Azərbaycanın təhsil sahəsində əldə etdiyi uğurlar qürur doğurur

Yeni dərs ili qarşısında

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərib. Bu gün həyatımızın hansı bir sahəsinə diqqət yetirsək, xalqımızın böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görərik. Ümummilli lider XX əsrin sonu və XXI əsrin əvvəllərində böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi bəlalardan qoruyub, iqtisadiyyatımızı, beynəlxalq əlaqələrimizi, milli birliyimizi möhkəm təməllər üzərində quraraq bizə əmanət edib. Xalqımız hər zaman ulu öndərin xatirəsini əziz tutacaq, onun dövlətçilik ideallarını qoruyub yaşadacaqdır.

Ümummilli lider təhsilin inkişafına da həmişə  böyük qayğı və diqqət göstərib. Azərbaycanda təhsil sisteminin dövrün tələblərinə uyğun yenidən qurulmasında, formalaşmasında, dinamik inkişafında, milli kadrların hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri danılmazdır.

Dahi şəxsiyyətin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilimizin məzmunca təkmilləşdirilməsi,  müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasını özündə daşıyan tədris proqramlarının, çoxsaylı dərsliklərin hazırlanması, ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilə bağlı müsbət nəticələr qazanılır.

Azərbaycanda təhsil sahəsində görülən işlərdən və aparılan islahatlardan danışarkən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamının mühüm önəmini vurğulamaq istərdim. Xatırladım ki, təhsilin inkişafı,  müəllim peşəsinin nüfuzunun artırılması adıçəkilən strategiyanın əsas hədəflərindəndir və bununla bağlı qısa zaman ərzində əldə edilən nailiyyətlər qürurvericidir. İndi diqqətə çatdırmaq istədiyim bəzi faktlar da bunun bariz ifadəsidir. Bu gün yüksək nəticə ilə məzun olan məktəblilər üçün hazırlanan xüsusi təqaüd proqramı təhsil sistemində Azərbaycan təcrübəsinin əvəzedilməz nümunəsi hesab edilir. Müəllimlərin ixtisaslarının artırılması, nöqsanların müəyyənləşdirilməsi üçün diaqnostik qiymətləndirmələrin aparılması ölkə tarixində bir ilk olaraq yüksək qiymətləndirilir. Bu qiymətləndirmə Təhsil Nazirliyində yeni islahatların aparılması ilə yanaşı, müəllimlərin yeni bilik və bacarıqlara yiyələnmələrinə də müsbət təsir   göstərir.

Məlumdur ki, təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır. Bu sahədə Azərbaycan təcrübəsi xüsusilə diqqət çəkir. Belə ki, 2013-cü ildən  Təhsil Nazirliyi mərkəzləşdirilmiş imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb və bu, hazırda uğurla davam etdirilir.

Bütün bunlarla yanaşı, onu da xatırlada bilərəm ki, hazırda mədəniyyətlərarası təlim, tolerantlıq və qarşılıqlı hörmət tədris sisteminin mərkəzində dayanır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə insanlar arasındakı kommunkiasiyanın daha da genişlənməsi gələcək dünyamızın əsas xarakterik xüsusiyyətlərindəndir. Bu, şübhəsiz ki, təhsil sistemində özünü bariz şəkildə göstərəcəkdir.

Milli dəyərlər, tarix və mədəniyyət təhsildə ən vacib elementlər olaraq qalmaqla yanaşı, tədrisin beynəlxalq səviyyəyə yüksəldilməsinə hər zaman əhəmiyyət verilməlidir. Qeyd etdiyim bu məsələ hazırda təhsil islahatlarının   reallaşdırılmasında qarşıda mühüm vəzifə kimi durur.  

Prezident İlham Əliyev ­sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu məsələlərin həllində, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə gənclərin böyük potensialından rasional istifadədə görür. Azərbaycanın innovasiyalı inkişaf strategiyası qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum şəkildə istifadə olunmasını zəruri edir. Təsadüfi deyil ki, Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti də məhz bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla, yeni çalarlarla davam etdirilir.

Məlumdur ki, dövlətin gənclər siyasəti - yeni nəslin öz bilik və bacarıqlarının, potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını, cəmiyyətə xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyənləşdirilən prioritetlər, habelə həyata keçirilən kompleks tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını, eyni zamanda,  məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin hazırda qarşıya qoyduğu əsas prioritetlər sırasında yer alır.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, elmi, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanan gənclər, könüllülər, sahibkarlar, gənc alimlər, tələbələr və gənclər təşkilatlarının nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlər, qəbullar xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlər zamanı dövlətimizin başçısı gənclərin arzu və istəklərini dinləyir, ideyaları ilə tanış olur, lazımi tapşırıqlar verir, tövsiyələrini çatdırır. Bu il yanvarın 29-da ­Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi səmimi görüş, gəncliklə bağlı proqram xarakterli çıxışı böyük maraq və rezonans doğurub. Cənab Prezident müasir dövrdə təhsilin və elmin ölkənin inkişafında həlledici rolunu diqqətə çatdıraraq deyib: “...Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir... Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq. Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır…”.

Təhsilin inkişafından, bu sahəyə göstərilən qayğıdan danışarkən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərə, görülən işlərə də qısaca nəzər salmaq istərdim. Xatırladım ki, fond Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, təhsilin dinamik inkişaf etdirilməsi, uşaq müəssisələrinin infrastrukturunun yenidən qurulması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılması, respublikanın yaradıcı və elmi potensialının artırılması yönündə də səmərəli fəaliyyət göstərir. 

 Heydər Əliyev Fondu ötən illər ərzində valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Fond “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublikamızda 30-dan çox uşaq evi və internat məktəbinin yenidən qurulmasını və əsaslı təmirini həyata keçirib. Ən əsası isə fond valideyn qayğısından məhrum olan körpələri və uşaqları əsl ailə qayğısı ilə əhatə edib.

Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində dövlətin təhsil sahəsindəki layihələrinə və islahatlarına dəstək olaraq müxtəlif tədbirlər həyata keçirir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin yüksəldilməsi istiqamətində proqramlar reallaşdırır. Fond, həmçinin xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyasına yönələn proqramlar gerçəkləşdirir. Bu baxımdan fondun dəstəyi ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil edilən sosialyönümlü tədbirləri nümunə göstərmək olar.

 Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri vətəndaşların Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Şübhəsiz, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında onlarla yeni məktəb binası inşa olunub və müasir avadanlıqlarla təchiz edilib. Bütün bunlar isə hər kəsin Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırıb.  

Elmira ƏLƏKBƏROVA,
Bakı şəhərindəki 87 saylı tam orta
məktəbin direktoru, respublikanın
qabaqcıl təhsil işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında