Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın təhsil siyasəti bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsil sahəsi sürətlə inkişaf etmiş, milli təhsilimizin dünyaya inteqrasiyası sürətlənmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar məktəb tikintisi və köhnə məktəblərin əsaslı təmirinin də sürətlənməsini təmin etmişdir. Bu gün də Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir. Ölkəmizdə yeni tikilən, əlavə korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin sayı ilbəil artır.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.
Məktəb tikintisi ilə bağlı qəbul olunmuş dövlət proqramları bu sahədə sürətli inkişafı təmin etmişdir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə, eyni zamanda, mövcud məktəblərin əsaslı təmirinə xüsusi diqqət yetirilir.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində görülən işlər nəticəsində ikinövbəli məktəblərin sayı xeyli azalmışdır. Bu gün Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binası tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin. Ötən il 92 təhsil müəssisəsi üçün yeni bina tikilmiş, 64 təhsil müəssisəsinin binası əsaslı təmir olunmuş və 50 təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması vəziyyətin daha da yaxşılaşmasına imkan yaratmışdır. Ümumilikdə, son 10 il ərzində Azərbaycanda 2900-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.
Prezident İlham Əliyev ötən il Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki yeni məktəbin açılışında demişdir: "Bir daha demək istəyirəm ki, son on il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır."
Təkcə əsaslı təmir işləri ilə yanaşı yeni məktəblərin də istifadəyə verilməsi nəzərdə tutulur. Bakıdakı 200 nömrəli məktəb-lisey paytaxt əhalisinin ən sıx məskunlaşdığı ərazidə yerləşdiyinə görə təhsil müəssisəsi üçün yeni tikilən bina müasir tələblərə uyğun inşa olunmuşdur. 3000 şagird yerlik layihələndirilmiş və 25000 kvadratmetr sahəsi olan təzə məktəb tədris ilində istifadəyə veriləcək. Bu il Bakının qəsəbələrində də bir neçə yeni məktəb istifadəyə veriləcək.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq ayrı-ayrı rayon mərkəzlərində və kəndlərdə də yeni məktəblər istifadəyə veriləcək. Məsələn, Masallı rayonunun dörd kəndində təzə məktəb binaları inşa edilib.
Yeni dərs ilində istifadəyə veriləcək 140 şagird yerlik Dəlləkoba və Çayqırağı, 180 şagird yerlik Şatroba və 120 şagird yerlik Zuvand kənd orta məktəblərinin yeni binalarının tikintisində son tamamlama işləri görülür.
Qeyd edək ki, son üç ildə Masallı rayonunda 36 məktəb binası tikilib istifadəyə verilib, 7 təhsil ocağı isə əsaslı təmir olunub.
1500 nəfərdən çox sakini olan Hil kəndi Qusar rayonunun ən böyük kəndlərindən sayılır. Hazırda Hil kəndində inşası tamamlanan yeni məktəb binası bu kəddə üçüncü məktəbdir. Ümumilikdə son 5 ildə Qusarda 40 yeni məktəb binası tikilib.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Salyan rayonunun Boranıkənd yaşayış məntəqəsində ikimərtəbəli, 220 yerlik yeni məktəb binası tikilib.
Rayonun Quyçu, Yolüstü və Qarabağlı kəndlərində inşa edilmiş yeni təhsil ocaqları müəllim və şagirdlərin istifadəsinə verilmiş, Salyan şəhərinin "Plastik" yaşayış massivində də yeni məktəb binası inşa edilmişdir.
Təhsil ocağını fasiləsiz elektrik enerjisi, içməli su və istilik sistemi ilə təmin etmək üçün ərazidə elektrik transformatoru quraşdırılır, qazanxana və 100 kubmetrlik su anbarı inşa edilib. Eyni zamanda, kommunikasiya xətlərinin çəkilməsi də davam etdirilir.
Əlbəttə, son dövrlər çətin iqtisadi vəziyyətə baxmayaraq, ölkəmizdə sosial layihələr uğurla həyata keçirilir. O cümlədən yeni məktəb tikintisi.
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.