Nəsimi rayonunun məktəbləri yeni dərs ilinə hazırdır

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında rayonda keçən tədris ilinin yekunları və yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə olunmuş, pedaqoji kollektivlərin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilmişdir.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov son illərdə ölkədə milli təhsilin yüksək səviyyəyə qaldırılması ilə bağlı həyata keçirilən ardıcıl dövlət siyasətinin uğurlu nəticələrindən söz açmış, Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın sahənin əsaslı modernləşdirilməsinə göstərdikləri diqqət və qayğıdan danışmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, bu siyasətin məqsədyönlü gerçəkləşdirilməsi  Nəsimi rayonunda da təhsil ocaqlarının normal fəaliyyəti üçün əlverişli şərait yaratmışdır.

Bildirilmişdir ki, ötən dövrdə rayondakı 8 ali, 25 orta məktəbin və 34 məktəbəqədər müəssisəsinin maddi-texniki bazasının yeniləşdirilməsi diqqət mərkəzində olmuşdur. Dövlət başçısının sərəncamlarına, 2014-2016-cı illərdə Bakı şəhərinin və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Nəsimi rayonunun 11 və 268 saylı xüsusi məktəbləri, 52, 102, 119 saylı uşaq bağçaları və eşitmə qabiliyyəti pozulmuş uşaqların ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası, 7 saylı musiqi məktəbi əsaslı təmir edilmişdir. Belə müasirləşdirilmiş təhsil ocaqlarının sırasına bu yeni dərs ili ərəfəsində 247 saylı tam orta məktəb də əlavə olunur. Yay tətili zamanı rayonun bütün orta məktəblərində cari təmir işləri aparılmışdır.

Təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunması, əlavə korpuslar tikilməsi, avadanlığın təzələnməsi təlimin müasirləşdirilməsinə imkan vermiş, yüksək nəticələr qazanılmasını təmin etmişdir. Bu il ali məktəblərə qəbul zamanı Texniki Humanitar Liseyin 28, 54 saylı məktəbin 18, 19 saylı orta məktəbin 16, 5 saylı məktəbin 12, 14 saylı orta məktəbin və Elitar Gimnaziyanın 10 məzunu 500-dən çox bal toplamışdır.

Texniki Humanitar Liseyinin direktoru Səidə Zeynalova rayonun təhsil sahəsindəki uğurlarını daha da artırmaq üçün qarşıda duran işlərdən danışmış, yenicə tələbə adını qazanmış məzunlara uğurlar arzulamışdır. 695 bal toplamış məzun Fatimə Abdinli və 690 balla tələbə olmuş Aidə Qəhrəmanova yüksək uğurlar qazanılmasında məktəblərdə yaradılan hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara Nəsimi Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir. Qarabağ müharibəsi əlillərinin, veteranlarının, aztəminatlı və şəhid ailələrinin 300-ə
yaxın uşağına isə məktəbli forması hədiyyə olunmuşdur.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında