Berlindəki Humbold Universitetində "Azərbaycan müxtəlif mədəniyyətlərin təmas nöqtəsidir" mövzusunda elmi konfrans

Dekabrın 2-də Almaniyanın paytaxtındakı məşhur Humbold Universitetində "Azərbaycan müxtəlif mədəniyyətlərin təmas nöqtəsidir" mövzusunda elmi konfrans keçirilmişdir. Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində keçirilən elmi konfransın işində AFR, Azərbaycan və bir sıra ölkələrdən olan alimlər iştirak etmişdir. Bu ərəfədə həmin universitetdə İçərişəhərə və Qafqaz Albaniyasının mədəni irsinə həsr edilmiş eyniadlı fotosərginin açılışı olmuşdur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova elmi forumun iştirakçılarına təbrik nitqi ilə müraciət etmişdir. O, Humbold Universitetində "Azərbaycan tarixi" kafedrasının açılmasının böyük əhəmiyyət kəsb etməsini vurğulayaraq bu kafedranın avropalıların Azərbaycan dövlətinin zəngin tarixini öyrənmək üçün geniş imkanlar açdığını qeyd etmiş və konfrans iştirakçılarına səmərəli iş arzulamışdır.
Konfransın işi üç seksiyada aparılırdı. Birinci seksiya Qafqaz Albaniyasının tarixi və memarlığı, onun Azərbaycanda islam memarlıq ənənələrinə təsiri mövzusuna həsr edilmişdi. Bu seksiyada AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, AMEA Tarix İnstitutunun tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan Aviasiya Akademiyasının humanitar elmlər kafedrasının müdiri Fəridə Məmmədova "Qafqaz Albaniyası və Alban Apostol avtokefal kilsəsi" mövzusunda, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qoşqar Qoşqarlı "Antik dövr Qafqaz Albaniyasının tarixinin öyrənilməsində arxeologiyanın rolu" mövzusunda, AMEA Tarix İnstitutunun elmi işçisi Ülviyyə Hacıyeva "XIX əsrdə alban katolikosluğunun - patriarxlığının ləğv edilməsi" mövzusunda, Vyana Universitetinin İncəsənət Tarixi İnstitutunun əməkdaşı Anneqred Plontke-Lyuninq, memarlıq doktoru, Azərbaycan Memarlıq-İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova "Orta əsr Azərbaycan memarlıq aspektləri və memarlıq irsinin mühafizəsi problemləri", Azərbaycan Memarlıq-İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Səbinə Hacıyeva "Qafqaz Albaniya-Azərbaycan dini memarlığında xristian və müsəlman motivlərinin simbiozu", Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov "Bakı tarixində bütpərəstlik dövrü (Qız qalası haqqında)" mövzularında məruzələrlə çıxış etmişlər.
Fəridə Məmmədova "Qafqaz Albaniyası və Alban Apostol Avtokefal kilsəsi" mövzusunda məruzəsində vurğulamışdır ki, Qarabağ münaqişəsi başlayandan dərhal sonra - 1989-cu və 1991-ci illərdə Almaniya elmi ictimaiyyəti Qafqaz Albaniyasına həsr edilmiş konfrans keçirən ilk elmi birlik olmuşdur. Həmin illərdə fəal xadimlərdən biri professor Eva-Mariya Aux olmuşdur. O vaxt o, Aida xanım İmanquliyevaya müraciət edərkən əlaqə yaradılmasında kömək göstərilməsini xahiş etmişdi. Ona dərhal bu cür kömək göstərilmiş və alman ekspertləri tərəfindən albanistika məsələlərinin tədqiq edilməsi üçün hər cür şərait yaradılmışdı.
Konfransın ikinci seksiyası Şərq poeziyası və orta əsrlərdə Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilmişdi. Bu seksiyada Berlin Azad Universitetinin professoru, doktor Mixael Raynhard Hess "İmadəddin Nəsiminin ədəbi fəaliyyətinin tədqiqində yeni nəticələr", türkiyəli professor Fatih Usluer "Azərbaycan ədəbiyyatında hürufilik", Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva "Azərbaycan milli identikliyinin formalaşmasında orta əsrlər ədəbiyyatının rolu" mövzusunda məruzələrlə çıxış etmişlər.
Tədbirin üçüncü hissəsində tarix elmləri namizədi Zaur Həsənovun "Çar skifləri: Çar skiflərinin və qədim oğuzların etnik-dil identifikasiya" (İstanbul, 2009) və professor Mixael Raynhard Hessin "İmadəddin Nəsiminin ədəbi fəaliyyəti haqqında" (Aahen, 2009) əsərlərinin təqdimatı olmuşdur.
Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi öz proqramını davam etdirir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında