Təhsildə qabaqcıl təcrübənin ünvanı – Bərdə

Söhbət rayonda bu sahəyə göstərilən dövlət qayğısından, son illər əldə edilmiş ciddi uğurlardan gedir

Əvvəlcə bəzi statistik rəqəmləri yada salaq. Son 5 ildə rayonda 11 məktəb binası, o cümlədən təhsil şöbəsi üçün inzibati bina tikilib istifadəyə verilmiş, 14 məktəbdə isə əsaslı təmir və bərpa işləri aparılmışdır. Bu il ali məktəblərə sənəd verən 666 məzunlarının 402 nəfəri tələbə adını qazanmışdır. 131 bərdəli gənc  isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 82 nəfər 500-dən yuxarı bal toplamışdır.

Rayon tarixində ilk dəfə olaraq bütün təhsil ocaqlarından məzunlar ali məktəblərə qəbul olunmuşlar. Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyin ali məktəblərə sənəd vermiş 89 yetirməsindən isə 75-i tələbə adını qazanmışdır. Onlardan 13 nəfəri 600-dən, 10-u 500-dən çox bal toplamışdır.

Sadaladığımız bütün bu uğurlar, əlbəttə, öz-özünə yaranmamışdır. Burada, hər şeydən əvvəl, ölkə Prezidenti İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi gündəlik qayğı və diqqətdən, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın "Yenilənən Azərbaycana yeni məktəb" layihəsi əsasında həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, ardıcıl gerçəkləşdirilən islahatlardan və s. ayrıca danışmaq lazımdır. Rayon rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyətinin, təhsil ocaqlarının işinə tələbkar münasibətinin də qazanılan bu uğurlarda önəmli rolu olmuşdur.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə söhbətimizə də elə bu amildən söz salmaqla başladıq. Xatırladaq ki, rayon rəhbəri ixtisasca müəllimdir, tarix üzrə fəlsəfə doktorudur. Necə deyərlər, təhsil sahəsinə dərin bələdlik, müəllim peşəsinə məhəbbət rayon məktəblərinin işini qısa müddətdə yüksək səviyyəyə qaldırmaqda ona yardımçı olmuş, uğurlu nəticələr vermişdir. Müsahibimiz dövlətin təhsil siyasətinin bu gün yerlərdə düzgün yerinə yetirilməsinin nə qədər vacib olduğunu belə açıqladı:

– Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" kəlamı olduqca böyük məna tutumu, tarixi yükü olan strateji formuladır. Gələcəyimizin daha işıqlı, xoşbəxt və təminatlı olması bu gün həmin sahədə həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan, təhsilə, elmə, müəllimə göstərilən diqqət və qayğıdan çox asılıdır. Burada məsələnin başqa tərəfi, daha doğrusu, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, rəhbər pedaqoji kadrların düzgün seçilib- yerləşdirilməsi, yeni nəslin təlim-tərbiyəsinə yüksək məsuliyyət və tələbkarlıq olduqca vacibdir. Son illər Bərdə məktəblərində əldə edilmiş uğurların əsas səbəblərini də məhz burada axtarmaq lazımdır.

Bizi uğura qovuşduran ­yolun yaxın keçmişinə qısaca nəzər salmaq yerinə düşərdi. 2003-cü ildən indiyə kimi rayonda 26 yeni məktəb, onlarla əlavə sinif otağı, yardımçı binalar tikilib istifadəyə verilmişdir. Bunun 3-ü Heydər Əliyev Fondunun rayon məktəblilərinə hədiyyəsidir. Yaradılmış müasir təhsil bazasından bacarıqla istifadə etmək üçün xüsusi tədbirlər kompleksi hazırlanıb həyata keçirilmişdir.

Son illərdə Təhsil Şöbəsinin müdiri, Bərdə şəhər 4, 5, 6, 7 nömrəli, Kətəlparaq, Lənbəran, 1 saylı Nazırlı, Şirvanlı və başqa kənd məktəblərinin rəhbərliyi dəyişdirilmişdir.  Bütün pedaqoji kadrlara tələbkarlıq, tədris prosesinin səmərəli qurulmasına nəzarət artırılmış, ümumi intizam yüksəldilmişdir. Nəticə isə necə deyərlər, göz qabağındadır.

Sonra Vidadi müəllim bizi bir azdan başlayacaq rayon müəllimlərinin yeni dərs ili qarşısında keçirilən ənənəvi konfransına dəvət etdi:

– Yaxşı olar ki, yerinə düşən bu toplantıda iştirak edəsiniz, orda uğurlarımız daha ətraflı təhlil olunacaq, daha irəli getmək üçün işgüzar söhbət açılacaq, bu il rayonumuza tarixi uğur qazandırmış, tələbə olmuş məzunlarımızı təbrik edəcəyik.

Dəvəti yaxşı bir fürsət olaraq qəbul edib konfransda olduq. Toplantıda səslənmiş diqqətçəkən məqamları Bərdə məktəblərində qazanılmış qabaqcıl təcrübə barədə yazımıza əlavə etdik.

Rayon icra hakimiyyətinin başçısı əvvəlcə ali məkbəblərə qəbulla bağlı qazanılmış böyük nailiyyət münasibətilə gəncləri, onların müəllimlərini və valideynlərini  təbrik etdi, bu irəliləyişin rayon üçün əhəmiyyətini dəyərləndirdi. Rayon rəhbəri qeyd etdi ki, mükəmməl təhsil həyat yollarında uğurlu başlanğıc, müvəffəqiyyətin açarı, millətin tərəqqisinin möhkəm təməl daşıdır. Ümummilli lider Heydər Əliyev hər zaman xalqın tərəqqi yolunun təhsil olduğunu bildirmişdir. Məhz buna görə də ulu öndər  bütün fəaliyyəti boyu Azərbaycan təhsilinin hamisi olmuşdur. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi  bu siyasətin nəticəsidir ki, milli təhsil sistemimiz son 13 ildə daim təkmilləşdirilmiş, təhsil ocaqlarının keyfiyyətcə yeni mərhələyə yüksəlişi təmin edilmişdir. Bu dövrdə Azərbaycanda sovetlərin 70 ildən artıq dövründə olduğu qədər məktəblər tikilmişdir. Ölkənin ən ucqar ərazilərində belə müasir məktəblər ucaldılmışdır.

"2011-  2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya"nın həyata keçirilməsi,  əlbəttə, çöx mühüm və əhəmiyyətli hadisədir. Bu tarixi proqram onillik bir dövr ərzində təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və təhsilin tənzimlənməsinin milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiyasını əsas tutur. Ölkə Prezidenti daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların həm ölkə daxilində, həm də xaricdə mükəmməl təhsil almalarına xüsusi həssaslıq göstərir. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir.

Məktəb tikintisi rayonumuzda, əsasən, 2011-ci ildən daha sürətlə həyata keçirilmişdir. Son 5 ildə 11 məktəb binası istifadəyə verilmiş, 14 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Keçən dərs ilində Tükmən kənd tam orta məktəbi üçün 260 şagird yerlik yeni məktəb binası Bilik Günündə istifadəyə verilmişdir. Bu il Təhsil Nazirliyi 8 ünvanda –  Kələntərli, Əliyanlı, Qaradəmirçi, Mirzəxan, Əmirli kənd tam orta, Böyük Qəcər, Piyadalar ümumi, Lək kənd ibtidai məktəblərində əsaslı və 4 təhsil ocağında – Bərdə şəhər 1 və 3 saylı, Şahvəlilər, Əyricə kənd tam orta məktəblərində cari təmir aparılmışdır.

Hazırda dövlət proqramı xətti ilə Bərdə şəhər 2, 5 və 6 saylı məktəblərdə əsaslı təmir davam etdirilir. Bu dərs ilində Xanqaraqoyunlu kənd tam orta məktəbinin yeni tikilmiş bir korpusu, əsaslı təmirdən çıxmış Bərdə şəhər 5 saylı tam orta məktəbi və şəhər 6 saylı tam orta məktəbinin bir korpusu istifadəyə veriləcək.

Ümumtəhsil məktəblərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Həsənqaya kəndində tikilmiş 866 ailəlik qəsəbəyə köçürülməsi ilə əlaqədar həmin məktəblərin əsaslı təmiri və tikintisi üçün kompleks tədbirlər görülməkdədir. Bütün bunlara görə biz ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Sonra rayon rəhbəri təhsil işçilərinin qarşısında dayanan ciddi vəzifələri yada salaraq bildirdi ki, bu gün ümumtəhsil məktəblərinin işi təkcə ondan ibarət deyildir ki, məzunu ali məktəblərə daxil olsun. Əlbəttə, bu başlıca meyardır, lakin əsas vəzifə cəmiyyət üçün hərtərəfli hazırlıqlı vətəndaş yetişdirməkdir. Gənclərin işlə təmin edilməsi ölkəmizdə başlıca prioritet məsələdir, hamıya dəxli olan məsələdir. Rayonumuzda fəaliyyətə başlayan "Avromed", "Asan xidmət"  mərkəzləri ali təhsilli gənclərimizin işlə təminatında az rol oynamamışdır.

Biz müharibə şəraitində olan ölkədə yaşayırıq. Buna görə də hərbi istiqamətdə təhsilini davam etdirən gənclərə çox ehtiyacımız var. Builki məzunlarımızdan 13 nəfəri hərbi məktəblərə qəbul olunmuşdur. Hərbi təhsil üzrə ali məktəblərə 8 nəfər, C.Naxçıvanski adına hərbi liseyə 7 nəfər qəbul olunmuşdur. Mən müharibə şəraitində hərbi məktəblərə qəbul olunmağı özlərinə həyat yolu seçmiş bu gənclərimizə ayrıca təşəkkür edirəm. Ümumiyyətlə, bu il rayonumuzda fəaliyyət göstərən 59 tam orta məktəbin hamısından ali məktəblərə qəbul var. Bu, rayonun tarixinə yazılan uğurdur. Buhəm də daha böyük uğurlar üçün yeni başlanğıcdır. Qarşıdakı dərs ilində bütün qüvvə və səylər nailiyyətləri artırmağa yönəldilməlidir. Əldə olunmuş təcrübə buna ciddi əsas verir.

Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov isə əldə olunmuş uğurlardan konkret faktlarla söz açdı, diqqəti qazanılmış təcrübədən daha səmərəli bəhrələnməyə yönəltdi:

– Əgər 2015-cü ildə ali məktəbə qəbul üçün sənəd verənlərin 53 faizi – 383 nəfər tələbə olmuşdusa, bu il həmin rəqəm 60 faizə, yəni 402-yə yüksəlmişdir. Keçən il 80 nəfər, bu il isə 82 nəfər 500-dən çox bal toplamışdır. Onlardan 31 nəfəri 600 baldan yuxarı nəticə göstərənlərdir. 500-dən yuxarı bal toplayanların sayı 2 nəfər artmışdır. Rayonun 33 məktəbində 500-dən yuxarı bal toplayan məzunumuz olmuş və bütün məktəblərdən ali məktəblərə qəbulumuz olmuşdur.

Sadalanan uğurların qazanılmasında müəllim amilinin ən önəmli rol oynaması şəksizdir. Ötən dərs ilində rayonun ümumtəhsil məktəblərində 3062 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Gənc müəllimlərlə işi həmişə diqqət mərkəzində saxlayan təhsil şöbəsi onları qabaqcıl müəllimlərin himayəsinə vermiş, müxtəlif seminar və treninqlərdə, qabaqcıl müəllimlərin açıq dərslərində onların iştirakı təmin olunmuşdur.

Bizə tapşırılan dövlət və millət əhəmiyyətli vəzifənin məsuliyyətini dərindən dərk etməklə daha yaxşı işləməliyik. Rayonumuzun pedaqoji kollektivləri təhsilimizə göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir. Dövlət başçısını, rayon rəhbərliyini əmin edirik ki, Bərdənin təhsil işçiləri öz missiyalarını qoruyub saxlamaqla, qazandıqları təcrübəni təkmilləşdirməklə ölkəmizə layiqli, bilikli, milli və bəşəri dəyərlərə yiyələnmiş övladlar yetişdirəcəklər. Bu dərs ilində bütün bilik, bacarıq və səylərimizi qazanılan uğurları daha da möhkəmləndirməyə sərf edəcəyik.

Konfransda çıxış edənlər əldə edilmiş uğurlardan doğan ümumi sevinci bölüşdülər, tələbə adı qazananlara ixtisas təhsili sahəsində uğurlar arzuladılar. Müzakirələrdə təhsilin yeniləşdirilməsi, səmərəli təlim üsullarının tətbiqi ilə bağlı bir sıra mülahizələr səsləndi.

Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında