Berlindəki Humbold Universitetində "Azərbaycan və Almaniya Ali Məktəbləri Günü" forumu keçirilmişdir

Dekabrın 1-də Berlindəki Humbold Universitetində "Azərbaycan və Almaniya Ali Məktəbləri Günü" forumu keçirilmişdir. Forumun moderatorları qismində Humbold Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva-Mariya Aux və Azərbaycanın Ştutqartdakı fəxri konsulu cənab Otto Hauzer çıxış etmişdir.
Forumda Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov və Polşadakı səfirimiz Həsən Həsənov, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, hər iki ölkəni təmsil edən alimlər, eləcə də Almaniya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdir.
Azərbaycanın təhsil naziri Misir Mərdanov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Bundestaqın üzvü Andreas Şokkenhof forum iştirakçılarını salamlamışlar.
Misir Mərdanov öz çıxışında qeyd etmişdir ki, 1998-ci ildən bəri DAAD xətti üzrə və onun dəstəyi ilə Almaniyanın ali məktəblərində hər il təqribən 70 nəfər azərbaycanlı tələbə təhsil alır. İndiyə qədər 800-ə yaxın gənc mütəxəssis AFR ali məktəblərində yüksək səviyyəli təhsil almış, onların əksəriyyəti vətənə qayıtmışdır. Nazir bu sahədə bəzi nöqsanlar olmasını, məsələn, Gürcüstandan və Ermənistandan olan tələbələrlə müqayisədə bu ölkələrin demoqrafiyasındakı fərqə baxmayaraq, Azərbaycanın abituriyentlərinə Almaniya tərəfindən ayrılan təqaüdlərin sayının qeyri-mütənasib olmasını vurğulamışdır. M.Mərdanovun sözlərinə görə Azərbaycan "Tempus" proqramı çərçivəsində Almaniya universitetləri ilə fəal əməkdaşlıq edir. Təhsil naziri tələbələrə təhsildə uğurlar, "Azərbaycan tarixi" kafedrasının müdiri Eva-Mariya Auxa bu günlərdə yaradılmış elmi strukturun işində müvəffəqiyyətlər arzulamışdır.
Keçən il Azərbaycanın AFR-dəki səfirliyinin və Azərbaycan təhsil nazirliyinin təşəbbüsü ilə 4 tədbir keçirilmişdir. 2009-cu ilin fevral ayında Almaniyada Azərbaycan və alman alimləri arasında elmi mübadiləyə həsr edilmiş konfrans keçirilmişdir. Həmin ilin mart ayında Bonnda Almaniya-Azərbaycan iqtisadi forumu, 2009-cu ilin oktyabr ayında Bonnda daha bir simpozium keçirilmiş, həmin simpoziumda Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer iştirak etmişdir. Nəhayət, keçən ilin oktyabr ayında Bakıda AFR və Azərbaycan ali məktəblərinin əməkdaşlarının beynəlxalq forumu olmuşdur. Bu forumda Almaniyanın 30-a yaxın ali məktəbinin professor-müəllim heyətinin üzvləri iştirak etmişdir.
Sonra çıxış üçün söz Bundestaqın üzvü Andreas Şokkenhofa verilmişdir. Deputat forum iştirakçılarını salamlayaraq əmin olduğunu bildirmişdir ki, Almaniya ilə Azərbaycan arasında genişlənən elm və təhsil əlaqələri iki dövlət arasında bütün sahələrdə münasibətlərin müsbət inkişaf dinamikasına hökmən öz təsirini göstərəcəkdir.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Almaniyanın ən nüfuzlu ali məktəbində "Azərbaycan tarixi" kafedrasının açılması münasibətilə forum iştirakçılarını təbrik etmiş və əmin olduğunu bildirmişdir ki, bu elmi mərkəzin işi səmərəli olacaqdır. O xatırlatmışdır ki, bu günlərdə Frankfurt-Maynda Dünya azərbaycanlı gənclərinin birinci konqresi uğurla keçmişdir. Nazir bu forumun iştirakçılarına da eyni uğurları arzulayaraq demişdir ki, Almaniya və Azərbaycan idman sahəsində də fəal əməkdaşlıq edir.
DAAD-ın Bakı ofisinin direktoru Andrey Hötts forum iştirakçılarını salamlayaraq bildirmişdir ki, o, Azərbaycanda səmimi qonaqpərvərliyin şahidi olmuşdur. Məruzəçi DAAD-ın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. Onun sözlərinə görə bu il 250 nəfərə yaxın Azərbaycan aplikantı DAAD təqaüdü almaq üçün müraciət etmişdir. Bu cür sifarişlərin sayı ilbəil artır. DAAD Azərbaycan vətəndaşlarına təqaüd verilməsi üçün hər il təqribən yarım milyon avro xərcləyir. Hötts demişdir: "Bu il biz təqribən 50 təqaüd ayırmaq niyyətindəyik. Bu təqaüdləri universitetlər üzrə bölüşdürmək o qədər də asan deyil, çünki hazırda Almaniya ali məktəblərində islahatlar aparılır. Buna baxmayaraq çalışırıq ki, ayrılan təqaüdlərin sayı azalmasın".
Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev rəhbərlik etdiyi ali məktəblə Maynts Universiteti arasında həyata keçirilən müştərək layihələrdən söz açmışdır. Bu cür tədbirlərdən biri "Kitabi-Dədə Qorqud" dastanına həsr edilmişdir. Növbəti simpozium Mayntsda keçiriləcəkdir. Bu cür simpoziumlar gələcəkdə də davam etdiriləcəkdir. Layihə 10 il müddətinə nəzərdə tutulmuşdur. Bu müddətdə hər iki ildən bir "mədəniyyətlərin dialoqu" çərçivəsində simpoziumlar keçiriləcəkdir. Həmin simpoziumların məqsədi qədim türk dastanı "Kitabi-Dədə Qorqud"u Almaniyada və "Niberlunqlar haqqında nəğmə" eposunu Azərbaycanda populyarlaşdırmaqdır.
Azərbaycanın Ştutqartdakı fəxri konsulu cənab Otto Hauzer vurğulamışdır ki, bu universitetdə Azərbaycan tarixi kafedrasının açılması və bütövlükdə azərbaycanşünaslığın xaricdə populyarlaşdırılmasına ayrılan diqqət Azərbaycan dövlətinin ən uğurlu investisiyalarından biridir.
Köln Universitetinin professoru Rza Təlabi-Dəryani çıxışında müxtəlif universitetlər arasında tələbə mübadiləsini stimullaşdıran "Tempus" proqramı barədə danışmış, Azərbaycanın bu cür mübadilə sxemlərinə əsaslanan əməkdaşlıqdan bəhrələnə biləcəyini vurğulamışdır.
Sonra DAAD-ın şərq proqramları şöbəsinin müdiri doktor Peter Hiller təmsil etdiyi proqram barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan DAAD üçün prioritet istiqamətlərdən biridir. DAAD-ın Azərbaycandakı əsas tərəfdaşı Təhsil Nazirliyidir. DAAD-ın Bakıdakı ofisi Azərbaycan Texniki Universitetində yerləşir və ona Andrey Höttse rəhbərlik edir. Peter Hiller Texniki Universitetin binasında bu ofis üçün pulsuz yer ayrılmasını təşkil etmiş Texniki Universitetin rektoruna təşəkkürünü bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan dövləti təhsil üçün böyük vəsait ayırmaqda çox düzgün hərəkət edir.
Humbold Universitetinin professoru İnqerborq Baldauf "VW-Stiftung" Folksvagen Fondunun Qafqazdan və Orta Asiyadan olan tələbələrin təhsilinə sponsorluq sahəsində işi barədə danışmışdır. Bu fondun digər nümayəndəsi Matiyas Nollenburq fondun fəaliyyətinin təqdimatını davam etdirmiş və bu təşkilatın DAAD-dan fərqli olan cəhətlərini göstərmişdir.
Daha sonra Bakıdakı Texniki Yardım Cəmiyyətinin nümayəndəsi Kristian Şnayder çıxış etmişdir. O, Almaniya ali məktəblərinin məzunlarının təhsili başa vurduqdan sonra vətənə qayıdıb orada işləməsi barədə məlumat vermişdir. Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlham Mədətov azərbaycanlı tələbələrin xaricdə təhsil almasının Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratiyanın möhkəmlənməsi üçün vacibliyini vurğulamışdır. "Youth for Understangding" təşkilatının nümayəndəsi Andre Haberset tələbə mübadiləsi mövzusuna toxunmuşdur. "Avropa-Azərbaycan" təşkilatını təmsil edən Şahin Neməti-Nasab gənclərin öz gələcəyini necə qurmalı olduğu barədə fikirlərini bölüşmüşdür.
Sonra Almaniya ali məktəblərində təhsil alan azərbaycanlı tələbə və doktorantlar öz layihələrini təqdim etmişlər. Məruzələrdə toxunulmuş mövzular ətrafında yaranmış canlı diskussiyalarda foruma toplaşanlar fəal iştirak etmişlər.
Almaniyada Azərbaycan elm və mədəniyyət həftəsi öz proqramını davam etdirir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında