Xətai rayon məktəblərinin məzunları yenə birincilər sırasındadır

Xətai Rayon İcra Hakimiyyəti bu il də ənənələrinə sadiq qalaraq  rayonun orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirərək ali məktəblərə qəbul imtahanlarından yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirdi. Görüşə dəvət alanlar, əsasən, 650 baldan yüksək nəticə göstərmiş məzunlar idi.

Aparatın geniş iclas salonunda keçirilən görüşü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, yüksək ali təhsil müstəqil Azərbaycanın gələcək inkişafının təminatına zəmanət verən prioritet sahələrdən biri olmaqla yanaşı, həm də sosial-mədəni həyatımızın zənginləşməsinə çox mühüm töhfələr verir. Məhz buna görə ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu strateji xətt ulu öndərin varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına cavab olaraq yeni keyfiyyətdə daha böyük uğurla davam etdirilir. Təkcə bir fakt – ölkədə son 10 ildə 3500-dən çox müasir məktəb binasının tikintisi və tam əsaslı təmiri buna parlaq sübutdur.

Razim Məmmədov çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və dövlətimizin bu sahəyə xüsusi qayğısı öz nəticələrini verməkdədir. Bütün regionlarda olduğu kimi, Xətai rayonunda da təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən  ardıcıl tədbirlərin davam etdirilməsi tədris ilinin yekununda yüksək nəticələrin əldə edilməsinə zəmin yaratmışdır.

R. Məmmədov əldə olunan nətcələrdən söz açaraq bildirdi ki, başa çatan tədris ilində rayonun 37 məktəbində təhsil alan 2628 məzundan 2294 nəfəri ali məktəblərə sənəd vermiş və onlardan da 1602-si yüksək  nəticə göstərərək tələbə adı qazanmağa nail olmuşdur. Ali məktəbə qəbul olunanların 238-i 500-dən 600-ə qədər, 107 nəfəri 600-dən 650-ə qədər, 41 nəfəri isə 650 baldan yuxarı nəticə göstərmişdir. Xətai rayonu üzrə ali məktəblərə qəbul 70 faiz təşkil etmişdir ki, bu respublika üzrə ən yüksək göstəricilərdən hesab olunur.

İcra başçısı qəbulda yüksək nəticə göstərən məktəb liseylərdən 278 saylı Zəkalar liseyinin – 95 faiz, 147 saylı texniki-humanitar liseyinin – 88 faiz, Humanitar fənlər təmayüllü məktəb-liseyin – 86 faiz, 261 saylı məktəb liseyin – 82 faiz, Heydər Əliyev adına liseyin – 76 faiz və 264 saylı məktəb-liseyin – 70 faiz adını xüsusi vurğuladı. Qeyd olundu ki, bu məzunlardan tələbə adı qazanmış 10 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 102 məzun müxtəlif xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur.

İcra başçısı çıxışının sonunda xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıya bizim ən yaxşı cavabımız  məzunlarımızın qazandığı uğurlardır.

Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin deputatları – YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Milli Məclisin gənclər komitəsinin sədri Fuad Muradov, rayon polis idarəsinin rəisi Muradəli Babayev,  qəbul faizinə görə ən yüksək nəticə göstərən 287 saylı  Zəkalar liseyinin direktoru, YAP Xətai Rayon Qadınlar Şurasının sədri Aygün Əhmədli və başqaları çıxış edərək bildirdilər ki, bu gün məzunların, məktəblilərin qarşısında duran ən vacib məsələ orta məktəbdə yüksək nəticələr göstərmək, elmi biliklərin əsaslarına dərindən yiyələnmək və yüksək bal toplamaqla ali məktəblərə qəbul olmaqdır. Ölkə rəhbəri tərəfindən bunun üçün respublikanın orta ümumtəhsil məktəblərində hər cür şərait yaradılıb. Qeyd olundu ki, dövlət başçısının səyi ilə ən müasir standartlarla tikilən və təmir olunan, ən yeni texnologiyalarla təmin edilən məktəblərimizdə təhsilin yüksək səviyyədə təşkili müəllim kollektivlərinin də şərəf işi olmalıdır. Çünki yüksək hazırlıqlı məzunların yetişdirilməsində ən məsul vəzifə onların üzərinə düşür.

Tədbirdə bu ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş rayon icra hakimiyyətinin şöbə müdiri Əbülfət Piriyevin mükafatı da ona təqdim olundu.  Medalı sahibinə təqdim edən Xətai Rayon  İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, indiyədək aparatın 9 əməkdaşının əməyi Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş və onlardan 7-si "Dövlət qulluğunda fərqlənməyə görə", 2-si isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Tədbirin növbəti hissəsi isə Azərbaycanın Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının çıxışı ilə başladı. Natiq bildirdi ki, milli qəhrəmanlarımız haqqında bir sıra kitablar yazılmış və filmlər çəkilmişdir. Qəhrəmanlarımızı xalqımıza, xüsusilə yetişməkdə olan gənc nəslə tanıtmaq üçün bizim birliyin təşəbbüsü ilə "Milli qəhrəmanlarımız" adlı kitab hazırlanmış və 2005-ci ildə bu kitab Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Türkiyədə çap olunmuşdur. Qeyd olundu ki, kitabda Milli Qəhrəman adına layiq görülmüş  211 həmvətənimiz var və onlardan 13-ü Xətai rayonunun sakini olmuşdur.

E.Uluxanlı çıxışının sonunda kitabdan bir neçə nüsxə rayon icra hakimiyyətinin başçısına, Milli Məclisin deputatlarına və qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara hədiyyə etdi. Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından 650 və ondan yüksək bal toplayıb tələbə adını qazanmış 41 məzuna və bu  yüksək nəticələrin əldə edilməsində xidməti olan məktəblərin rəhbərlərinə qiymətli hədiyyələr, mükafatlar və fəxri fərmanlar təqdim olundu.

İlqar RÜSTƏMOV, 
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında