəbul olunub. Bu da əvvəlki illərlə müqayisədə müsbət göstəricidir. Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir.
ADPU-da əsaslı və cari təmir işləri həyata keçirilir. Bu da öz növbəsində təhsil-tədris və əmək şəraitinin yaxşılaşması, eləcə də universitetin yeni imicinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, fəaliyyətimizdə Təhsil Nazirliyinin xüsusi qayğı və diqqətini hiss edirik.
Sonda qeyd etmək istərdim ki, həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşımıza yeni tələblər və çağırışlar qoyur. Biz qarşımızda dayanan bütün vəzifələrin uğurlu həllinə məsuliyyət hissimizi dərindən dərk etməklə bərabər, möhkəm nizam-intizam, o cümlədən yüksək peşəkarlığımız sayəsində nail ola bilərik. Yüksək səviyyəli pedaqoji kadrların hazırlanması, cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmalıyıq. Yalnız bu halda strateji hədəflərimizə, ali məqsədlərimizə çata bilərik.
Bir filosofun dediyi kimi, müəllimlik insanları mənəviyyatlı etmək sənətidir. Bu məsuliyyətli, şərəfli və müqəddəs fəaliyyətimizdə kollektivimizə uğurlar arzulayıram.
Cəfər Cəfərov,
ADPU-nun rektoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.