Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə dekabrın 1-də "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri metodoloji məsələləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır.
Akademik, Dövlət mükafatı laureatı Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir AMEA-nın Rəyasət Heyətinin binasında keçirilir. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Özbəkistan və başqa ölkələrdən tanınmış ədəbiyyatşünas alimlər də iştirak edirlər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq, qonaqları salamlamış, elmi konfransın əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, müstəqilliyinin ikinci onilliyini tamamlamaq ərəfəsində olan müasir Azərbaycan öz sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Müasir elmi nəzəriyyələrə görə, cəmiyyətin sosial-istisadi sahəsi digər sahələrlə sıx bağlıdır və onların inkişafı bir-biri ilə necə uyğunlaşmasından çox asılıdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi mühüm əhəmiyyət kəsb edir. Akademiyanın prezidenti vurğulamışdır ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatıbsa, sosial-mədəni, siyasi, ideoloji və başqa sahələrdə də ciddi yeniləşmə olmalıdır. Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsinin əsas məqsədlərindən biri bu zərurəti peşəkar səviyyədə elmi ictimaiyyətə çatdırmaqla yanaşı, konkret fəaliyyət proqramları yaratmaq ehtiyacının vacibliyini göstərməkdir. Məqalədə milli humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən effektiv humanitar texnologiyalar, milli-mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılmış, humanitar və ictimai elmlərin qarşısında duran vəzifələrin prioritetləri konseptual olaraq müəyyənləşdirilmişdir. Beynəlxalq elmi konfransın akademik Bəkir Nəbiyevin anadan olmasının 80 illik yubileyinə həsr olunduğunu diqqətə çatdıran M.Kərimov bildirmişdir ki, adı çəkilən məqalədə irəli sürülən məsələlərin yerinə yetirilməsi üçün Akademiyanın qarşısında duran əsas vəzifələrdən biri müxtəlif tədqiqat sahəsində çalışan alim və mütəxəssislərin elmi fəaliyyətlərinin əlaqələndirilməsinə, həmçinin elmi tədqiqatların ayrı-ayrı fənn predmetlərindən çıxarılıb kompleks problem mövzular üzrə aparılmasına nail olmaqdır.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyevin "Ədəbiyyatşünaslıq müasir humanitar düşüncə kontekstində" mövzusunda məruzəsi dinlənilmişdir. Natiq müstəqillik illərində ədəbiyyatşünaslığımızın inkişafına təkan olan bir məsələni xüsusilə qabardaraq demişdir ki, 60-70-ci illərdə klassik və müasir yazıçılarımızın, mədəniyyət xadimlərimizin yubileylərinin yüksək dövlət səviyyəsində qeyd edilməsi onların dünyada tanıdılmasında mühüm rol oynadığı kimi humanitar fikrimizin də milli mənəvi hüdudlarını genişləndirmiş, "vahid forma" anlayışının sərhədlərini dağıtmışdır.
B.Nəbiyev vurğulamışdır ki, Azərbaycanın müstəqillik illərində keçirilən bu tipli tədbirlər yeni məna kəsb etmişdir. "Kitabi-Dədə Qorqud-1300" və "Füzuli-500" yubileyləri ilə bağlı tədqiqatlar, nəşrlər və digər səpkili tədbirlər milli özünüdərkə, milli birliyə əsaslanırdı. Bu istiqamətdə ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü müdrük dövlətçilik siyasəti səviyyəsinə qaldırdığı ədəbi-mədəni tədbirlər elmimizi Azərbaycanın dünya birliyində tanınmasına, türk mənəvi birliyinin formalaşması prosesinə yönəltmişdir.
Akademik çağdaş nəzəri-metodoloji araşdırmalarda uğur qazanmağın yollarından danışaraq bildirmişdir ki, bu, ümumən humanitar fikrə məxsus metodoloji problemləri dünyanın aparıcı elmi fikri kontekstində araşdıraraq perspektivləri müəyyənləşdirməkdən, milli ədəbi fikrin özünəməxsus ədəbi-estetik qanunauyğunluqlarını üzə çıxarmaqdan ibarətdir. Tarixi ədəbi prosesin bəşəri dəyərlər zəminində dövrləşdirilməsində, qiymətləndirilməsində mövcud nəzəri konsepsiyalarla milli ədəbi təcrübənin yekunlarının vəhdətdə götürülməsi müasir nəzəri-metodoloji böhrandan çıxmağın səmərəli yoludur. Natiq diqqətə çatdırmışdır ki, istər Azərbaycan, istərsə də postsovet məkanında XX əsr (sovet dövrü) ədəbi irsini öyrənməkdə yeganə prinsip tarixiliyi önə çəkmək, bu əsrdə yaranan ədəbi irsin elmi-nəzəri təsnifini sərhədlərini müəyyənləşdirmək, onun tarixi mərhələlərini obyektiv təhlil etmək sahəsində görüləsi işlər çoxdur. Siyasi qəliblər, siyasi sifarişlər əsasında yaranan ədəbiyyatı, bir də XX əsr dünya ədəbi prosesi ilə səsləşən milli və bəşəri məzmunu özündə birləşdirən XX əsr ədəbiyyatını fərqləndirmək lazımdır.
B.Nəbiyev əmin olduğunu bildirmişdir ki, ədəbiyyatşünaslığımızın yeni təhlil və qiymətləndirmə prinsiplərini hazırlamaqda dünyanın aparıcı filoloji elmi mərkəzləri ilə qarşılıqlı əməkdaşlığın növbəti faktı kimi bu konfrans yeni və səmərəli elmi qənaətləri ortaya çıxaracaqdır.
Konfransda Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun baş elmi işçisi, İncəsənət Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Yuri Borev "Bəşəriyyətin və bəşər varlığının mahiyyəti və idealları", Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun RF və MDB xalqları şöbəsinin müdiri Kazbek Sultanov "Ritorik fiqur, yoxsa, özünütəyin amili", Rusiya Dövlət Sənətşünaslıq İnstitutu direktorunun müavini, fəlsəfə elmləri doktoru, professor Nikolay Xrenov "Siyasi mif bədii yozumda: kinematoqraf tarixin mifologizasiyası və demifologizasiyası rolunda", Ege Universiteti Ədəbiyyat fakültəsinin professoru Yavuz Akpınar "Azərbaycanda milli tarix anlayışı və bunun ədəbiyyat tarixində əks olunması", Özbəkistan Milli Universitetinin özbək klassik ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayev "Orta Asiya ədəbi tarixinin öyrənilməsinin metodoloji əsasları və onun dövrləşdirilməsi prinsipləri" mövzularında məruzə etmişlər.
Konfrans dekabrın 2-də öz işini davam etdirəcəkdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.